Məhkəmə qərarları › İş №2(051)-596/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-596/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-596/2021 18.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Güşən Elxan qıznın katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx xxxx 2018–ci il təvəllüdlü Mədinə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxx 2016–cı il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx xxxx 2018–ci il tarixdə Mədinə adlı uşağı doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaq onun yanında qalmışdır. Hazırda da uşaq onun yanında yaşayır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020–ci il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün aylıq qazancının dörddə bir hissəsinin məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ 120 manat təşkil edir. Həmin məbləğ isə azyaşlı uşağı saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşağının qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. O özü isə işləmir. Heç bir yerdən isə gəliri də yoxdur. Qardaşının himayəsində yaşayır. Cavabdehin isə hər ay kifayət qədər yüksək aliment ödəmək imkanı vardır. Odur ki, iddianın təmin edilərək xx xxxx 2018–ci il təvəllüdlü Mədinə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə xx xxxxxxx 2016–cı il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx xxxx 2018–ci il tarixdə Mədinə adlı uşağı doğulmuşdur. Ailə münasibətlərinin pozulması səbəbindən iddiaçı ilə ayrılmışlar. Hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçının tələb etdiyi kimi onun hər ay uşaq üçün 200 manat aliment ödəmək üçün maddi imkanı yoxdur. Onun aylıq qazancı 420 manatdır. O həmin məbləğin 120 manatını iddiaçıya ödəyir. Onun başqa gəliri və qazancı yoxdur. Hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx xxxx 2018–ci il tarixdə Mədinə adlı uşağı doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(051)– 640/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx xxxx 2018–ci il təvəllüdlü Mədinə adlı uşağın İddiaçı yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh “xxxx” MMC-nin Hidrotexniki və yeraltı kommunikasiyalar sexinin işçisidir və onun vəzifə maaşı 420 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx xxxxxxx 2016–cı il tarixdə rəsmi nikah bağlamış, onların birgə nikahdan xx xxxx 2018–ci il tarixdə Mədinə adlı uşağı doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020–ci il tarixli qətnaməsi ilə azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC-nin Hidrotexniki və yeraltı kommunikasiyalar sexinin işçisidir və onun vəzifə maaşı 420 manat təşkil edir. Cavabdeh hər ay qazancından iddiaçıya 120 manat məbləğində aliment ödəyir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay uşaq üçün 130 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq ananın yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ödənilən 120 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. xx xxxxxx 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay uşaq üçün cavabdehin aylıq qazancının dörddə bir hissəsinin miqdarında aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay uşaq üçün 130 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxxx 2018– ci il təvəllüdlü Mədinə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(051)–640/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar