Məhkəmə qərarları › İş №2(051)-48/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-48/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-48/2022 26.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı: İddiaçı cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı «Vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yararsız vəziyyətə düşmüş əmlakın dəyəri, mənzilinin hamam və tualetinin bərpası, təmir işlərinin dəyəri və mənəvi zərərə görə cəmi 2000 (iki min) manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi zərərə görə 2000 (iki min) manat, mənəvi zərərə görə isə 2000 (iki min) manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, Mingəçevir şəhəri Nizami küçəsi 23 №li evin 6№li mənzilində yaşayır. Cavabdehlərlə qonşudurlar. Yaşadığı binanın 3 saylı mənzilində yaşayan Cavabdeh1 evində apardığı təmir nəticəsində onun yaşadığı mənzilin divarı deşilmiş, vanna otağında və tualetində kafeli, unitazı, su borularını və krantı yarasız vəziyyətə salmışdır. Cavabdehlərdən onun mənzilini təmir etdirmələrini tələb etsə də, razılaşmamışlar. Bununla bağlı Polis Şöbəsinə müraciət etmiş, lakin oradan bunun mülki məsələ olduğunu və məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Buna görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi zərərə görə 2000 (iki min) manat, mənəvi zərərə görə isə 2000 (iki min) manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Nizami küçəsi 23№li evin yuxarı mərtəbəsində yerləşən 6№li mənzilində iddiaçı, həmin evin aşağı mərtəbəsində yerləşən 3№li mənzilində isə onlar yaşayırlar. Yaşadıqları mənzilə daim su sızaraq mənzili pis vəziyyətə salır. Mənzilə suyun haradan tökülməsini müəyyən etmək üçün Mənzil İstismar Sahəsinin rəisi Ramil müəllimə müraciət etmişlər. Rəis də usta göndərdi. Usta belə qənaətə gəldi ki, su yuxarı mərtəbədə yerləşən mənzildən, İddiaçı yaşadıqları mənzildən gəlir. Usta onun əri ilə birlikdə Sənangilin mənzilinə getdilər. Su xəttini Sənan hördüyünə görə görmək mümkün olmamışdı. Ona görə də usta məcbur olub həmin kərpicləri sökmüşdü. Sonra usta kərpicləri yerinə qoymuşdur. Lakin Sənan onlarla mübahisə edib mənzildən çıxarmışdır. Səhəri gün əri yenə sökülən yeri suvayıb rəngləmək üçün getmiş, lakin Sənan onu mənzilə buraxmamışdır. Usta kərpici söküb, sonra yerinə qoyan zaman iddiaçının mənzilində yerləşən tualetdə olan unitaza və kafelə heç bir ziyan dəyməmişdir. İddianın təmin olunmamasını xahiş edir. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Nizami küçəsi 23 saylı evin, 6 saylı, 3 otaqlı mənzilinə İddiaçı 1/3 hissədə, X1 1/3 hissədə, X2 1/3 hissədə mülkiyyət payı qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə muhəndis-texniki ekspertizanın 24 fevral 2022-ci il tarixli, 10/6277 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin hamam və tualetində(sanitar qovşağında) əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 56,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İddiaçı tələbində cavabdehlərin hərəkətləri nəticəsində 2000 (iki min) manat məbləğində maddi zərər vurulduğunu bildirərək həmin zərərin ödənilməsini tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/6277№li, 24 fevral 2022-ci il tarixli rəyindən görünür ki, iddiaçının mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 56 (əlli altı) manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehlərin hərəkəti nəticəsində mənzilindəki su boruları, krant, unitaz və kafel-metlaxlara zərər vurulduğunu bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini sübut kimi qəbul edərək hesab edir ki, iddia maddi zərərin ödənilməsi tələbinə dair hissədə qismən təmin olunmalı, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 56 (əlli altı) manat alınıb iddiaçıya verilməlidir. İddiaçı, həmçinin, tələbində cavabdehlərin hərəkətləri nəticəsində ona 2000 (iki min) manat məbləğində mənəvi zərər vurulduğunu bildirərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən 2000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər-insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində göstərilir kİ, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 2-ci bəndində, həmçinin, göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçı barəsində şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsi və ya ona qarşı şərəf və ləyaqətini alçaldacaq hər hansı bir hərəkət etməsi iş materialları ilə öz əksini tapmamışdır. Cavabdehin hərəkətlər nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ekspertiza xərci olan 100 manatdan 50 manat iddiaçıdan, 50 manat cavabdehlərdən alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X5 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 56 (əlli altı) manat alınıb, İddiaçı verilsin. İddia mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manatdan 50 (əlli) manat iddiaçıdan, 50 (əlli) manat cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar