Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-628/2021 06.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh uzun müddətdi tanımışdır. Əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Sonradan qohum olmuşlar. Belə ki, cavabdeh xalası qızı ilə ailə qurmuş, o da xalası qızı ilə ailə qurduğu üçün həm də bacanaq olmuşlar. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Həmçinin o da sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təxminən 4 ildən çox olar ki, cavabdeh ona bildirmişdir ki, sahibkarlıq fəaliyyətini daha da genişləndirmək üçün pul lazımdır, ancaq banklardan götürülmüş kreditləri gecikdirdiyi üçün o, bankdan pul götürə bilmir. Ona görə də cavabdeh bildirmişdir ki, imkanı varsa girov qızıl qoyub pul götürmək mümkündür, lakin çəkisi çox olan qızıl-zinət əşyaları lazımdır. Əvvəldən də bir-birilərinə hörmətləri, eyni zamanda qohum olduqları üçün evdə ehtiyat saxladığı lom kimi yüksək çəkiləri olan qızılzinət əşyalarını 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 7824 manat dəyərində-Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 4896 manat dəyərində bilərziyi cavabdehə vermişdir. Cavabdeh də ona məxsus qızıl-zinət əşyalarını lombarda girov qoyaraq təxminən 10.000 manat məbləğində pul götürmüşdür. Cavabdeh pul götürdükdən təxminən bir ay sonra ona zəng edərək bildirmişdir ki, Bakı şəhərindədir, kredit ödəməyin vaxtıdır, aylıq 300 manat ödəməlidir, xahiş etdi ki, onun əvəzinə 300 (üç yüz) manatı ödəsin. O, da lombardın sahibi olan Yalçın adlı şəxsin Lombardına 300 (üç yüz) manat pulu ödəmişdir. Xeyli müddət keçdikdən sonra o elə hesab etmişdir ki, cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərini ödəyir. O, Lombardla maraqlandıqda isə oradan ona bildirmişlər ki, cavabdeh kredit borcunu ödəmədiyi üçün ona məxsus və cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları satılmışdır. O, cavabdehə zəng edərək lombarda olan kredit borcunu ödəmədiyi üçün ona məxsus qızıl-zinət əşyalarının satıldığını bildirmişdir. Cavabdeh isə Bakı şəhərində olduğunu, gəlib həll edəcəyini demişdir. Qeyd etdiyi kimi onlar qohum olmuş, lakin cavabdeh sonradan boşandığına görə qohumluq münasibətləri də pozulmuşdur. Baxmayaraq ki, qohumluq münasibətləri pozulmuş, onun cavabdehlə telefon əlaqəsi olmuşdur. Hər dəfə telefonda cavabdeh ona verdiyi qızıl-zinət əşyalarını etiraf edir, ancaq maddi imkanı olmadığı üçün qızıl-zinət əşyalarını və onun əvəzinə lombarda ödədiyi 300 manat pulun qaytarılmasına imkanı olmadığını bildirir. Onun da maddi vəziyyəti çox pisdir, evini ipoteka ilə yüklü edib, kredit götürmüş, pandemiya ilə əlaqədar işləyə bilmədəyi üçün kredit müqaviləsinin şərtlərini pozmuş, bank tərəfindən ona xəbərdarlıq məktubları gəlmişdir. Dəfələrlə cavabdehə maddi vəziyyətinin pis olmasını izah edib, borcunun qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Hazırkı vəziyyətdə isə cavabdeh ona borclu olduğunu və yaxud ondan qızıl aldığını inkar edir. Halbuki, lombard sahibi olan Yalçın adlı şəxs cavabdeh tərəfindən girov qoyulmuş qızılların ona məxsus olduğunu cavabdehdən eşitdiyini bildirir. Lakin cavabdeh psixi təzyiqlər etdiyinə görə Yalçın məhkəmə iclasına gəlmir. Hesab edir ki, cavabdehin bildirdikləri formal mülahizədən başqa bir şey deyil, cavabdehin niyyəti onun vəsaiti hesabına əsassız varlanmaqdan ibarətdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclası zamanı təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verərək, onun göstərdiyi halları təsdiq etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh təqdim etdiyi etiraz ərizəsində və məhkəmə iclası zamanı izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, iddiaçı iddia ərizəsində guya onun “ona verdiyi” qızılları lombarda qoyduğunu və onun yerinə bir dəfə lombard kreditini ödəniş etdiyini qeyd etmişdir. Lakin iddiaçı mülki prosessual qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Belə ki, istinad etdiyi hallara dair nə lombard kredit müqaviləsi, nə də onun əvəzinə ödədiyi ödəniş üzrə mədaxil qəbzini məhkəməyə təqdim etməmişdir. İddia tələbi üzrə qeyd edilmiş müddətlərdə, onunla lombard arasında olan kredit və girov müqavilələrini tələb etməklə, girov müqavilələrdə qeyd edilmiş qızılları müqayisə edərək iddia tələbinin əsassız olmasını müəyyən etmək olar. Lakin müqavilənin də surətini iddiaçı məhkəməyə təqdim etməmişdir. 2011-2015-ci illərdə o, Beynəlxalq Bankda mütəxəssis vəzifəsində işləmiş, əlavə özünün də qızıl dükanı olmuşdur. 2017-ci ilə qədər o, qızıl işi ilə məşğul olmuşdur. İşlə əlaqədar lombarda qızıl girov qoyub pul götürmüş, həmçinin Yalçın işlətdiyi lombarda qızıl girov qoyub borc pul götürmüş, ödənişlərini edib hamısını bağlamışdır. İddiaçı ilə qohumluq münasibətləri olmuş, lakin o, ondan heç bir qızıl zinət əşyaları borc almamış, nə də girov qoymamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri haqda rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin 05.05.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Təxminən 2017-ci ildə Cavabdeh ondan 6000 manat məbləğdə pul istədi və bunun müqabilində ona 97.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan Bismak sep və 61.2 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bilərziyi təklif etdi. Aralarında olan razılaşmaya əsasən Cavabdeh ondan aldığı borc pulu yaxın vaxtlarda qaytarmalı idi. Həmin vaxt Cavabdeh ondan aldığı pulu tez bir zamanda qaytaracağını və bundan sonra ona verdiyi qızıl-zinət əşyalarını geri götürəcəyini bildirdi. O da onunla bu barədə razılaşdı və ona 6000 (altı min) manat məbləğdə borc pul verdi, bunun əvəzində isə Cavabdeh ona 97.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan Bismak sep və 61.2 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bilərziyi verdi. Daha sonra ona məlum oldu ki, həmin qızılzinət əşyaları İddiaçı məxsusdur. Cavabdeh ondan götürdüyü pulu qaytarmadığına görə o, bu barədə İddiaçı bildirdi və qızıla görə Cavabdeh pulu ödəmədiyini, götürülmüş borc pulun müəyyən hissəsinin ödənilməli olduğunu onun diqqətinə çatdırdı. İddiaçı də həmin vaxt Cavabdeh ona zəng edərək qızıla görə ödəniş etməsini xahiş etdiyi təqdirdə, İddiaçı də həmin məbləğin müəyyən hissəsini ödəyəcəyini bildirdi. Bundan sonra o, Cavabdeh məlumat verdi. Daha sonra isə İddiaçı 300 manat məbləğdə pulu Cavabdeh əvəzindən ona ödədi. Cavabdeh götürdüyü borc pulu ödəmədiyinə görə o, onun özünə və İddiaçı qızıl-zinət əşyalarını borcun əvəzi olaraq satacağımı bildirdi. İddiaçı də ona Cavabdeh əvəzinə 2-ci dəfə ödəniş etməyə imkanı olmadığını və qızıl-zinət əşyaları satılacağı təqdirdə onların foto şəklini çəkərək onun mobil telefonuna göndərməsini xahiş etdi. O da həmin qızıl-zinət əşyalarının foto şəklini çəkərək İddiaçı məxsus mobil telefon nömrəsinə göndərmikşdir. Sonradan o, Cavabdeh borc götürdüyü pulu ödəmədiyinə görə həmin qızılzinət əşyalarını 5400 manata satmışdır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçı tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, təxminən 2016-2017-ci illərdə iddiaçının plastik qapı-pəncərə sexində 4-5 ay ərzində işləmişdir. Həmin vaxtlarda iddiaçı öz avtomobili ilə arabir onu yaşadığı evə aparırdı. Bir gün 9 saylı məktəbin yanında maşını saxlayaraq, Razimi gözlədiyini dedi. Razim gələrək maşının arxa oturacağında oturdu. Həmin vaxt İddiaçı maşının saxlanc yerindən selofan bükümünü götürdü və açdıqda qızıl-zinət əşyasının olduğunu görmüş və həmin qızılları Razimə borc olaraq vermişdir. Bu yaxınlarda Elnur bildirmişdir ki, Razim bu günə kimi həmin qızılları qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə şahid ifadəsinə və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin ona çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 7824 manat olan Bismak sepin və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 4896 manat olan bilərziyin naturada özünün və yaxud onların dəyərinin, Cavabdeh kredit borcu kimi ödədiyi 300 (üç yüz) manatın ödəməli olmasını sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh bacanaq olduqlarına görə onların arasında qohumluq (qudalıq) münasibəti yaranmışdır. Sonradan iddiaçı arvadından boşandığına görə cavabdehlə aralarında olan qohumluq (qudalıq) münasibətləri pozulmuş və onlar arasında qərəzli münasibətlər formalaşmışdır. Həmin qudalıq münasibətlərinə istinad edən İddiaçı cavabdehə 2016- 2017-ci illər ərzində 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 7824 manat olan Bismak sepi və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan qiyməti 4896 manat olan bilərzyi borc kimi verdiyini, həmçinin cavabdehin əvəzinə 300 (üç yüz) manat məbləğində kredit borcu ödədiyini iddia etsə də, bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, işin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarını girov qoyub pul götürmək üçün borc kimi cavabdehə verdiyini bildirsə də, həmin halı təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin izahatlarının və şahid ifadəsinin müqayisəli tədqiqi nəticəsində müəyyən edilmiş hallar əsasında həll edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclası zamanı tələb etdiyi qızılların mövcud olmasını göstərsə də, həmin hal öz izahatından və dəvət etdiyi şahid ifadəsindən başqa, heç bir mötəbər mənbədən əldə edilmiş sübutla təsdiq olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfin dəvət etdiyi və məhkəmə iclasında dindirilmiş şahidin ifadəsinə qiymət verilməsini mübahisənin düzgün həll edilməsi baxımından zəruridir. Belə ki, məhkəmə iddiaçı tərəfindən dəvət edilmiş şahid X3 ifadəsinə qiymət verərkən, nəzərə alır ki, həmin şahid keçmişdə baş vermiş hadisəni aydın və məntiqi ardıcıllıqla ziddiyyətsiz təsvir etməmiş, yalnız qızılların iddiaçıya məxsus olmasını və cavabdehə borc kimi verməsini göstərməklə kifayətlənmişdir. Şahid, həmçinin ifadəsində iddiaçının yanında cəmi 4-5 ay fəhlə işlədiyini, lakin onunla o qədər də yaxın münasibətdə olmadığını göstərmişdir. Belə olan halda iddiaçının öz bacanağına borc kimi qızıl əşyasını şahidin yanında verməsi inandırıcı görünmür. Ona görə də məhkəmə şahid ifadəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla belə məhkəmə iddiaçıya öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir əlavə sübut təqdim etməmidir. Yalnız üçüncü şəxs qismində cəlb edilmiş X1 məhkəməyə ünvanlandığı ərizəsinə istinad etməklə kifayətlənmişdir. Üçüncü şəxsin göstərdiyi hallar isə iş üzrə sübut edilməli olan, yəni qızıl əşyalarının iddiaçıya məxsus olmasını və iddiaçının həmin qızıl əşyalarını cavabdehə borc kimi verməsini birmənalı şəkildə təsdiq etmədiyindən, həmin hallar iş üzrə yekun və inamlı nəticəyə gəlməyə imkan vermir. Ona görə də üçüncü şəxsin bildirdikləri də iddianın təmin edilməsi üçün yetərli sayıla bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı olan borc mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini və müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinin tələbinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud olmalı, yəni iddiaçı ilə cavabdehlər arasında birbaşa şifahi və ya yazılı formada borc müqaviləsi olmalı, iddiaçı tələb etdiyi pul məbləğini və ya digər əvəz edilən əşyaları cavabdehə verməli, cavabdeh isə həmin pulu və ya digər əvəz edilən əşyaları məbləğini aldığı miqdarda iddiaçıya qaytarmağı öhdələrinə götürməlidirlər. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilən şərtlərin məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbində həmin şərtlər mövcud deyildir. Belə ki, mübahisəli qızıl-zinət əşyalarının mövcudluğu, yəni onların iddiaçının sahibliyində olması, həmçinin həmin qızıl əşyalarının cavabdehə borc kimi verilməsi ilə bağlı tərəflər arasında yazılı və yaxud şifahi razılaşmanın olması məhkəmə iclası zamanı təkzib olunmaz qaydada sübut olunmamışdır. Ona görə də iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı hazırkı tələbi irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mövcud vəziyyətdə iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehlərə qarşı qızıl-zinət və pul tələbi ilə bağlı iddia qaldırdığı üçün subyektiv hüquqa malik olmamışdır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçının cavabdehə qızıl əşyalarının verməsi, onun əvəzinə pul ödəməsi işin həqiqi hallarına uyğun olmadığına görə iddiaçı hazırkı tələbi irəli sürərəkən subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyrində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-628/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-628/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver