Məhkəmə qərarları › İş №2(051)-630/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-630/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-630/2024 17.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona olan 45000 (qırx beş min) ABŞ dolları (məhkəmə qətnaməsinin icra anına AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğunlaşdırılmaqla) məbləğində borc pulun ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri yaranmışdır. Bu ərizəyə əlavə olunmuş cavabdeh tərəfindən tərtib edilmiş sənəddən görünür ki, iddiaçı cavabdehə 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh həmin məbləğin 10000 ABŞ dolları hissəsinə 1 (bir) bitkoin əldə etmişdir. Həmin sənədə əsasən, cavabdehin 22 yanvar 2022ci il tarixə iddiaçıya olan borcu 10000 (on min) ABŞ dolları və 1 (bir) bitkoin təşkil edib. Həmin sənəddə qeyd edilib ki, xx.xx.2022-ci il tarixdə bir bitkoinin bazar dəyəri 35000 (otuz beş min) ABŞ dolları təşkil edib. Həmin sənədə əsasən cavabdeh xx.xx.2022-ci il tarixədək iddiaçıya hissə-hissə 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini ödəməyə dair öhdəlik götürüb. Həmin sənədə əsasən cavabdeh xx.xx.2023-cü il tarixədək iddiaçıya qalan 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul vəsaitini ödəməyə dair öhdəlik götürüb. Beləliklə, ümumilikdə 45000 (qırx beş min) ABŞ dolları məbləğində pul borcludur. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərib. Həmin pretenziyaya cavabdeh tərəfindən cavab verilməyib. Sonradan məhkəmədən öncə 2000 (iki min) ABŞ dolları və məhkəmə prosesi gedərkən 2000 (iki min) ABŞ dolları məbləğində borcundan ödəniş etmişdir. Ona görə də Cavabdeh ona olan 45000 (qırx beş min) ABŞ dolları (məhkəmə qətnaməsinin icra anına AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğunlaşdırılmaqla) məbləğində borc pulun ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh atasıdır. Oğlu bu yoldaşla şərikli iş görüb. Azərin icazəsi olmadan oğlu oradan pul köçürə bilməzdi. Azər oğluna deyib ki, riskli işlərə girmə. Oğlu isə pulu başqasına etibar edib. Azər oğluna deyib ki, o pula bitkoin al. Oğlu isə almamışdır. O dəqiq bilmir bu işləri. Oğlunun dediyinə görə o pul sistemdə durur o pulu Azər görə bilər. Azər öz qoyduğu pulu istəməlidir. Doğrudanda oğlunun İddiaçı borcu vardır. Cəmi borcu 10000 ABŞ dolları olmuşdur. Ödənişlərdən sonra onun 6000 (altı min) ABŞ dolları borcu vardır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işə əlavə edilmiş məhkəməyə təqdim edilmiş fləşkartdaki audio səs yazılarından görünür ki, Cavabdeh bitkoin aldığını və 10000 ABŞ dolları borcu olduğunu təsdiq etmişdir. İşə əlavə olunmuş razılaşmadan görünür ki, o, Cavabdeh 2020-ci ilin may ayında 10 min dollar dəyərində pulu İddiaçı götürüb Binance birjasındakı hesabına dollar şəklində, həmin ilin avqustunda isə 10 min dolları isə bir Bitcoin olaraq yatırmışdır. 22 yanvar 2022ci ilə borc 10 min dollar və 1 Bitcoindir. Hesabdakı uğursuz əməliyyatlara görə Bitcoini 10 min dollara aldığına görə ilk öncə 20 min dolları 30 avqusta qədər bağlayacaqdır. 1 Bitcoini isə bugünkü kursu (35000/otuz beş min) ilə hesablayırlar və 31 dekabr 2023 tarixinə qədər ana məbləğdəki 10 min dolları çıxmaq şərtilə 25 min dollar ödəyəcəkdir. İlkin ödəyəcəyi 20000 dolların ödəmə qrafiki: 1. Binance birja hesabı – 30 avqust 2022 10 min dollar 2. Yanvar 2022 – 500 dollar 3. Fevral 2022 – 1500 dollar 4. Mart 2022 – 2000 dollar 6. May 2022 – 2000 dollar 7. İyun 2022 – 1000 dollar 8. İyul 2022 – 500 dollar 9. Avqust 2022 – 500 dollar ödənəcək. İşə əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pul tələbinə dair pretenziyadan görünür ki, İddiaçı verməli borc pulun qaytarılması xahiş olunmuş və bu pretenziya çatdırıldıqdan sonrakı yeddi gün ərzində cavab verilməsə, məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq edilmişdir. İşə əlavə olunmuş mesajdaşlaşmaların surətindən görünür ki, Cavabdeh iddiaçıdan 10 min dolları və 1 ədəd bitcoin aldığını təsdiqləmişdir. İşə əlavə olunmuş “statmuse.com” saytından alınmış çıxarışdan görünür ki, 1 bitcoinin qiyməti 22 yanvar tarixində dəyişkən olmuş və yekun qiymət 35034.25 ABŞ dolları olmuşdur. Beləliklə məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı ilə yazılı razılaşma bağlayaraq iddiaçı cavabdehə 20000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh həmin pulun 10000 ABŞ dolları hissəsinə 1 bitcoin əldə etmişdir. Həmin bitcoinin dəyəri məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, sonradan 35000 ABŞ dolları həddində artmışdır. İddiaçı cavabdehdən borclu olduğu pul məbləğini tələb etsə də, cavabdeh borcunu ödəməmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş cavabdehin atası cavabdehin cəmi 6000 ABŞ dolları məbləğində borclu olduğunu bildirsə də, məhkəməyə təqdim edilmiş audio səs yazıları, mesajlaşmalar və tərəflər arasındakı yazılı müqavilədən görünür ki, cavabdeh iddiaçıya 1 bitcoin və 10000 ABŞ dolları borclu olduğunu etiraf edir. Bundan başqa məhkəmə iclası zamanı iddiaçı etiraf etdi ki, cavabdeh ona olan borcundan 4000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pul borcunun iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da həmin məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən, yəni iddia tələbi iddiaçının məhkəmə iclası zamanı etiraf etdiyi məbləğ həcmində, yəni 41000 ABŞ dolları məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. İddiaçının tələb etdiyi qalan 4000 ABŞ dolları hissəsinə məhkəmə hüquqi qiymət veərərk hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı borcun həmin hissəsinin ödəndiyini etiraf etmişdir. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir və etirafı əsas tutaraq iddia tələbini həmin əsaslarla təmin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktiki halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cavabdehə aralarında olan yazılı razılaşma əsasında iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmışdır. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Odur ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edərək təsdiq edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li, 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq. q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 41000 (qırx bir min) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) məbləğində pul tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar