Məhkəmə qərarları › İş №2(051)-588/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-588/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-588/2022 05.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC iddia tələbinin onunla əsaslandırdı ki, , İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16.08.2019-cü tarixli, 025R**********9 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə aylıq 0,0833% olmaqla 5027,61 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq İddiaçı QSC ilə digər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. 025R**********9 saylı kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 4397,92 manat əsas borc, 42,13 manat faiz borc, 1763,37 manat cərimə olmaqla, cəmi 6203,42 manat kredit borcu yaranmışdır. İddiaçi iddianın təmin olunmasını, kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 82,04 manat pulun cavabdehlərdən alınaraq İddiaçı QSC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və Cavabdeh3 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib iş materialını araşdırıb, təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 16.08.2019-cü tarixli, 025R**********9 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə aylıq 0,0833% olmaqla 5027,61 manat məbləğində kredit verilmişdir, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı QSC ilə digər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 16.08.2019-cü tarixli, 025R**********9 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, 025R**********9 saylı Kredit razılaşması üzrə öhdəlikləri tam icra etməyən Cavabdeh1 4397,92 manat əsas borc, 42,13 manat faiz borc, 1763,37 manat cərimə olmaqla, cəmi 6203,42 manat kredit borcu qalmışdır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni prenteziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 025R**********9 saylı Kredit razılaşması üzrə 4397,92 manat əsas borc, 42,13 manat faiz borc, 1763,37 manat cərimə olmaqla, cəmi 6203,42 manat hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq 025R**********9 saylı kredit razılaşması üzrə 50 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdeh Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 16.08.2019-cü tarixli, 025R**********9 Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4397,92 manat əsas borc, 42,13 manat faiz borc, 50 manat cərimə olmaqla, cəmi 4490,05 manat tutularaq İddiaçı QSC xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 82,04 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16.08.2019-cü tarixli, 025R**********9 sayı kredit müqaviləsi üzrə 4397,92 (dörd min üç yüz doxsan yeddi manat doxsan iki qəpik) manat əsas borc, 42,13 (qırx iki manat on üç qəpik) manat faiz borc, 50 (əlli)manat cərimə olmaqla, cəmi 4490,05 (dörd min dörd yüz doxsan manat beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 82,04 (səksən iki manat dörd qəpik) manat alınıb İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar