Məhkəmə qərarları › İş №2(051)-550/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-550/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-550/2023 30.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2000 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin təsisçisidir. 2021-ci ildə cavabdehlə birgə işləməyə başlamışlar. Belə ki, mənzillərin alqısatqısından əldə edilən gəlirləri bərabər bölmüşlər. Lakin bir müddət sonra görmüşdür ki, cavabdeh aldığı pulların bir qismini ondan gizlədir. Bundan sonra münasibətləri pozulmuş və birgə fəaliyyətlərinə son qoymuşlar. Lakin ofisinin açarının bir nüsxəsi cavabdehdə olmuşdur. Ofisin siyirtməsində isə 2500 manat pul məbləği olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ofisə gələndə pulu olmadığını müəyyənləşdirmiş və qapının kilidinin olmamasını görüb pulun cavabdeh tərəfindən götürüldüyünü müəyyən etmişdir. Sədiyə zəng etdikdə isə, o bildirmişdir ki, pulu götürüb və bir neçə günə qaytaracaq. Bir neçə gün sonra 500 azn miqdarında pulu Azər adlı şəxslə ona qaytarmışdır. Pulla bağlı yazışmaları da var. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək onu təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədiyini, pul götürmədiyini, Azər adlı şəxslə qaytardığı 500 azn pul məbləği isə, Kərim adlı şəxsdən aldığı borc pul idi və pulu da Azər adlı şəxs vasitəsilə iddiaçıya vermişdir ki, iddiaçı həmin məbləği Kərim adlı şəxsə versin. Polis araşdırması zamanı isə 2500 manat pulun götürdüyünü bildirsə də, o ikinci dəfə izahatında bildirmişdir ki, izahatını oxumamış qol çəkmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, Cavabdeh heç vaxt görməmişdir və onu tanımamışdır. İddiaçının ofisində də həmin şəxsi görməmişdir. Ofisdə gördüyü şəxs isə cavan, gənc yaşlarında başqa bir şəxs olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, cavabdeh ona 500 azn pul və bir ədəd açar vermiş və bildirmişdir ki, həmin məbləği İddiaçı ondan götürəcək. Qısa müddət ərzində İddiaçı ondan pulu götürmüşdür. Aralarında başqa pul söhbəti olmamışdır. Bu barədə başqa heçnə bilmir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, Sədi adlı şəxsin ona 1000 manat pul vermişdir. Pulu almaq məqsədilə Sədinin ofisinə getmiş və ofisə daxil olanda görmüşdür ki, o küncdə şkafın yanında əyləşib siyirtmə açıq vəziyyətdə pul sayır. Həmin vaxt Sədidən min manat pulunu verməsini xahiş etmişdir, lakin o, pulun Mobilə məxsus olmasını və ona verə bilməyəciyini demişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin izahatını, şahid ifadələrini və işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 01 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı məlumatı əsasında Cavabdeh barəsində cinayət işinin başlanmasından imtina edilmişdir . İşdə olan disklərə baxış zamanı müəyyən olunmuşdur ki, nalayiq ifadələrə yol verilmiş, konkret olaraq pulun kim tərəfindən götürülməsi nə sübut edilmiş nə də etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdeh tərəfindən 2000 manat məbləğində pulun götürülməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iş materialları və tərəflərin izahatlar ilə müəyyən etdi ki, iddiaçı, əvvəllər bir yerdə işlədiyi Cavabdeh onun ofisindən 2500 manat məbləğində oğurluq etdiyini, dəfələrlə zəngindən sonra sonuncu həmin məbləğdən 500 azn qaytardığını, lakin qalan 2000 azn məbləği isə qaytarmadığından, polis orqanlarına müraciət edərək, pulun qaytarılmağına dair ərizə ilə müraciət etmişdir. Lakin oğurluq faktı öz təsdiqini tapmadığından və mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə olunaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı, mülki qaydada iddia qaldıraraq cavabdehdən 2000 manat məbləğində pulun tutularaq ona verilməsini tələb etmişdir. Lakin iddiaçı sözügedən pul məbləğinin məhz cavabdeh tərəfindən götürülüməsini sübut edə bilməmiş, cavabdeh isə bu barədə etiraf etməmişdir. Məhkəmə iclası zamanı isə iki şahidin verdiyi ifadələrdən müəyyən olunur ki, cavabdehi iddiaçının ofisində görməmişlər. X1 ifadəsində cavabdehi iddiaçının ofisində və onu pul saydığı yerdə gördüyünü bildirsə də, lakin məhkəmə tərəfindən ünvanlanmış sayılan pulun hansı əskinazlarda yəni manat və dollar formasında olduğu sualına cavab olaraq pulu görmədiyini və cavabdehin pulu siyirtmədən aşağıda saydığını bildirmişdir. Yəni onun ifadəsində pulun cavabdeh tərəfindən götürülsə belə hansı məbləğdə götürülməsi təsdiq olunmur. Məhkəmə yuxarıda deyilənlərə əsasən qiymət verərək hesab edir ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması əsası iş materialları ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə 1091.1-ci maddəsinə şərh verərək hesab edir ki, əsassız varlanmanın mövcud olması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Varlanmış şəxs əmlak əldə etməli,

2. həmin əmlak məhrum olanın hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Göründüyü kimi bu şərtlərdən heç biri mövcud deyildir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə yekunda qeyd edir ki, iddia ərizəsində tələb edilən pul məbləği iddiaçı tərəfindən sadəcə olaraq iddia və ehtimal edilmişdir ki, pul cavabdeh tərəfindən götürülmüşdür. Belə ki, bununla bağlı oğurluq faktı aşkar edilməmiş, eyni zamanda iddiaçı tərəfindən pul cavabdehin götürməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar