Məhkəmə qərarları › İş №2(051)-473/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-473/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-473/2025 09.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: Akmedov Magerramın iştirakı ilə, İddiaçı Akmedov Magerramın Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 8500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 105 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehdən 3400 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehi xeyli müddətdir tanımışdır. Əvvəl aralarında olan münasibətlər normal olmuş və cavabdeh özünü ona diş həkimi kimi təqdim edərək onun dişlərini düzəltmək adı ilə ondan xeyli miqdarda pul almışdır. Cavabdeh X3 əvvəllər də onun dişlərini uğursuz qaydada müalicə etsə hər dəfəsində müxtəlif bəhanələr gətirməklə onu aldadaraq etibarından sui-istifadə etməklə özunə inandırmışdır. Sonuncu dəfə isə onun sadəlövhlüyündən istifadə etməklə ona xeyli ziyan vurmuşdur. Belə ki, cavabdehin hərəkətləri nəticəsində o həm dişlərindən olmuşdur, həm pul vermişdir, həm də ağzından çıxan qızıl dişlər cavabdeh tərəfindən satılmışdır. Artıq 10 aya yaxın bir vaxtdır ki, dişsiz qalmışdır və bu şəxsin əsassız sözləri səbəbindən şorbadan (supdan) başqa bir yemək yeyə bilməmişdir. X5 hərəkətləri nəticəsində 8500 manat ziyan dəymişdir. Bundan əlavə sonradan ona məlum oldu ki, sözügedən şəxs diş həkimi deyil və qanunsuz olaraq bu fəaliyyətlə məşğul olmaqla iddiaçının pulunu mənimsəmişdir. O maddi ziyanla bərabər mənəvi ziyan da çəkmişdir və yollarda çəkdiyi xərclər hesablanarsa məbləğ tələb etdiyindən iki qat çox olmalıdır. Cavabdeh onun etibarından sui-istifadə etməklə əldə etdiyi pulu qaytarmaqdan imtina edir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-473/2025 saylı, xx.xx.2025-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia təmin edilmiş, Cavabdeh 3.400 manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 54 manat məbləğində pulun İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə iş üzrə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, qiyabi qətnamənin ləğvini xahiş etmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, material üzrə aparılmış araşdırma zamanı Cavabdeh qızıl dişlərini müalicə edərək X1 3400 manat dəyərində olan 16 ədəd qızıl dişlərini almış, lakin sonradan aralarında dişlərin düzəldilməsi üçün razılaşma olmasına baxmayaraq sonradan dişlərin düzəldilməsi ilə bağlı olaraq aralarında narazılıq yaranmışdır. Nəticədə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh iddiaçıdan xidmət göstərməsi məqsədilə 3400 manat dəyərində 16 ədəd qızıl dişini təhvil almış və onun dişlərini düzəltməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməmiş və sözügedən 16 ədəd qızıl dişi sahibi olan iddiaçıya geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 3400 manat dəyərində qızıl dişlərin verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, cavabdeh iddiaçıdan 3400 manat dəyərində 16 ədəd qızıl dişini almış lakin cavabdeh aralarında dişlərin düzəldilməsi üçün razılaşma olmasına baxmayaraq sonradan dişlərin düzəldilməsi ilə bağlı aralarında narazılıq yaranmış, ona görə də iddiaçı bu əsasla müvafiq polis orqanına müraciət etmiş, cavabdeh isə Yusubov X2 Magerramdan 16 ədəd qızıl diş alması faktını istintaq orqanına verdiyi izahatında təsdiq etmişdir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi puldan 54 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3.400 (üç min dörd yüz) manat məbləğində pul və dövlət rüsumunun 54 (əlli dörd) manat məbləğində hissəsi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar