Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-541/2024 06.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 7400 manat pulun və ödənilmiş 94 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə iş yoldaşı olmuşdur. Cavabdehlə uzun müddətdir tanışdır və münasibətləri yaxşı olmuşdur. Tural ona pula ehtiyacı olduğunu bildirmiş, onu inandırmışdır ki, pulu vaxtında qaytaracaqdır. Turala inanaraq "xxxx"dan 6200 manat məbləğində kredit götürüb ona vermişdir. Daha sonra isə nağd olaraq ona 1200 manat pul vermişdir. Sonra o, Turaldan ona borclu olduğu pulu tələb etsə də Tural ona borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Daha sonra o, Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində müvafiq araşdırma aparılmış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tural onu aldadaraq ona borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələr gətirərək müddəti uzadır. Ona görə də Cavabdeh 7400 manat pulun və ödənilmiş 94 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və göstərdi ki, iddiaçı ilə iş yoldaşı olmuşdur. Əvvəldə münasibətləri yaxşı olmuşdur. Lakin o, iddiaçıdan pul almamışdır. Bu barədə onu Mingəçevir şəhər polis şöbəsinə də çağırmışlar. O, orada da verdiyi izahatında iddiaçıdan heç bir pul vəsaiti almadığını bildirmişdir. İddianı bütünlüklə rədd edir. Ona görə də iddia tələbi əsassız olduğu üçün rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İşdə olan Mingəçevir şəhər polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciətdə göstərilən xüsusatlar məhkəmə orqanlarının səlahiyyətinə aid olduğuna görə Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan Mingəçevir şəhər polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı ərizəsi əsasında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 50 manat inzibati cərimə olunmuşdur. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 6400 manat məbləğində kredit verilmişdir. AR DİN Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı göstərdiyi xüsusatlar məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğu bildirilərək məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçı qarşısında pul öhdəliklərinin olması və onu yerinə yetirməməsi faktını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehlə vaxtı ilə iş yoldaşı olmuşlar. Lakin cavabdehin iddiaçıdan öz ehtiyacları üçün 6200 manat məbləğində kredit və 1200 manat məbləğində iddiaçı tərəfindən borc pul alması, ona görə də cavabdehin iddiaçıya borclu olması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə "xxxx" ASC-dən 6200 manat məbləğində kredit götürüb verdiyini, daha sonra isə nağd olaraq ona 1200 manat pul verdiyini bildirmiş, cavabdeh tərəf isə həmin halı qəbul etməmişdir. Belə olan halda iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıyır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə iddiaçıya öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında nə şifahi, nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. İşdə olan kredit müqaviləsindən də göründüyü kimi, sözügedən müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmışdır. Belə olan halda məhkəmə işə mövcud olan və məhkəmə gedişində araşdırılan sübutlar əsasında baxaraq hesab edir ki, həmin müqavilədən yaranan münasibət bankla iddiaçı arasında yaranmışdır və pul məbləğinin cavabdehə ödənilməsini təsdiq edən sübut yoxdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə mübahisənin qanuni həll edilməsi ilə bağlı öz qənaətini əsaslandırmaq üçün mülki qanunvericiliyin müqavilə, müqavilə azadlığı, müqavilə öhdəliklərinin yaranmasını nəzərdə tutan bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansısübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilmir. Digər tərəfdən məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı bağlanmalıdır. Eyni zamanda məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçının məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmalarının cavabdehin özü ilə deyil, başqa şəxsləcavabdehin yoldaşı ilə olan yazışmalardır. Həmçinin yazışmalarda konkret olaraq iddiaçıya kimin pul borcunun olması müəyyən olunmur. Məhkəmə tərəfindən iddiaçıya həmin şəxsin məhkəməyə şahid kimi gətirilməsi təklif olunsa da, iddiaçı həmin şəxsin şahid kimi gətirə bilməyəcəyini bildirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, həmçinin iddiaçının cavabdehə 7400 manat məbləğində borc pul verməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından, iddiaçı hazırkı tələbi irəli sürərkən, subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmadığından, iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-541/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-541/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver