Məhkəmə qərarları › İş №2(051)-569/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-569/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-569/2021 12.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçıBOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2013-cü il tarixdə İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında KAMin 108737/13 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 təşkilat tərəfindən 12 ay müddətinə 1000 manat kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ilə KAMin 108737/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə borclu kreditor qarşısında öz öhdəliklərini yerinə yetirənədək zamin onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kreditor müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliyini tam icra etməmişdir. Hazırda cavabdehlərin İddiaçı BOKT MMC-yə 190.58 manat əsas borc, 66.44 manat faiz borc, 385.14 manat cərimə borcu olmaqla, cəmi 642.46 manat kredit borcu vardır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh Həsənov Bəhruz Mirbala oğlu iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Cavabdeh1 iş üzrə əvvəlki məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı BOKT MMC-dən kredit götürmüşdür. Maddi imkanı olmadığına görə kredit borcunu tam ödəməmişdir. Maddi imkanını nəzərə alıb, cərimənin azaldılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı BOKT MMC ilə Cavabdeh1 Mirbala oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli KAMin 108737/13 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC Cavabdeh1 12 ay müddətinə 1000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə krediti və kredit üzrə hesablanacaq faiz və cərimələri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı BOKT QSC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış KAMin 108737/13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit alanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehlərin 190.58 manat əsas borc, 66.74 manat faiz borcu, 385.14 manat cərimə borcu olmaqla, cəmi 642.46 manat kredit borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlər tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 385.14 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehlərə hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. İş materiallarından göründüyü kimi kreditor borclulara 385.14 manat cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın ailə vəziyyətini, maddi imkanlarını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 40 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 190.58 manat əsas borc, 66.74 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla, cəmi 297.32 manat alınıb İddiaçı BOKT MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Q ət e t d i : İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 190.58 (bir yüz doxsan manat əlli səkkiz qəpik) manat əsas borc, 66.74 (altmış altı manat yetmiş dörd qəpik) manat faiz borcu, 40 (qırx) manat cərimə borcu olmaqla, cəmi 297.32 (iki yüz doxsan yeddi manat otuz iki qəpik) manat kredit borcu və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı BOKT MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar