Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-640/2022 13.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 280 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 05 iyul 2021 -ci il tarixdə Cavabdeh ilə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və hazırda ayrı yaşayırlar. 04 oktyabr 2021-ci il tarixdə qohumu X1 ilə birlikdə idarə etdiyi “Changan” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonundan toydan çıxıb Mingəçevir şəhərində yerləşən yaşadığı binanın qarşısına gəlmişdir. Həmin vaxt əri Cavabdeh yaşadığı binanın qarşısında dayanmış və onun hardan gəldiyini soruşmuşdur. O da cavabdehə qohumu Arzu ilə birlikdə Ağsu rayonundan toydan gəldiyini demişdir. Bundan sonra Cavabdeh onunla mübahisə etməyə başlamış, onu söyüb təhqir etmiş və "Changan” markalı, **-HL- *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq şüşəsinin sol hissəsini əli ilə vurub zədələmişdir. Nəticədə avtomobilinə 280 manat məbləğdə maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Belə ki, o, bununla bağlı şikayət ərizəsi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmiş və şikayəti əsasında təhqiqat aparılmışdır. Təhqiqat zamanı "Mobil” MMCnin verdiyi rəydə avtomobilinə dəymiş ziyanın məbləği 280 manat müəyyən olunmuşdur. Eyni zamanda cavabdeh verdiyi izahatında da ona məxsus avtomobili zədələdiyini etiraf etmiş və yaxın vaxtlarda ziyanı aradan qaldıracağını bildirmişdir. Lakin cavabdeh avtomobilinə dəymiş ziyanı aradan qaldırmamışdır. Cavabdeh bütün bu qanunsuz hərəkətləri ilə ona maddi ziyan vurmuşdur. Buna görə də o, əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cinayət işi başlanmasının rədd edilməsi barədə 14.10.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh iddiaçıya məxsus avtomobilə ziyan vurduğunu etiraf etmiş, lakin onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan "xxxx" MMC-nin 08.10.2021-ci il tarixli 211 saylı rəyindən görünür ki, “Changan” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinin yenisinin 05.10.2021-ci il tarixə satış qiyməti 280 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Changan CS35 markalı, **-HL-*** dövlət nömrə nişanlı minik avtomobili İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanıcavabdeh iddiaçıya məxsus "Changan” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsinin sol hissəsini əli ilə vurub zədələmişdir. Nəticədə iddiaçıya məxsus avtomobilə 280 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Sadalanan hüquq normaları iddiaçıya vurulmuş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və İddiaçı vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 280 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-640/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-640/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver