Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-618/2021 22.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2820 ABŞ dolları məbləğdə əsas kredit borcu və 1821 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 4641 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Mingəçevir şəhər Məhkəməsinin 18.04.2017-ci il tarixli 2(051)-2562/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bundan sonra borclu Cavabdeh1 həmin əmrə etiraz vermiş və məhkəmənin 12.02.2021-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, material iddia icraatına keçirilib, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 03 aprel 2014cü il tarixdə "xxxx" ASC ilə MF-UN/22 saylı kredit müqaviləsi bağlayaraq, şəxsi məqsədlər üçün 24 ay müddətinə illik 22 % ödəmək şərtilə 4460 manat məbləğdə kredit verilmişdir. Eyni zamanda həmin tarixdə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 öhdəliyinin icra olunmasını təmin etmək üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin 3.4-cü bəndi ilə müəyyən olunmuş şərtlərə görə Cavabdeh1 aldığı kreditə görə kreditora illik 22 faiz ödəyir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, kredit verənə müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin ikiqat həcmində cərimə ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, müqavilənin 2.4.3-cü yarımbəndində göstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən kredit alan kredit verənə kredit məbləğinin 5 faizi həcmində cərimə ödəyir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş və nəticədə onların banka 2820 ABŞ dollarıməbləğdə əsas kredit borcu və 1821 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 4641 ABŞ dolları məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2820 ABŞ dolları məbləğdə əsas kredit borcu və 1821 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 4641 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulub ləğv prosesində olan "xxxx" ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 "xxxx" ASC ilə 03 aprel 2014-cü il tarixdə MF-UN-22 saylı müqavilə bağlayaraq 4460 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 22 faiz əlavəsi ilə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş "xxxx" ASC-nin 03 aprel 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-nə 4641 ABŞ dolları məbləğdə borcu qalmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 08 may 2021-ci il tarixli, 9/2314 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-nə 2820.27 ABŞ dolları məbləğdə əsas, 1344.33 ABŞ dolları məbləğdə faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi ekspertiza rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlərdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İddia ərizəsindən göründüyü kimi cavabdehdən alınmalı olan pul xarici valyuta ilə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin tələbinə əsasən pul öhdəliyi manatla ifadə olunmalıdır. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 yanvar tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən qətnamənin nəticə hissəsində cavabdehdən alınmalı olan pul məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə ödənilməsi göstərilməlidir. Sadalanan hallar və hüquq normaları cavabdehlərdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 241-244, 357 və 360-maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Eyvazo v Elman Alim oğlundan 2820.27 ABŞ dolları məbləğdə əsas, 1344,33 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 4164.60 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə olan manat məzənnəsi ilə hesablanıb ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğdə pul cavabdehlərdən alınıb ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilsin. Ödənilməmiş 10 manat dövlət rüsumu cavabdehlərdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə 100 manat məbləğdə ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-618/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-618/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver