Məhkəmə qərarları › İş №2(051)-572/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-572/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-572/2021 16.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi İsrafilzadə H.F. məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmiş, iş üzrə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01139369 №li müqaviləyə əsasən cavabdeh mətbəx mebeli, xx.xx.2019-cu il tarixli, 01138648 №li müqaviləyə əsasən “Samsung” LED TV və xx.xx.2020-ci il tarixli 20014187 №li müqaviləyə əsasən “Gorenje” markalı aspirator və “Hoffmann” markalı plitə almışdır. Lakin cavabdeh müqavilələri üzrə götürdüyü öhdəliklər yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə mətbəx mebeli üçün 1770 manat əsas borc və 290 manat cərimə olmaqla cəmi 2060 manat, “Samsung” LED TV üçün 2131.20 manat əsas borc və 460 manat cərimə olmaqla, cəmi 2591.20 manat, “Gorenje” markalı Aspirator və “Hoffmann” markalı plitə üçün 630 manat əsas borc və 126 manat cərimə olmaqla, cəmi 756 manat, ümumilikdə 5407.20 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01139369 №li müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh mətbəx mebeli verməyi, Cavabdeh əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01138648 №li müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh “Samsung” LED TV verməyi, Cavabdeh əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20014187 №li müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh “Gorenje” markalı Aspirator və “Hoffmann” markalı plitəni verməyi, Cavabdeh əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərindən görünür ki, cavabdeh iddiaçıdan mətbəx mebelinin qiymətini 20 ay müddətinə, hər ay 88.50 manat, “Samsung” LED TV qiymətinin 18 ay müddətinə, hər ay 118.40 manat, “Gorenje” markalı Aspirator və “Hoffmann” markalı plitəninin qiymətini 18 ay müddətinə, hər ay 35 manat olmaqla ödəməlidir. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh mətbəx mebeli, Samsung LED TV, “Gorenje” markalı Aspirator və “Hoffmann” markalı plitəni iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli 01139369 №li müqavilə üzrə 290 manat, xx.xx.2019-cu il tarixli, 01138648 №li müqavilə üzrə 460 manat və xx.xx.2020-ci il tarixli 20014187 №li müqavilə üzrə 126 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli 01139369 №li müqavilə üzrə 290 manat, xx.xx.2019-cu il tarixli, 01138648 №li müqavilə üzrə 460 manat və xx.xx.2020-ci il tarixli 20014187 №li müqavilə üzrə 126 manat məbləğində cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, cavabdehin maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində xx.xx.2019-cu il tarixli 01139369 №li müqavilə üzrə 30 manat, xx.xx.2019-cu il tarixli, 01138648 №li müqavilə üzrə 45 manat və xx.xx.2020-ci il tarixli 20014187 №li müqavilə üzrə 12 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 01139369 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə mətbəx mebeli, xx.xx.2019-cu il tarixli 01138648 №li müqaviləyə əsasən qiymətini hissə-hissə ödəmək şərti ilə Samsung LED TV, xx.xx.2020-ci il tarixli 20014187 №li müqaviləyə əsasən qiymətini hissə-hissə ödəmək şərti ilə “Gorenje” markalı Aspirator və “Hoffmann” markalı plitəni vermişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən mətbəx mebeli üçün 1770 manat əsas borc və 30 manat cərimə olmaqla, cəmi 1800, Samsung LED TV üçün 2131.20 manat əsas borc və 45 manat cərimə olmaqla, cəmi 2176.20 manat, “Gorenje” markalı Aspirator və “Hoffmann” markalı plitə üçün 630 manat əsas borc və 12 manat cərimə olmaqla, cəmi 642 manat, ümumilikdə 4618.20 manat tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli 01139369 №li müqaviləyə əsasən 1770 (bir min yeddi yüz yetmiş) manat əsas borc və 30 (otuz) manat cərimə olmaqla, cəmi 1800 (bir min səkkiz yüz) manat, xx.xx.2019-cu il tarixli 01138648 №li müqavilə üzrə 2131.20 (iki min bir yüz otuz bir manat iyirmi qəpik) manat əsas borc və 45 (qırx beş) manat cərimə olmaqla, cəmi 2176.20 (iki min bir yüz yetmiş altı manat iyirmi qəpik) manat, xx.xx.2020-ci il tarixli 20014187 №li müqavilə üzrə 630 (altı yüz otuz) manat əsas borc və 12 (on iki) manat cərimə olmaqla, cəmi 642 (altı yüz qırx iki) manat, ümumlikdə 4618.20 (dörd min altı yüz on səkkiz manat iyirmi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb iddiaçı “xxxx” MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar