Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-622/2024 11.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 30 iyul 2011-ci il təvəllüdlü X2. 11 iyun 2013-cü il təvəllüdlü X5 və 28 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, aliment miqdarını artıraraq hər uşağa 235 manat, olmaqla cəmi 705 sabit pul məbləğində alimentin və mediasiyaya xərclənmiş 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 may 2011-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2011-ci ildə Sevinc, xx.xx.2013-cü ildə Nuray və xx.xx.2015-ci ildə Yusif adlı övladları dünyaya gəlmişdir. Nikahların ilk illərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmağa başladır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1856/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 214 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş Sevinc, xx.xx.2013-cü il tarixdə doğulmuş Nuray və xx.xx.2015-ci il tarixdə doğulmuş Yusif adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilməsi, 17 sentyabr 2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan iki ildən artıq vaxt keçmişdir. Cavabdeh müəyyən olunmuş aliment miqdarından artıq uşaqların saxlanması üçün köməklik etmir. Uşaqlar böyüyür, məktəbə gedirlər. Qiymətlərin qalxması ona tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşaqlara baxmaqda çətinlik törədir. Gündəlik təlabat malları və geyim əşyaları gözəçarpacaq dərəcədə demək olar ki, iki ildən artıq müddətdə 2 dəfə bahalaşmışdır. Cavabdeh hərbiçidir. N saylı hərbi hissədə xidmət edir. Həmin hərbi hissə Yevlax rayon Aran qəsəbəsindədir. Maddi imkanı çox yaxşıdır. Belə ki, torpaq sahəsi də vardır, torpaq sahəsindən qazanc əldə edir. Kifayət qədər gəlirə malikdir. Onun uşaqların saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı vardır. İstəyir ki, uşaqlarının bütün təminatları ödənilsin və yaxşı təhsil alsınlar. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahımızdan doğulmuş 2011-ci il, 2013-cü il və 2015-ci il təvəllüdlü X4 Qurbanlının və Yusif Qurbanlının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün alimentin miqdarının artırılaraq hər uşağa 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin ondan tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırır ki, məhkəmə qətnaməsi ilə alimentin təyin olunması barədə vaxtdan iki il keçmişdir, cavabdeh qətnamə ilə hər uşaq üçün müəyyən edilmiş 130 manat, cəmi 390 manat alimenti ödəyir, lakin əlavə olaraq uşaqların saxlanması üçün köməklik etmir, 2024-cü ildə yaşayış minimumu isə uşaqlar üçün 235 manat təşkil edir. Qeyd etmək istəyi ki, o iddiaçının hazırkı iddia tələbi ilə razılaşmır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1856/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün təyin edilmiş sabit pul məbləğində 130 manat, cəmi 390 manat alimenti vaxtında ödəyir, aliment borcu yoxdur. O iddiaçı ilə rəsmi qaydada ayrıldıqdan sonra X6 ilə ailə qurmuşdur və nikahlarını 01 mart 2023-cü ildə Mingəçevir regional "ASAN xidmət” mərkəzində rəsmiləşdirilib, ailəsini dolanışığı üçün də aylıq xərc sərf olunur. Bundan başqa, İddiaçı ilə birgə nikah dövründə ailə vəziyyəti ilə əlaqədar "xxxx" ASCdən kredit götürmüşdür və hazırda kredit borcunu da ödəməlidir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(014)-1370 saylı qətnaməsi ilə ondan "xxxx" ASCnin xeyrinə 4430.56 manat əsas borc, 734.31 manat faiz borcu, 146.57 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5341.44 (beş min üç yüz qırx bir manat qırx dörd qəpik) manat pul tutulur və o hər ay həmin kredit borcunu da ödəyir. Daha sonra, xx.xx.2023-cü il tarixdə “Lombard”dan 18 ay müddətinə 39% olmaqla 1000 (bir min) manat kredit götürmüşdür və hər ay 74.25 manat olmaqla kredit ödəyir və bu kreditin müddəti 17 iyun 2025-ci il tarixə qədərdir. Hal-hazırda öz ailəsi ilə Sumqayıt şəhərində 11-ci mikrorayon ev 10, mənzil 41-də kirayədə yaşayır və mənzilin mülkiyyətçisi, kirayəyə verən X9 ilə onun arasında 24 yanvar 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş mənzil kirayə müqaviləsi vardır. Aylıq kirayə haqqı müqavilənin 5-ci bəndinə əsasən 400 manatdır və hər ay kirayə haqqını ödəyir. Bütün bu qeyd etdikləri gündəlik xərclərdən əlavə onun bir aylıq mütləq ailə büdcəsi xərcidir. Bu xərclər müqabilində o və ailəsi də yaşamalıdır. Qeyd edir ki, o Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür, təqaüdün məbləği 80 manatdır, erməni silahlı birləşmələrinə qarşı Aprel döyüşlərində, 44 günlük müharibədə və sonuncu 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror əməliyyatında (tədbirlərində) iştirak etmişdir. AR Prezidentinin 24 iyun 2021-ci il tarixli 2720 N°-li Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, AR Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatında işləyir, o da bir valideyn kimi uşaqların saxlanmasında iştirak etməlidir. Onun maddi vəziyyətində müsbətə doğru hər-hansı dəyişiklik, yaxşılaşma yoxdur, maddi vəziyyəti daha da pisləşib, xərcləri çoxalıb, əgər aliment artırılarsa gündəlik və aylıq dolanışığı pisləşəcək və o həmin artımla davamlı olaraq alimenti ödəmək iqtidarında ola bilməyəcək, onun və ailəsi də minimum həddə yaşamaq hüququ var, həyat yoldaşı da işləmir. Qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumudur sabit (dəyişməz) aliment məbləği deyil. Məhkəmə iddiaçının və onun nümayəndəsi (vəkili) izahatlarını, cavabdehin nümayəndəsi (vəkili) etiraz ərizəsini ona əlavə olunmuş sənədləri, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011-ci ildə Sevinc, xx.xx.2013-cü ildə Nuray və xx.xx.2015ci ildə Yusif adlı adlı uşaqların atası Cavabdeh və anası İddiaçıdır. İşə əlavə olunmuş AZ-İ № 418072 nikahın pozulması haqqında şəhadətnamin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı aralarında olan nikah xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə № 28 ilə qeydə alınmışdır. İşə əlavə olunmuş kirayə müqaviləsindən müəyyən olunur ki, kirayəçi Cavabdeh kirayəyə verən X9 ilə müqavilənin şərti əsasında hər ay 400 manat kirayə haqqı ödəyir. İşə əlavə olunmuş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlığından müəyyən olunur ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-1370 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X1 və Cavabdeh "xxxx" ASC-nın xeyrinə 4430.56 manat əsas borc, 734.31 manat faiz borcu, 146.57 manat cərimə borcu, 30 manat ödənilməmiş dövlət rüsumu, cəmi 5341.44 manat borc tutulması qət etdişdir. İşə əlavə olunmuş İPQN№081846saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əlavədən müəyyən olunur ki, “Lombard” girov biletinə əsasən Cavabdeh 18 ay müddətə 39% olmaqla 1000 manat məbləğində kredit götürmüşdür. “Azemis” İnformasiya sisteminə verilmiş sorğuya əsasən və işə əlavə olunmuş arayışdan müəyyən olunur ki, Cavabdeh vətən müharibəsi iştirakçısı olması ilə əlaqədar – 80 manat pensiya alır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1856/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ilə aralarında xx.xx.2011-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 214 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş Sevinc, xx.xx.2013-cü il tarixdə doğulmuş Nuray və xx.xx.2015-ci il tarixdə doğulmuş Yusif adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilməsi, 17 sentyabr 2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müəliəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Məhkəmə, uşağın mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödənilməsi üçün cavabdehin kifayət qədər gəlirə malik olmasını müəyyən edən hər hansı mötəbər sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1856/2021 saylı, 28 oktyabr 2021-ci il qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh 30 iyul 2011-ci il təvəllüdlü X2, 11 iyun 2013-cü il təvəllüdlü X5 və 28 may 2015-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pul tutulub iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 iyul 2011-ci il təvəllüdlü X2, 11 iyun 2013-cü il təvəllüdlü X5 və 28 may 2015-ci il təvəllüdlü X7 adlı uşaqları yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1856/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilsin. Həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pul tutulub iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmənin hakimi: Elza Cəbrayılzadə