Məhkəmə qərarları › İş №2(051)-624/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-624/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-624/2024 18.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 930 (doqquz yüz otuz manat) manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə birlikdə Mingəçevir şəhəri 13 saylı uşaq bağçasında bir yerdə işləyirlər. Bir-birlərini xeyli müddətdir ki, tanıyırlar. Aralarında yaxşı münasibətlər olmuşdur. 18 oktyabr 2023-cü il tarixdə öz telefonundan whatsapp vasitəsilə yazaraq Sevinc ona bildirmişdir ki, oğlunu işə düzəldir, təcili 500 manat pul lazımdır. İkinci dəfə isə yenə 18 noyabrda whatsapp vasitəsilə yazaraq usta üçün 400 manat pul lazım olduğunu bildirmişdir. O da iş yoldaşı kimi cavabdehə inanaraq iki dəfə 500 manat və 400 manat olmaqla, 900 manat pul vermişdir. 30 manat da pul bir vermişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh ona olan borcunu müxtəlif bəhanələrlə ödəməkdən imtina edir. Bu səbəbdən o, Mingəçevir şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Mingəçevir Şəhər Polis Şöbəsində ərizəsinə baxıldıqdan sonra göstərilən xüsusatlara baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh Polis şöbəsində izahat verərkən ondan 930 manat borc pul aldığını təsdiq etmişdir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlandığı etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Mingəçevir şəhər 13 saylı Səhər körpələr evi uşaq bağçasına tərbiyəçi müəllimə vəzifəsinə təyin olunmuşdur. İşə gələndə kollektivin işçiləri ona xəbərdarlıq etmişlər ki, İbadət qrupda dayə vəzifəsini icra edir. Bütün o qrupa təyin olunan müəllimələr ondan qaçırmışlar. Səbəb olaraq isə ona qrupda nizamintizamın olmaması, təhqiramiz ifadələr işlətməsini bildirmişlər. Gələn gündən müşahidə apararaq doğrudan da dedikləri təsdiqini tapmışdır. Qrup daxilində uşaqlara qarşı rəftarı hədsiz pis və şiddət göstərirdi. Dəfələrlə özünə deyirdi ki, olmaz. O gələn gündən döşəmənin belə demək olar ki, olmaması, qrupun təmirsiz şəraitdə olması onu çox narahat edirdi. Öz vəsaiti hesabına təmir edilmişdir. Pulu çatmadığı üçün İbadət özü ona bildirmişdir ki, sələm verir, o da İbadətdən 900 manat sələm almışdır. Hər ay 900 manatın üstü 135 manat verirdi. Yeni il şənliyi ilə əlaqədar taxtanın üzərinə rəsm çəkmişdi və saat 4-də ustaya zəng etdi ki, gəlib taxtanı aparatla kəssin. İstədiyi vaxt gedirdi, qrupda uşaqların bütün ehtiyaclarını özü edirdi və tək işləyirdi. İbadət gəlib ustanın yanında təhqiramiz ifadələr işlədərək onun şəxsiyyətinə toxundu. O isə müdiri çağıraraq bildirdi ki, bele olmaz, tərbiyəçi müəlliməyə nalayiq ifadələr işlətmək olmaz, özü də tərbiyə müəssisəsində. Müdir gəlib İbadətdən soruşduqda müdirə kobud şəkildə cavab vermiş, o da bu təhqirə dözməyib Mingəçevir şəhər Təhsil şöbəsinə müraciət etmişdir ki, İbadət qrupda özünü çox pis aparır, uşaqları döyür, təhqir edir. Qrup daxilində körpə uşaqların yanında nalayiq ifadə işlədir və öz nəvəsini digər uşaqların yanında şiddətli şəkildə döydüyü üçün video təqdim etmişdir. Hansı ki gəldiyi vaxtdan İbadətə demişdir ki, onun qrupunun uşaqlarının yaş səviyyəsi 4-5 yaşdır. Müdirə də bildirmişdir ki, valideynlər şikayət edir, çünki İbadətin nəvəsinin iki yaşı var, uşaqları qəfil gəlib vurur və uşaqlar xəsarət alanda, iddiaçı 4-5 yaşında olan uşaqlara bildirirdi ki, gedib evdə deməyin, yoxsa sizi sabah bağçaya gələndə döyəcəm. Uşaqların çoxu bu insanın rəftarına görə gəlmirdi. Əlinin qrupa qoyulması ilə bağlı valideynlərin narazılıq etdiyini deyəndə İbadətin qızı Aynurə səsini ucaldaraq onu təhqir etmişdir. Sonra yeniden qapını açıb pulunu niyə vermədiyini soruşmuş, o da demişdir ki, səndən pul almışam? Anasından aldığını, verməsə bağçanı başına çevirəcəyini deyib qapıya təpik vurub səsini ucaltmışdır. O da DİN-102 xidmətinə zəng etmişdir ki, hər kəsin yanında təhqiramiz ifadələr işlədir, özü də işlədiyi müəssisədə. Təhsil şöbəsinin nümayəndələri gələrək İbadətə xəbərdarlıq etmişlər, video əsasında müəssisənin daxilində qızına şərait yaratdığına görə və uşaqlara davranışına görə digər qrupa keçirmişlər. Yenidən səhər iş zamanı İbadət gəlib qrupun daxilində onunla mübahisə etmiş, o yenə heç nə deməmişdir. Aradan bir az keçmiş, o, İbadəti Polis şöbəsinə şikayət etdi və izahatında da bildirdi ki, o, İbadətdən 900 manat sələm almış, üç ay 135 manat üst vermişdir. Deməmişdir ki, verməyəcək, demişdir ki, azaz verəcək, kirayədə yaşayır, sələmi dayandırsın. İki yetim uşağa baxır, başsız qadındır. İbadət məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə iclas təyin olunmuşdur. İbadət bu vaxtı gözləməyib tapşırıq verib ki, get bağçaya. Səhər saat 9 radələrində uşaqları qəbul edib öz müəllim stulunda əyləşən vaxt, İbadətin qızı bağçada işləməyəişləməyə müəssisənin daxilinə, onun qrupuna girib uşaqların qarşısında onun saçından tutaraq oyuncaq şkafına itələyib, hətta dəhlizə qədər onun saçından tutaraq sürümüşdür. Qrupun dayəsi, həmçinin başqa qrupun dayəsi də İbadətin qızının əlindən onu ala bilməmişlər. Birtəhər müdirin otağına tərəf qaçmışdır. İbadətin qızı Aynurə dayanmadan valideynlərin gələn vaxtı hər kəsin yanında onu təhqir etmişdir. O da 102 xidmətinə zəng etmiş və gəlib görmüşlər ki, otaq dağınıq, onun üst-başı tozdur. Saçını nə qədər var gücü ilə dartıbsa, qolunu burub və üzünə tüpürdü. Gəlib görmüşlər ki, ayaqlarının ikisi də qırmızı, sonradan qaralmağa başlamış, başına yumruq nə qədər vurubsa, halı yox idi. Rəngi ağ və dodaqları gömgöy idi. İbadət qızını sakitləşdirmək əvəzinə yenidən onun üstünə gəlib ki, yaxşı edib. O, iddiaçının ona verdiyi sələm pulunu danmır. İddiaçının acığına bir məqama toxunub ki, bu günə qədər bütün istədiyini edib. Vadar edib ki, bütün müəllimlər bununla işləməsin. Hətta uşaqları döyəndə deyirdi ki, eləmə, sənin ixtiyarın yoxdur. İddiaçı ona deyirdi ki, sən mənim yanımda danışma, gözü kölgəlisən, başımı xarab eləmə, səni də o biri müəllimələr kimi edərəm. O da nə olsun ki, İbadət ona sələm verib, o da hər ay üst verir 135 manat. O deməkdir ki, göz yumub qrupun uşaqlarına etdiyi şiddətə baxmalıdır? Bütün uşaqlar ondan qorxurdu. İş saatı 6-da bitməsinə baxmayaraq İbadət saat 4-də evə gedirdi. İddiaçıya təsir edən başqa qrupa keçməsi oldu. Çünki digər qruplarda səsini qaldırdı, müdiriyyətə bildirdilər ki, İbadətlə işləmirlər. Həqiqətən də İbadətin tapşırığı ilə qızı Aynurə onun işlədiyi müəssisəyə gəlib qrupunun daxilində sağlamlığına ağır zərbələr vurub. Hal-hazırda otura bilmir, ayaqları, əlləri zərbə nəticəsində əzilib. Hər gün təcili yardım gəlir, ağrıkəsici vururlar ki, ağrını az hiss etsin. İbadət fevralın 20-də məhkəməyə vermişdisə, nə üçün onun döyülməsinə şərait yaratmışdır? Əgər bunların pul dərdi idisə, vaxtı gözləyərdilər və qərar əsasında icra olunardı. İbadətin məqsədi o olub ki, o qrupdan niyə çıxıb (səbəb öz davranışı olub körpə uşaqlara qarşı) və məqsədli şəkildə onun sağlamlığına zərər gəlsin deyə qızı tərəfindən döydürüb. Döyülməyini qəbul etmir. İki uşağı var. O döyülmədən sonra 2 saniyə də olsa, huşu gedir gəlir. Zərbələr nəticəsində başı çox ağrıyır. Uşaqları bütün günü ağlayır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə bağlı xx.xx.2024-cü il tarixində keçiriləcək məhkəmə iclasında iştirak edə bilmir. İddiaçı adlı şəxsdən 900 manat sələm almışdır. Üç ay 135 manat üst, 900 manatın üstünü vermişdir. Sələm almışdırsa, o insan pis vəziyyətində sələm də olsa, əlindən tutubsa, o, 900 manatı qaytarmalıdır. Təhsil müəssisəsində onu təhqir etmiş, hətta öz qızını iş zamanı otağa göndərib onu döymüşdür. Odur ki, məhkəmədən ailə vəziyyətini, kirayədə yaşadığını, iki azyaşlı uşağının olmasını nəzərə alaraq borcun hissə-hissə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin ərizələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Whatsap sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalardan və CD diskdə olan səs yazılarından görünür ki, iddiaçı ilə cavabdeh arasında borc ilə bağlı münasibət olmuş, yəni cavabdeh iddiaçıdan borc pul almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 930 manat məbləğində borc pul verilməsini və cavabdehin həmin borcu ona qaytarmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında pul məbləğinin borc alınıb verilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçı cavabdehə 500 manat və 400 manat olmaqla, cəmi 900 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Bu hal işin mübahisə edilməyən faktiki hallarıdır. Ona görə də məhkəmə həmin halları araşdırmır. Lakin sonradan iddiaçının cavabdehə 30 manat borc verməsi və cavabdehin həmin məbləği də qaytarmaması ilə bağlı iddiaçının izahatı və cavabdehin məhkəməyə ünvanladığı ərizələrin məzmunu arasında ziddiyyət olmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehin hazırda ona 930 manat borcu olduğunu bildirmiş, lakin cavabdeh ərizələrində iddiaçının göstərdiyi 30 manat borcu qəbul etməmişdir. Belə ki, iddiaçı tərəf müxtəlif vaxtlarda cavabdehə 500 manat, 400 manat və 30 manat olmaqla, 930 manat pul verdiyini bildirmişdir. Cavabdeh isə ərizələrində iddiaçıdan cəmi 900 manat borc pul aldığını bildirmişdir. Ona görə də məhkəmə həmin halı işin mübahisə edilən faktiki halı kimi qəbul edir və tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, iddiaçı tərəf məhkəmə iclası zamanı cavabdehə 30 manat məbləğində borc pul verməsi faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə məhkəməyə ünvanladığı ərizələrində iddiaçıdan 900 manat borc pul aldığını etiraf etmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi 930 manat həcmində deyil, yalnız işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 900 manat məbləğində qismən əsaslı hesab edir. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, işin müəyyən olunmuş həqiqi hallarına, həmçinin Whatsap sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalara və SD diskdə olan səs yazılarına əsasən, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmuş, yəni iddiaçı cavabdehə borc pul vermişdir. Belə ki, cavabdeh iddiaçıdan 500 manat və 400 manat olmaqla, cəmi 900 manat aldığını etiraf etmiş və həmin pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin ödəniş etməmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1–ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh hissə-hissə ödəmək şərti ilə 900 manat məbləğində borc pul almış, lakin ödəniş etməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, həmçinin məhkəmə iclasında verdiyi izahatına hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının iddia ərizəsində tələb etdiyi miqdarda deyil, cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizələrində göstərilən və işin faktiki halları ilə müəyyən olunan miqdarda, yəni 900 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 900 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh 900 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar