Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-587/2025 28.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 70000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə bir yerdə işlədiyinə görə ailədə gördükləri işləri bir-biri ilə bölüşmüşrlər. Cavabdeh onun ev almaq niyyəti ilə bağlı pul yığdığını bilmiş və bir iş yoldaşı kimi ondan bir neçə dəfə borc pul istəmiş və söz verdiyi müddətə də pulu qaytarmışdır. 2023-cü ilin oktyabr ayında cavabdeh qardaşı ilə birlikdə mağaza açmaq istədiyini və pula ehtiyacı olduğunu bildirərək ondan 30.000 manat pul istəmiş və bankdan kredit götürüb verəcəyini, sonra isə təxminən 2 ay sonra 30.000 manatı da borc istədi ki, evini ona satır, baxdı, bəyəndi və razılaşdı. Sonra cavabdeh xx.xx.2024-cü il tarixdə qardaşının vəzifəyə getməsi adı ilə ondan 10.000 manat əlavə borc pul almışdır. Həmin pulu da tez müddətə qaytaracağına söz vermişdir. Cavabdeh həm 60.000 manatı, həm də 10.000 manatı almasına dair özü yazılı qəbz vermişdir. Qaytarma məqamı çatanda müxtəlif bəhanələrlə gətirmişdir. Onda sonra da cavabdeh intihara cəhd etmişdir. O, cavabdehin evinə gedərək özünə demişdir ki, ondan aldığı borcları etiraf etsin. Cavabdeh də ondan borc aldığını etiraf etmiş, o da cavabdehin yanında onu xəbərdar etməklə çəkiliş etmişdir. Cavabdeh yenə də borclarını tez müddətə ödəyəcəyini bildirmişdir. Cavabdeh əlavə olaraq ona evin sənədini də verərərək demişdir ki, ev sənindir, 10.000 manatını qaytaracam, vaxt ver, digər borclular məndən əl çəksinlər, sənin borcunu qaytaracam. Həmin vaxtdan 3 ay keçdikdən sonra cavabdehin atası bildirmişdir ki, onun evinin qiyməti 120.000 manatdır, əlavə pul ödənilməlidir. Halbuki, onlar 60.000 manata razılaşmışdılar. Belə olan halda o da pulunu istəmişdir. Onda da cavabdeh tərəf ona hücum edərək təhqir etmişdilər. Hazırkı vaxta qədər cavabdeh borcunu qaytarmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, 2009-cu ildən iddiaçı ilə bir yerdə işləyirlər. Əvvəllər borc alıb, vaxtında qaytarmışdır. Ona görə də aralarında etibar yaranmışdır. 60.000 manat pul sələm puludur. O, iddiaçıdan o məbləğdə pul almamışdır. Belə ki, o, iddiaçıdan ilk dəfə 5.000 manat sələm almış onun da faizini hər ay qaytarmışdır. O, hissə-hissə alıb və qaytardığı məbləğləri unutmuşdur. Onu bilir ki, bir dəfə 500 manatını iddiaçının qardaşına qaytarmışdır. 2024-cü ilin yay aylarında qəbzləri yazmışdır, iddiaçı bildirmişdir ki, pul götürdüyü adam onu çox sıxışdırır, pis vəziyyətdə qalmışdır. O atasının evini satıb pulunu qaytaracaqdır, 60.000 manat pulu almışdır və hissə-hissə qaytarmışdır, ancaq sübut edə bilmir. 10.000 manat aldığı sonuncu borc puldan sonra 500 manatını qəbzlə qaytarmışdır. Qəbzlərdəki məbləğ 800 manatdan artıq pul təşkil edir. Həmin qəbzləri o yazmışdır, heç bir təzyiq olmayıb, sadəcə iddiaçı bildirdi ki, onu sıxışdırırlar, bu qəbzləri yazmalıdır və çəkiliş aparmalıdır, etiraz etmədi. Həmin pul 2 il ərzində hissə-hissə alınıb, ödənişlər də etmişdir, əvvəl 5000 manat götürmüşdür, qaytarsa da 12-13%-lə faizə hesablayıb, sonra isə 10.000 manat götürmüşdür. İddiaçı pis vəziyyətdə olduğunu bildirib, ona qəbzdə ev əvəzində pul götürdüyünü yazdırdı, dedi ki, pulu götürdüyü şəxsə göstərəcəkdir, başqa kimsə nə qəbzləri, nə də videoçəkilişi görməyəcəkdir. İddiaçının ona pulu faizlə verməsini təsdiq edən heç bir sübutu yoxdur, vatsap yazışmaları yanan telefonunda qalmışdır. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 məlumatı əsasında toplanmış material üzrə X2 və İddiaçı əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, lakin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən X2 və İddiaçı bir-birlərini qarşılıqlı vuraraq döyməsi inzibati hüquq pozma sayıldığından əsasən X2 və İddiaçı barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə ŞPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən şəxsən xx.xx.2023-cü il tarixdə yazılmış qəbzdən görünür ki, iddiaçıdan 60 (altımış min) min manat evinin pulunu almışdır. Müvəqqəti borc olaraq almışdır. İddiaçı ona 60 min manat pulu vermişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən şəxsən xx.xx.2024-cü il tarixdə yazılmış qəbzdən görünür ki, iddiaçıdan qardaşı Azərin Naxçıvana işə getməsi ilə bağlı 10 (on min) min manat pulu almışdır. 10 min manat pulu bankdan götürdüyü pulu borc almışdır. İddiaçı 10 min manat pulu vermişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya olan borcundan cəmi 965 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə cavabdehə 70000 manat borc pul verməsini sübutetmə yükü iddiaçının, həmin pulu iddiaçıya qaytarmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh iddiaçıdan borc pul almış, borcundan 965 manat qaytarmışdır. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu tərəflərin izahatları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin həmin borc pulun məbləği barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı cavabdehə 70000 manat borc pul verdiyini iddia etmiş, cavabdeh isə iddianı qismən qəbul edərək, həmin pulun 2 il ərzində hissə-hissə alındığını, ödənişlər də etdiyini, əvvəl 5000 manat götürdüyünü, qaytarsa da, 12-13%-lə faizə hesablayıb, sonra isə 10.000 manat götürdüyünü bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən edilmiş həqiqi hallarına əsasən qeyd edir ki, iddiaçı məhkəməyə cavabdehə 70000 manat borc pul verməsi ilə bağlı Cavabdeh tərəfindən şəxsən yazılmış qəbzlər təqdim etmişdir. Bununla belə iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya olan borcundan cəmi 965 manat ödəniş edilmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 70000 manat deyil, işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 69035 manat miqdarda qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış, iddiaçı 60.000 (altımış min) və 10.000 (on min) manat məbləğində pul vəsaitini cavabdehə borc vermiş, cavabdeh isə həmin borc məbləğini qaytarmağı öhdəsinə götürmüş, ümumi borcdan 965 manat məbləğində ödəniş etmiş, lakin qalan borcu qaytarmamışdır. Ona görə də iddiaçı borcun ödəliməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibəti borc müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış yazılı borc müqaviləsinə əsasən iddiaçının cavabdehə qarşı borcun ödənilməsi tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıdan cəmi 70000 manat borc pul alması, 965 manat pulu ödəməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan, qismən təmin edilməli və cavabdehdən 69035 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 69035 (altmış doqquz min otuz beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-587/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-587/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver