Məhkəmə qərarları › İş №2(051)-619/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-619/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-619/2021 30.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “3000 manat pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 4 ildir ki, birbirlərini tanıyırlar. 2020-ci ilin fevral ayında qısa müddətdə Bakı şəhərində kirayə evdə bir yerdə yaşayıblar. Həmin dövrdə o, Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonuncu kursda oxuyurdu. Ona Bakıda olan ərəblərlə iş birliyi yaratmaq istədiyini, müəyyən planları olduğunu, iş quracaqlarını bildirmişdir. Bu məqsədlə pul lazım olduğunu bildirmiş və ondan borc olaraq pul istəmişdir. Onun xahişi ilə 2020-ci ilin mart ayının 5-də ilk olaraq ona 1500 manat pulu nağd olaraq kirayədə yaşadıqları evdə vermişdir. Həmin pulu qohumu Rahibdən borc olaraq almışdı. Sonra isə Murad yenə pul lazım olduğunu bildirmiş və ona yenə Rahibdən aldığı 800 manatı aprelin 6-da vermişdir. Təkrar pul istəyəndə özünün Birkart hesabından 500 manat çıxarıb aprel ayının sonlarında Murada vermişdir. Cavabdeh ona 2020-ci il aprel ayının sonları, yaxud may ayının əvvəllərində verdiyi pulu qaytacağını söz vermiş, lakin keçmiş müddət ərzində ona heç bir məbləğ ödəməmişdir. Birkart hesabından götürdüyü pula faiz gəlməkdə indi də davam edir. Beləliklə, cavabdehin ona 3000 manat borcu yaranmışdır. Dəfələrlə borcu qaytarmasını tələb etsə də, qaytarmır. Muradın anasına dəfələrlə müraciət etsədə o, oğlunun borcunu özü qaytarcağı barədə ona söz vermiş, lakin indiyə kimi borcundan qaytarmamışdır. Murad Bakıda günü 500 manata kirayə avtomobil götürürdü. Cavabdehin tək ona yox çox adama borcu olmuşdur. Bu hal ona sonradan məlum olmuşdur. Son vaxtlar cavabdeh ümumiyyətlə gizlənib, axtarsa da tapa bilmir. Ona görə də, Cavabdeh 3000 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi vəkili X4 məhkəmə iclasında iddia tələbinin qəbul etməyərək izahatında göstərdi ki, Muradın anası həkimdir. Oğlunun bütün ehityaclarını anası özü ödəyir. Ruslandan heç vaxt pul almamışdır. Anası lazım olduqda Murada pul göndərmişdir. Düzdür Ruslanın çox adama borcu olmuşdur. Xalası oğlundanda dəfələrlə pul alıb qaytarmadığı üçün artıq xalası oğlu ona borc vermədiyi üçün Muradın adından borc alıb xərcləmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində bildirdi ki, İddiaçı onun xalası oğludur. O, Maskvada olarkən Ruslan və Murad ona zəng vuraraq iş qurmaq məqsədi ilə ondan xahiş edərək pul istəmişlər, əvvəl 1500 manat sonra 800 manat pul göndərmişdir. Bir müddət keçdi o, Ruslana zəng vuraraq işin nə yerdə olduğunu soruşdu. Ruslan ona bildirdi ki, Murad onuda aldadıb yoxa çıxıb. Valideyni Gülnarə ilədə dəfələrlə danışıb. Şəxsən özü onu dəfələrlə zəng vuraraq vaxt istəyib ondan. Murad özü isə Qardaşı ilə görüşüb xahiş edərək vaxt istəyib. Artıq bir ildən çoxdur ki, pulunu qaytarmır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində bildirdi ki, Muradın anasıdır. Özü hazırda həkim işləyir. Oğlu Ruslandan pul almayıb. Muradın ehtiyacları olduqda özü hər zaman Murada pul göndərmişdir. Düzdür Muradın başqa şəxslərə borcu olmuşdur. Lakin həmin borclarını ödəmişdir. Ancaq Ruslana borcu olmamışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Polis şöbəsinə müraciət etmiş və orada ona məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, Məmmədov X1 Murad Fikrət oğluna öz qohumundan borc alaraq ilk öncə 1500 manat, daha sonra 800 manat borc pul vermişdir. Daha sonra isə öz Birkart hesabından 500 manat pul çıxarıb cavabdehə vermişdir. Cavabdeh pulu 2020-ci ilin aprel və ya may aylarında qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə məhkəmə baxışı zamanı iddiaçı tərəfindən hər iki tərəfin razılığı ilə məhkəmə iclas zalında təqdim olunan diskə video baxış zamanı və təqdim olunmuş vatsap yazışmalarındanda görünür ki, cavabdehin həqiqətəndə iddiaçıdan pul aldığı məlum olmuş, həmin pulu qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bu sübutlar eyni zamanda şahid ifadələri kifayət qədər əsas verir ki, iddiaçı öz tələbində haqlıdır. Cavabdeh isə iddianın əsassız olmasına dair lazım olan mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcələnin bu tələbinə və Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğdə pul tutulub İddiaçı verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti hverilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar