Məhkəmə qərarları › İş №2(051)-641/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-641/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-641/2023 14.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından 11 noyabr 2006-cı il təvəllüdlü Selcan, 21 iyun 2009-cu il təvəllüdlü Səməd adlı iki nəfər uşağı doğulmuşdur. Münasibətləri pozulduğundan aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 15 aprel 2021-ci tarixli qətnaməsinə əsasən Cavabdeh 11 noyabr 2006-cı il təvəllüdlü Selcan, 21 iyun 2009-cu il təvəllüdlü Səməd adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Müəyyən edilmiş alimentlə uşaqların maddi tələbatını ödəyə bilmir. Uşaqları saxlamaqda çətinlik çəkir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 11 noyabr 2006-cı il təvəllüdlü X4, 21 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh uşaqlarına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 11 noyabr 2006-cı il təvəllüdlü X4, 21 iyun 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası X1r. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 13 iyul 2012-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-742/2021 saylı 15 aprel 2021-ci tarixli qətnaməsindən görünür ki, Cavabdeh 11 noyabr 2006-cı il təvəllüdlü X4, 21 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında qalırlar. Məhkəmənin qərarı ilə cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət deyil. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşaqların saxlanması üçün hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 60 (altmış) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 11 noyabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 170 (bir yüz yetmiş) manat, 21 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Cavabdeh 60 (altmış) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar