Məhkəmə qərarları › İş №2(051)-509/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-509/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-509/2021 09.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı «Pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 709.93 ABŞ dolları məbləğdə əsas, 569.03 ABŞ dolları məbləğdə faiz borcu, 43.55 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 1322.51 ABŞ dolları məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT) etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 BOKT «xxxx» MMC ilə xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlayaraq, 12 ay müddətinə, aylıq 2.67%, illik 32 faiz dərəcəsi olmaqla qızılzinət əşyalarının alınması məqsədiylə 2600 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatının üsulu kimi həmin tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, banka ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmamış və onların banka 709.93 ABŞ dolları məbləğdə əsas, 569.03 ABŞ dolları məbləğdə faiz borcu, 43.55 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 1322.51 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən borclulardan 709.93 ABŞ dolları məbləğdə əsas, 569.03 ABŞ dolları məbləğdə faiz borcu, 43.55 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 1322.51 ABŞ dolları məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub BOKT «xxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015ci il tarixdə BOKT «xxxx» MMC ilə L-MN-0034734-F saylı kredit müqaviləsi bağlayaraq, 12 ay müddətinə, aylıq 2.67 faiz, illik 32% dərəcəsi olmaqla 2600 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq, həmin tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə, zamin bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş BOKT «xxxx» MMC-nin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 həmin tarixdə BOKT «xxxx» MMC-nə cəmi 1322.51 ABŞ dolları məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı borcalana krediti ödəmədiyi üçün 43.55 ABŞ dolları məbləğdə cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 43.55 ABŞ dollar məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MMnin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 5 ABŞ dolları miqdarda dəbbə pulu alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. İddia ərizəsindən göründüyü kimi cavabdehlərdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində borclulardan alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 709.93 ABŞ dolları məbləğdə əsas, 569.03 ABŞ dolları məbləğdə faiz borcu, 5 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 1283.96 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehlərdən tutulub Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar