Məhkəmə qərarları › İş №2(051)-547/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-547/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-547/2021 13.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 8000 (səkkiz min) manat və 30 (otuz) manat dövlət rüsumu tələbinə dair iddia ərizəsi ilə tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 3676,79 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehi 2016-cı ildən tanıyır və münasibətlərimiz yaxşı olmuşdur. 2019-cu ilin oktyabr ayında qızı işsiz olduğuna görə ona münasib iş axtarırdı. Vüqar ona qızını Asan-Xidmət mərkəzində işə düzəldə biləcəyini, Asan-Xidmət mərkəzində vəzifəli tanışlarının olduğunu bildirmişdir. Vüqar ilkin olaraq 4000 manat pul lazım olduğunu demişdir. O, xx.xx.2019-cu il tarixdə Kapitalbankın Mingəçevir şəhər filialından 4000 manat kredit götürüb Vüqara vermiş və 2019-ci ilin noyabr ayının ortalarında Vüqar uaşadıqları evə gələrək qızının işə düzəlməyi üçün əlavə 4000 manat da pul lazım olduğunu demişdir. O, 2019-cu ilin noyabr ayının 19-da bacısının yaşadığı Ucar rayonu, Küçəkənd kəndinə gedərək bacı Asudədən 4000 manat borc pul almışdır. xx.xx.2019-cu il tarixdə həmin 4000 manatı da qızı Zümrüdün yanında Vüqara vermişdir. Beləliklə o Vüqara cəmi 8000 manat pul vermişdir. Vüqar ona 3 gün ərzində qızının işə başlayacağını demiş, lakin Vüqarın vəd verdiyi vaxt çatsa da, Vüqar vədinə əməl etməmiş və qızını işə düzəltməmişdir. Lakin sonradan cavabdeh 4000 manat borcundan 1800 manatını qaytarmış və 2200 manat borcu qalmışdır. Bankdan götürdüyü pulu isə vaxtında ödəməmiş və əmək haqqından cəmi 1476,79 manat pul çıxmışdır. Hazırda cavabdehin ona 3676,79 manat borcu var. Dəfələrlə cavabdehdən ona borclu olduğu pulun ödənilməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də Cavabdeh ona borclu olduğu 3676,79 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, həqiqətən də, iddiaçıdan 8000 manat borc pul almışdır. İddiaçı ona əvvəl 4000 manat pul vermişdir. Sonra onun xahişi ilə iddiaçı bankdan 4000 manat kredit götürüb ona vermişdir. Razılığa gəlmişlər ki, kredit borcunu hər ay o, ödəyəcəkdir. Lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. 4000 manat borcundan 1800 manat qaytarmışdır. Kredit borcundan isə cəmi 3 ay, yəni 1200 manat ödəniş etmişdir. Sonra ona məlum olmuşdur ki, həmin kredit borcu iddiaçının əmək haqqından tutulur və bu vaxta kimi iddiaçının əmək haqqından 1476 manat tutulmuşdur. Borcunun qalan hissəsini ödəyəcək. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ilə 1993-cü ildən qonşudur. Münasibətləri yaxşı olduğu üçün İddiaçı Cavabdeh ondan 8000 manat borc almasını bildirmişdir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə olunmuş qəbzdən və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh İddiaçı cəmi 8000 manat pul almış və aybaay borcunu ödəyəcəyini göstərmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, Kulimova X2 Vüqar Kamal oğluna borc pul vermiş, lakin Cavabdeh borclu olduğu pulu İddiaçı qaytarmamışdır. Cavabdeh iddianı qəbul edərək həqiqətən də 8000 manat pul aldığını etiraf etmiş, lakin borcunun bir hissəsini qaytarmasını və hazırda 3676,79 manat borcu olmasını bildirmişdir. Bu hal iş materiallarında olan sənədlərlə də öz əksini tapmışdır. Belə olan halda məhkəmə iddiaçı tərəfindən verilmiş iddianın tam əsaslı olması qənaətindədir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının tələbi qanunidir və Cavabdeh 3676,79 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cavabdehə borc pul vermişdir. Cavabdeh isə həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh 3676,79 (üç min altı yüz yetmiş altı manat yetmiş doqquz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar