Məhkəmə qərarları › İş №2(051)-523/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-523/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-523/2024 17.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində pulun və 38.50 (otuz səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, çoxdan tanıdığı Cavabdeh xx.xx.2020-ci ildə qısa müddətə qaytarmaq niyyəti ilə ondan 1000 manat pul alaraq, hər ay 200 manat olmaqla borcunu geri ödəyəcəyini bildirmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə 400 manat və xx.xx.2020-ci il tarixdə 450 manat məbləğində borc pul almış və bu barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdehdən borc verdiyi cəmi 1850 manatı ala bilmir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Odur ki, Cavabdeh 1850 manat məbləğində pulun və 38.50 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, iştirakı olmadan işə baxılmasını, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və mülki iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında izahatı zamanı iddiaçıdan ümumiyyətlə pul almadığını, yazılan qəbzlərin isə onun tərəfindən yazılmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1000 (bir min) manat məbləğində borc pul almış və həmin pulu hər ay 200 manat olmaqla, qaytarması barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 400 manat məbləğində borc pul almış və həmin pulu hər ay 100 manat olmaqla, qaytarması barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 450 manat məbləğində borc pul almış və həmin pulu əmək haqqısından qaytarması barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/408 saylı rəyindən görünür ki, əl yazması ilə icra olunmuş qəbzlərdə yazılar və “imza” yazısının qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə tərəflər arasında olan işin müəyyən olunmuş hallarına qiymət verərək müəyyən etdi ki, iddiaçının cavabdehə müxtəlif vaxtlarda cəmi 1850 manat pul vermiş, cavabdehin isə həmin pul məbləğlərini almaq üçün imzalanan qəbzlərin onun tərəfindən icra edilmədiyi əsasını gətirərək həmin məbləği qaytarmaqdan yayındığından, iddiaçının haqlı olaraq həmin məbləği tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində borcun pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 110 manat pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində borc pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38.50 (otuz səkkiz manat əlli qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat pul Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar