Məhkəmə qərarları › İş №2(051)-565/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-565/2023

25.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-565/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) miras əmlakdan iddiaçının 1/3 hissədə pay hüququnun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi) miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına vərəsəlik hüququnun tanınması, miras əmlakdan onun 1/3 hissədə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. X5 onun atasıdır. X6 isə onun anasıdır. Valideyinlərinin ondan başqa Cavabdeh1 və Cavabdeh2 adlı uşaqları anadan olmuşdur. Mərhum atası X15 xx.xx.2013-cü ildə Mingəçevir şəhərində vəfat etmişdir. Hal-hazırda həmin ünvanda yəni Mingəçevi şəhəri C.Əliyev küçəsi ev 26, mənzil 44 ünvanda qardaşları Cavabdeh1 Cavabdeh2 ilə birlikdə yaşayır. Onlar hər üçü mənzildə qeydiyyatda olmaqla mənzili faktiki idarə edirlər. Ona görə mənzilin 1/3 hissəsi ona qalan cavabdehlərə isə 2/3 hissə düşməlidir. Odur ki, məhkəmədən ünvan 1 ünvanına vərəsəlik hüququnun tanınması, miras əmlakdan onun 1/3 hissədə pay hüququnun müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək miras əmlakdan iddiaçının 1/3 hissədə pay hüququnun müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı bildirdi ki, iddiaçı onun bacısıdır. Bacısının problemləri vardır. Səhhəti onun tək yaşamasına imkan vermir. Biz onun ayrılıb ayrı yaşamasına bir qardaş kimi razı deyilik. Bir yerdə olan zaman biz onun hər ehtiyacını qarşılayırıq. Sadəcə hal-hazırda emosiyalara qapılıb belə addım atıb. Ev satılıb bölünsə belə həmin onun payına düşən pula ev ala bilməyəcək və ortalıqda qalacaq. Qanuni müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 məhkəmə iclası zamanı digər cavabdehin izahatına uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçı və digər cavabdeh məhkəmə iclasında iştirak etmirlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hər tərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 13 yanvar 2010-cu il də vəfat etmiş, bu barədə akt qeydləri kitabında 38 nömrə ilə qeyd aparılmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı və Cavabdeh2, X8 və X9 birgə nikahından doğulmuşlar. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X15 01 sentyabr 2013-cu il də vəfat etmiş, bu barədə akt qeydləri kitabında 498 nömrə ilə qeyd aparılmışdır. İşdə olan Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsininin xx.xx.2022-ci il tarixli 3123 nömrəli arayışından görünür ki, Tİ və MHQ idarəsinin arxiv məlumatları əsasında ünvan 3 ünvanda yerləşən mənzil X8 adına xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. İşdə olan, X17 Xidmət Mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 2506 saylı məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğundan ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-569/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1938-ci il tarixdə Füzuli rayonu Veysəlli kəndində doğulmuş X8 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlamaya əsasən X8 vərəsələri kimi X16, (ölüb) İddiaçı və Cavabdeh1 müəyyən olunmuşdur. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan digər şəxslər X11, X12, Cavabdeh2, Cavabdeh1 və X13r. Beləliklə, məhkəmə, tərəflərin izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, X15 və X16 rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından İddiaçı xx.xx.1966–cı il tarixdə, Cavabdeh2 xx.xx.1965-ci il tarixdə və Cavabdeh1 xx.xx.1963-cü ildə doğulmuşdur. X1 xx.xx.2010-cu il tarixində vəfat etmişdir. Miras qoyan X15 isə xx.xx.2013–cü il tarixdə ölmüşdür. Ondan ünvan 4 ünvanında yerləşən mənzil miras qalmışdır. X3 həmin miras mənzil üzərində mülkiyyət hüququ Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi Daşınmaz Əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1323 nömrəli arxiv arayışına əsasən Tİ və MHQ idarəsinin arxiv məlumatları əsasında xx.xx.2003-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X4 həmin miras əmlakla bağlı vəsiyyətnamə verməmişdir. Miras açıldıqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində həm İddiaçı həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mirası yəni mənzili rəsmi qaydada qəbul etmək haqqında notariat ofisinə ərizə ilə müraciət etməmişlər. İddiaçı ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizə ilə müraciət etsə də, notariat orqanı tərəfindən ona vərəsələr arasında ixtilaflar olduğundan şahdaətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin miras əmlakı yəni, ünvan 5 ünvanında yerləşən mənzili sonradan faktiki qəbul etmişlər. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası sahiblik və idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X5 xx.xx.2013–cü il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, mübahisəli mənzil Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi Daşınmaz Əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1323 nömrəli arxiv arayışına əsasən Tİ və MHQ idarəsinin arxiv məlumatları əsasında əldə edildiyindən, həmin mənzil miras qoyanın mülkiyyətidir. Ona görə də həmin mübahisəli mənzil tam olaraq miras qoyan X8 miras toplusuna daxil edilməlidir. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyinə əsaslanaraq hesab edir ki, X3 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə qızı İddiaçı və oğlanları Cavabdeh1 və Cavabdeh2 daxil olmuşdur. (arvadı X16 xx.xx.2010-cü il tarixdə vəfat etmişdir). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, X2 ünvan 1 ünvanda yerləşən mənzil miras qalmışdır. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X2 qalmış mirası, onun birinci növbəli vərəsəsi olan uşaqları yəni iş üzrə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunla müyyən edilmiş müddət ərzində notariat ofisinə rəsmi ərizə verməmələrinə baxmayaraq, onların hər biri mirasa faktiki sahibliyi həyata keçirmişlər. Belə ki, X15 öldükdən sonra onlar sözügedən evdə hal-hazırda da yaşayırlar. Lakin, mirasa daxil olan torpaq sahəsinin qəbuluna dair rəsmi müraciət etməmələrinə baxmayaraq qanunvericiliyin tələbinə əsasən onlar mirası tamamilə qəbul etmiş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. AR Mülki Məcəlləsinin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli qərarı). Məhkəmə hesab edir ki, iddiaçılar və cavabdehlər mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələr kimi tanınmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, X2 miras qalmış mübahisəli mənzilə mirası faktiki sahibliyi həyata keçirməklə qəbul etmiş onun birinci növbəli vərəsəsi kimi iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsə tanınmalı və birinci növbəli vərəsə kimi onların hər birinin payı 1/3 hissədə müəyyən edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Eyni zamanda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1281–ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz manat) manat pul alınıb iddiaçıya verilsin. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 X3 qanun üzrə birinci növbəli vərəsələri kimi tanınsınlar. X2 miras qalmış ünvan 6 ünvanda yerləşən yaşayış evinə İddiaçı 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar