Məhkəmə qərarları › İş №2(051)-636/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-636/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-636/2022 19.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədatağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi, Vəkil və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı “Birgə nikah dövründə ödənilmiş kredit pulunun yarısının cavabdehdən alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikah dövründə götürülmüş kreditin yarı dəyəri olan 8720.6 (səkkiz min yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğdə pulun və ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikah dövründə götürülmüş və tam olaraq ailənin ehtiyacları və Cavabdeh müalicəsi üçün xərclənmiş cəmi 22970 manat məbləğdə kreditin yarı dəyəri olan 11485 (on bir min dörd yüz səksən beş) manat məbləğdə pulun və ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 24 noyabr 2017-ci il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahdan onların 02 iyun 2019-cu ildə Atəş adlı uşaqları doğulmuşdur. Birgə nikah müddətində şəxsi mənzili olmadığı üçün kirayəşin yaşamışlar. Ailədə yalnız özü işləmişdir. Yoldaşı ancaq ev işləri ilə məşğul olmuş, işləməmiş və evə qazanc gətirməmişdir. Cavabdeh həmçinin xəstə olduğu üçün daim müalicə olunmuşdur. Özünün əmək haqqısı isə yüksək səviyyədə olmadığı üçün banklardan kredit götürərək yoldaşının müalicəsinə, kirayə xərclərinə və ailənin saxlanılması üçün xərcləmişdir. Birgə nikah dövründə, "xxxx" ASC-dən 10 dekabr 2019-cu ildə 6000 manat, 10 dekabr 2019-cu ildə 500 manatlıq kredit kartı, 28 iyun 2019-cu ildə 4200 manat, 18 aprel 2018-ci ildə 1900 manat, 12 yanvar 2021ci ildə 7480 manat, eyni zamanda da "xxxx" Bank Olmayan Kredit Təşkilatından 13 noyabr 2020-ci ildə 340 manat, 09 oktyabr 2019-cu ildə 550 manat, 28 iyun 2019-ci ildə 500 manat, 04 mart 2019-cu ildə 400 manat və 14 yanvar 2021-ci ildə 1100 manat məbləğdə kredit götürmüşəm. Qeyd olunan məbləğlərin hamısını yoldaşının müalicələrinə, kirayə xərclərinə və ailə ehtiyaclarına xərcləmişdir. Bir müddət cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hesab edir ki, qeyd olunan kreditlər birgə nikah dövründə əldə olunduğuna və ailənin ehtiyacları üçün sərf edildiyinə görə onların yarı dəyəri cavabdehdən alınıb ona verilməlidir. Özü birgə nikah dövründə qeyd olunan bank və bank olmayan kredit təşkilatından cəmi 22970 manat kredit götürmüşəm. Buna görə də Cavabdeh birgə nikah dövründə götürülmüş və tam olaraq ailənin ehtiyacları, kirayəxərcləri və Cavabdeh müalicəsi üçün xərclənmiş cəmi 22970 manat məbləğdə kreditin yarı dəyəri olan 11485 (on bir min dörd yüz səksən beş) manat məbləğdə pulun və ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi, Vəkil da İddiaçı izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə 24 noyabr 2017-ci il tarixdə rəsmi qaydada ailə qurmuşdur. Birgə nikahdan onların 02 iyun 2019-cu ildə Atəş adlı uşaqları doğulmuşdur. Bir müddət iddiaçının valideynlərinin mənzilində yaşamışlar. Lakin, uşaqları dünyaya gələndən sonra kirayəşin yaşamışlar. İddiaçı ilə birgə yaşadığı vaxtlarda və hazırki vaxtda da işləməmişdir. Ailənin bütün ehtiyyaclarını əri Abdulla ödəmiş, arabir isə atası köməklik etmişdir. İddiaçı ilə üç il yarım birlikdə yaşamışlar. Lakin, onun iddia ərizəsində qeyd olunan kreditlərdən xəbəri olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(051)-950/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Mingəçevir Şəhər Qeydiyyat şöbəsində 24 noyabr 2017-ci il tarixdə, 323 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, birgə nikahdan olan 02 iyun 2019-cu il təvəllüdlü X1 iddiçı Cavabdeh yanında qalması, 02 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay əmək haqqının və digər qazancının ¼ hissəsi miqdarında alimentin tutulub Cavabdeh verilməsi və iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2(051)-1053/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı 1) 2000 manat dəyərində, 585 əyarlı, 25 qram çəkidə, Rusiya istehsalı olan qarnitur dəsti; 2) 360 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə, Rusiya istehsalı olan nişan üzüyü; 3) 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkidə, Rusiya istehsalı olan brilyant qaşlı nişan üzüyü və 4) 360 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə, Rusiya istehsalı olan fantaziya üzüyünün alınıb iddiaçı Cavabdeh verilməsi, həmin əşyalardan qətnamə icra olunan vaxt mövcud olmayan əmlakların qətnamədə göstərilən dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 22 yanvar 2022-ci il tarixli doğum haqqında arayışından görünür ki. X2 02 iyun 2019-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Arayışda uşağın atası İddiaçı, anası isə Cavabdeh göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqavilələrindən görünür ki, İddiaçı "xxxx" ASC -dən 10 dekabr 2019-cu ildə 6000 manat, 10 dekabr 2019-cu ildə 500 manatlıq kredit kartı, 28 iyun 2019-cu ildə 4200 manat, 18 aprel 2018-ci ildə 1900 manat, 12 yanvar 2021-ci ildə 7480 manat məbləğdə kredit götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə İddiaçı arasında bağlanmış kredit müqavilələrindən görünür ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-dən 13 noyabr 2020-ci ildə 340 manat, 09 oktyabr 2019-cu ildə 550 manat, 28 iyun 2019-ci ildə 500 manat, 04 mart 2019-cu ildə 400 manat və 14 yanvar 2021-ci ildə 1100 manat məbləğdə kredit götürmüşdür. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Mingəçevir filialının 24 yanvar 2022-ci il tarixli, 48 nömrəli arayışından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 16.11.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı 2000 (iki min) manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kredit borcu tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə 24.01.2022-ci il tarixə borcu yoxdur. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Mingəçevir filialının 24 yanvar 2022-ci il tarixli, 49 nömrəli arayışından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 10.12.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı 6000 (altı min) manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kredit borcu tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə 24.01.2022-ci il tarixə borcu yoxdur. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Mingəçevir filialının 24 yanvar 2022-ci il tarixli, 50 nömrəli arayışından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 18.04.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı 1900 (bir min doqquz yüz) manat məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə kredit borcu tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə 24.01.2022-ci il tarixə borcu yoxdur. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin Mingəçevir filialının Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı 31.03.2022-ci il tarixli, 160 nömrəli cavab məktubundan görünür ki, hesab nömrəsi ******************** olan 12.01.2021-ci il tarixdə 7480 (yeddi min dörd yüz səksən) manat vəsait kredit götürülmüş və 15.12.2021-ci tarixdə kredit kredit borcu tam bağlanmışdır. Mülki iş materiallarına əlavə olunmuş "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSCnin arayışından görünür ki, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-dən 04.03.2019-cu ildə 400 manat məbləğdə kredit almış, 28.06.2019-cu ildə krediti bağlamışdır; 28 iyun 2019-cu ildə 500 manat məbləğdə kredit almış, 09.10.2019-cu ildə krediti bağlamışdır; 09.10.2019-cu ildə 550 manat məbləğdə kredit almış, 10.12.2019-cu ildə krediti bağlamışdır; 22.11.2019-cu ildə 22.11.2017-ci ildə 1300 manat məbləğdə kredit almış, 02.02.2018-ci ildə krediti bağlamışdır; 13 noyabr 2020-ci ildə 340 manat məbləğdə kredit almış, 12.01.2021-ci ildə krediti bağlamışdır, 15.11.2021-ci ildə 850 manat məbləğdə kredit almış, 15.12.2021-ci ildə krediti bağlamışdır; 14.01.2021-ci ildə 1100 manat məbləğdə kredit almış, 15.11.2021-ci ildə krediti bağlamışdır və 25.01.2022-ci ildə 2080 manat məbləğdə kredit almış, həmin kredit aktivdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ərarvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ərarvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur. Qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölgüsü ilə bağlı mülki hüquq subyektlərinin iradə azadlığına hər hansı məcburi məhdudiyyət qoyulmamışdır. Ailə Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, ər-arvadın ümumi əmlakı istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra onlardan birinin tələbi əsasında bölünə bilər. Həmçinin kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstisusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli plenum qərarında qeyd olunmuşdur ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.

3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh 24 noyabr 2017-ci il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahdan onların 02 iyun 2019-cu ildə Atəş adlı uşaqları doğulmuşdur. Tərəflər bir müddət iddiaçının valideynlərinə məxsus mənzildə yaşasalar da, sonradan kirayəşin yaşamağa başlamışlar. Birgə nikah müddətində tərəflərdən yalnız iddiaçı işləmiş və ailəyə yeganə qazanc gətirən şəxs olmuşdur. Cavabdeh isə işləməmiş, başqa yerdən gəlir əldə etməmişdir və hazırki vaxtadək də işləmir. İddiaçı cavabdehlə yaşadığı birgə nikah müddətində 22970 (iyirmi iki min doqquz yüz yetmiş) manat məbləğdə kredit götürmüşdür. İddiaçı həmin kredit məbləğini həm cavabdehlə birgə nikah dövründə, həm də nikah pozulduqdan sonra ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş kredit vəsaiti ailənin ehtiyacı üçün xərclənmişdir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən götürülmüş kredit vəsaitlərindən xəbəri olmadığını bildirsə də, bu barədə məhkəmə heç bir əsaslı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh verdiyi izahatında ailənin bütün xərclərini, kirayəşin qaldıqları mənzilin pulunu iddiaçı, yəni keçmiş əri tərəfindən ödənildiyini bildirdi halda, iddiaçı tərəfindən götürülmüş kredit vəsaitlərindən xəbərinin olmaması inandırıcı deyil. Bundan başqa cavabdeh məhkəməyə pul köçürməsi barədə sənəd təqdim edərək, atasının onlara daimi maddi yardım göstərdiyini qeyd etmişdir. Lakin, həmin qəbzdə cəmi 340 manat məbləğdə pulun iddiaçının adına göndərildiyi qeyd olunmuşdur. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatında həmin pulun cavabdehin atasına verdiyi borcun əvəzi kimi ona göndərildiyini qeyd etmişdir. Belə olan halda, həqiqətən də cavabdehin atasının tərəflərə daimi maddi yardım göstərdiyini sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bu barədə məhkəməyə əsaslı sübut təqdim edə bilməmişdir. İddiaçı birgə nikah müddətində götürülmüş 22970 (iyirmi iki min doqquz yüz yetmiş) manat məbləğdə kredit vəsaitinin yarı dəyəri olan 11485 (on bir min dörd yüz səksən beş) manat məbləğdə pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Lakin, məhkəmə sadalanan hüquq normalarına və tərəflərin birgə nikahlarından doğulmuş Atəş adlı uşağın cavabdehin yanında qalmasını nəzərə alaraq hesab edir ki, tərəflərin nikah müddətində və nikahdan sonra iddiaçı tərəfindən ödənilmiş kredit vəsaitinin iddia ərizəsində göstərildiyi qaydada, yəni 8720.6 (səkkiz min yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğdə hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8720.60 (səkkiz min yeddi yüz iyirmi manat altmış qəpik) manat məbləğdə pul və ödənilmiş 108 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar