Məhkəmə qərarları › İş №2(051)-614/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-614/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-614/2023 07.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 935 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh 22 sentyabr 2022-ci ildə onun elektron mallar satılan mağazasından nisyə soyuducu almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, o aldadılmış və cavabdeh pulu qaytarmamaq niyyətindədir. O, sözügedən soyuducunu 1020 manata satsa da, cavabdeh həmin məbləğdən cəmi 85 manat ödəmişdir. Hazırda cavabdehin ona 935 manat borcu qalmışdır. Cavabdeh həmin soyuducunu alarkən aralarında kredit müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 10 saylı kredit müqaviləsinə əsasən o, Cavabdeh “Bryusa 880 qara nofros” soyuducusunu 1020 manata satmış, cavabdeh isə sözügedən məbləği 12 ay müddətinə, hər ay 85 manat ödəməklə ona qaytarılmasını öhdəsinə götürmüşdür. Cavabdeh həmin kreditin bir ayını ödəsə də, yerdə qalan 935 manatını ödəməmiş və kredit müqaviləsinin şərtlərini pozmuşdur. Cavabdehdən dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehdən 935 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə hazırlıq iclasında ona qarşı irəli sürülmüş iddia qəbul edərək bildirmişdir ki, iddiaçıdan 1020 manat dəyərində Bryusa markalı soyuducunu nisyə almışdır. Həmin puldan 85 manat ödəniş etmişdir. Lakin işi olmadığı üçün qalan 935 manat məbləğində puldan ödəniş edə bilməmişdir. İddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 10 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh iddiaçıdan hər ay 85 manat ödəmək şərti ilə 12 ay müddətinə 1020 manat dəyərində Bryusa markalı soyuducu almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 10 saylı girov müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Bryusa markalı soyuducu girov qoyulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, cavabdeh iddiaçıdan 935 manat dəyərində Bryusa markalı soyuducunu təhvil almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, cavabdehin 935 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 1020 manat məbləğində Bryusa markalı soyuducunu nisyə verilməsini və həmin əşyanın dəyərinin 935 manat məbləğində hissəsinin ödənilməməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cəmi dəyəri 1020 manat olan Bryusa markalı soyuducunu cavabdehə nisyə satmış, cavabdeh isə həmin məbləğdən 85 manat ödəniş etmiş, qalan 935 manat məbləği isə 12 ay müddətinə hər ay 85 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi 1020 manat dəyərində Bryusa markalı soyuducunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği hər ay 85 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərərək hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 935 manat məbləğində təmin edilməlidir. Həmçinin, məhkəmə nəzərə alır ki, cavabdeh məhkəmə iclası zamanı iddiaçıya 935 manat borcu olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıdan 1020 manat dəyərində Bryusa markalı soyuducunu nisyə alması, həmin pulun bir hissəsini ödədiyi və cəmi 935 manat məbləğində borcunun olduğu, habelə həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və cavabdehdən 935 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. AR MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 935 (doqquz yüz otuz beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar