Məhkəmə qərarları › İş №2(051)-537/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-537/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-537/2025 15.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 5000 manat pulun və 71 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehi tanıyır. Hazırda N saylı hərbi hissədə hərbi xidmətdə işləyir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan 5000 manat borc alaraq xx.xx.2024-cü il tarixdə qaytaracağını öhdəsinə götürmüş və vəsiqəsinin surətinə borcunu qeyd edərək bu barədə qəbz vermişdir. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəmir. O, dəfələrlə borcunu ödəməyi təklif etsə də cavabdeh müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən imtina etmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçını iş yoldaşı vasitəsilə tanımış və iş yoldaşının vasitəsi ilə də ondan cəmi 700 manat borc pul almış, Ona həmin pulu faizlə verilmişdir. O, həmin 700 manat puldan hər ay 200 manat olmaqla, 2 ay ödəmiş, ona onun üzərinə gəldiyi faizi hesablanmasa, 300 manat borcu qalmışdır. Lakin üzərinə faiz gəlmiş, o, ödəyə bilməmişdir deyə, həmin məbləğ 1500 manat olduqda, ona işə əlavə edilmiş qəbzi yazdırdı, guya o, iddiaçıdan 5000 manat borc almışdır. Cavabdeh bu qəbzi özünü sığortalamaq üçün yazdırmışdır. Halbuki, o, cavabdehdən cəmi 700 manat borc almış, onun 400 manatını isə qaytarmışdır. Onun iddiaçıya cəmi 300 manat borcu qalmışdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, qəbzi özü şəxsən yazmış və imzalamış, borcunun qaytarılması ilə bağlı isə heç bir sübutu yoxdur. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat almışdır və 30 oktyabr 2024-cü il tarixinə kimi həmin pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Bərdə rayon İcra Hakimiyyəti Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh iddiaçı ilə yazılı borc müqaviləsi bağlayaraq iddiaçıdan 5000 manat məbləğində borc pul almışdır. Məhkəmə iclası zamanı cavabdeh, iddiaçıdan cəmi 700 manat borc pul aldığını, həmin borcdan isə 400 manatını qaytardığını, qalan 300 azn məbləğə iddiaçı tərəfindən faiz hesablanaraq məbləğin 1500 manat olduğunu, lakin iddiaçı tərəfindən cavabdehə 5000 manat borcunun olduğu barədə qəbz yazdırmasını bildirsə də, məhkəməyə buna dair sübutlar təqdim etməmişdir. Belə olan halda iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmış, cavabdeh isə borcun ödənilməsindən yayınmış, iddiaçıya olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Belə ki, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən borc pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da borc məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan yazılı borc müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə müəyyən pul məbləğini vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin borcu ödəməmişdir. Buna görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehə yazılı borc müqaviləsi əsasında 5000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və borcu qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh həmin borcu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, iddia təmin edilməli, 5000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Ödənilmiş 71 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 manat alınıb İddiaçı xeyrinə tutulsun. 71 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar