Məhkəmə qərarları › İş №2(051)-65/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-65/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-65/2022 28.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ HaAkim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 26261 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb onlara verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxslər 2020-ci ilin sentyabr-oktyabr aylarında şərikli olaraq kartof məhsulunu qanuni sənədlər əsasında İran İslam Respublikasından idxal edərək Lənkəran və Bakı şəhərində topdan və pərakəndə satışını təşkil etmişlər. Bakı şəhərində, sonradan adını bildikləri və özünü Mingəçevir şəhər sakini kimi təqdim etmiş, Cavabdeh ilə tanış olmuşlar. Belə ki, iddiaçılar Bakı şəhəri “Meyvəli” adlanan topdansatış bazarında kartof, mandarin və digər məhsulların topdan satışıp ilə məşğul olmuşlar. Tanış olduqdan sonra cavabdeh onlardan bir neçə dəfə nisyə kartof və mandarin alıb sataraq pulunu vermişdir. Ancaq sonradan, yəni təqribən oktyabr-noyabr aylarında o, iddiaçılardan kartof və mandarin məhsullarını nisyə olaraq alaraq bildirmişdir ki, 10 gün ərzində satıb-satmamasından asılı olmayaraq, onların pulunu verəcəkdir. Artıq aralarında münasibət yarandığından, təmsil etdiyi şəxslər ona etibar edərək həmin məhsulları nisyə olaraq Cavabdeh vermişlər. Lakin həmin müddət başa çatdıqdan sonra pullarını tələb etdikdə, Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmağa başlamışdır. Dəfələrlə pullarını verməsini tələb etsələr də, cavabdeh könüllü olaraq pullarını verməmişdir. Sonuncu dəfə axtarıb taparaq cavabdehdən pullarını nə vaxt verəcəyini soruşduqda, cavabdeh şəxsən yazılı qəbz vermiş və təmsil etdiyi şəxslərdən kartof və mandarin aldğını etiraf etmişdir. Belə ki, cavabdeh 3930 manat kartofdan, 23331 manat isə mandarinlə əlaqədar olaraq iddiaçılara borcunun qaldığını və cəmi 27261 manat məbləğində pulu 31 yanvar 2021-ci il tarixdə tam olaraq ödəyəcəyini bildirmişdir. Həmin müddət ərzində cavabdeh cəmi 1000 manat pulu ödəmişdir. Qalan pulu isə təmsil etdiyi şəxslər dəfələrlə tələb etsələr də, cavabdeh telefonlara cavab verməmiş, bir sözlə müxtəlif yollarla qalıq borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh iddiaçılara olan borcunu vaxtında qaytarmadığından onlar maddi çətinliyə düşmüş və artıq alverlərini də yarımçıq saxlamaq məcburiyyətində qalmışdırlar. Bununla belə cavabdeh işə məhkəmədə baxılan vaxt guya borcundan ödəniş etməsi ilə bağlı aidiyyəti olmayan qəbzlər təqdim etmişdir. Halbu ki həmin qəbzlər təmsil etdiyi şəxslərə olan borcla əlaqədar olmamışdır. Belə ki, cavabdehin özünün kartı olmadığına görə İddiaçı2 kartına köçürmə etmişdir. Ondan sonra İddiaçı2 həmin pulu cavabdehin başqa şəxsə olan borclarını ödəmək üçün özünə vermişdir. Hesab edir ki, cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinin hazırkı işə aidiyyəti yoxdur. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı2 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa və nümayəndənin izahatına uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, cavabdeh onunla işləyəndə 27261 manat borcu vardı. Ondan başqa o, cavabdehə 14159 manat məbləğində kivi və 9000 manat məbləğində isə xiyar alıb vermişdir. Cavabdehin kartı olmadığı üçün qohumu həmin malları satıb pulu onun kartına vurmuşdur. O da pulları kartdan çıxarıb mal sahibinə və yaxud cavabdehin özünə vermişdir. Hazırda cavabdehin təqdim etdiyi qəbzlər həmin malların puludur. Cavabdeh ondan aldığı kivi və xiyarın pulunu ödəmişdir. Lakin cavabdeh sentyabr –oktyabr ayında götürdüyü kartofun və mandarinin pulunu ödəməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, o, həqiqətən 2020-ci ilin sentyabr ayının sonlarından etibarən iddiaçılardan nisyə meyvə-tərəvəz, yəni kartof və mandarin məhsulu almışdır. Lakin son zamanlar işi yaxşı getmədiyi üçün iddiaçılara borcu yaranmışdır. Onun iddiaçılara 27261 manat borcu olduğu halda yenidən 14159 manatlıq kivi və 9000 manatlıq xiyar götürmüş və satıb pulunu ödəmişdir. Həmin 27261 manat məbləğində borcdan 1000 manatını ödəmiş, qalan 26291 manat məbləğdən isə 17426 manat pulu İddiaçı3 və İddiaçı2 məxsus kartlara ödəmişdir. Ondan başqa İddiaçı2 qalan borcunu ödəmək üçün 4200 manat dəyərində soğan vermişdir. Bununla bağlı ödəniş etdiyi qəbzlərin surətini məhkəməyə təqdim etmişdir. O, iddiaçılardan 21.12.2020-ci il tarixdə kivi və xiyar götürmüş və onun pulunu nağd şəkildə ödəmişdir. İddiaçı tərəfin bildirdikləri həqiqətə uyğun deyildir. Hesab edir ki, onun iddiaçılara cüzi miqdarda borcu qalmışdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 26261 manat məbləğində meyvə-tərəvəz məhsulunu nisyə verilməsini sübutetmə yükü iddiaçıların üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçılar 27261 manat məbləğində meyvə-tərəvəz məhsulunu cavabdehə nisyə satmış, cavabdeh isə həmin məbləğdən 1000 manatını iddiaçılara ödəmişdir. Hər iki tərəf bu faktların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu halları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin cavabdehin iddiaçılara 26261 manat məbləğində borcu qalması ilə bağlı tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, cavabdeh tərəf borcundan iddaçı İddiaçı2 və İddiaçı3 məxsus bank kartına ödəniş etdiyinə görə, onun iddiaçılara iddia ərizəsində göstəriləın məbləğdə borcu olmadığını bildirmiş, iddiaçı tərəf isə cavabdehin istinad etdiyi dəlilləri qəbul etməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, cavabdeh qəbzi yazdığı tarixdən 1 ay yarım əvvəl iddiaçılardan kartof və mandarin götürmüşdür. Hal-hazırda onun iddiaçılara kartofa görə 3930 manat, mandarinə görə 23331 manat, 27261 manat borcu olduğunu etiraf etmiş və həmin məbləğdə pulu 31.01.2021-ci il tarixədək ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı2 məxsus bank kartına 13.01.2021-ci il tarixdə 996, 995, 995, 995, 995, 497.5 manat, 14.01.2021-ci il tarixdə 996, 497.5 manat, 16.01.2021-ci il tarixdə 995, 497.5 manat, 2021-ci il tarixdə 339, 656.7 manat, 26.01.2021-ci il tarixdə 995, 995, 995 manat, 27.01.2021-ci il tarixdə 996, 995 və 1000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən İddiaçı3 məxsus bank kartına 12.10.2020-ci il tarixdə 4200 manat, 01.02.2021-ci il tarixdə 1000 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, cavabdehlə iddiaçılar arasında 2020-ci ilin sentyabr ayının sonlarından başlayaraq, meyvə-tərəvəz məhsullarının nisyə alqı-satqısı olmuşdur. İddiaçılar cavabdehə həmin vaxtdan sonra pulunu sonradan ödəmək şərtilə kartof və mandarin məhsullarını nisyə satmışdır. Cavabdeh aldığı məhsulların pulundan 12.10.2020-ci il tarixdə 4200 manat ödəmiş, lakin qalan məbləği razılaşdıqları vaxtda ödəyə bilməmişdir. Ona görə də cavabdeh ilk alqısatqıdan 1 ay yarım sonra iddiaçılara 27.261 manat borclu olduğuna dair yazılı qəbz vermiş və həmin pulu 31.01.2021-ci il tarixdə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ondan sonra cavabdeh borcundan 16.429 manat ödəniş etmişdir. Həmin pulun 1000 manat hissəsini iddiaçılar iddia ərizəsində və məhkəmə iclası zamanı etiraf etmiş, lakin qalan 15.429 manat hissəni isə etiraf etməmişlər. Cavabdeh ödənişlər etməsinə dair bank qəbzlərini məhkəməyə təqdim etmiş, iddiaçılar isə cavabdehin bildirdiklərini təkzib etsələr də, öz etirazlarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıların tələb etdiyi 26.291 manat məbləğində pulun 15429 manat məbləğində hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Lakin cavabdeh borcunu tam ödəməmiş və iddiaçılar əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçılar meyvə-tərəvəz məhsulunu cavabdehlərin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçıların tələb etdiyi həcmdə deyil cavabdeh tərəfin təqdim etdiyi sübutlarla müəyyən edilmiş həcmdə, yəni 10862 manat məbləğində təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin iddia tələbində göstərilən məbləğdən 12.10.2020-ci il tarixdə ödədiyi 4200 manat məbləğində pulun çıxılması ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırı ki, cavabdeh tərəf məhkəmə iclası zamanı izahatında iddiaçılardan 2020-ci ilin sentyabr ayının sonlarında mandarin və kartof məhsulu götürdüyünü etiraf etmiş, həmçinin cavabdeh borcun etirafı ilə bağlı verdiyi yazılı qəbzdə, iddiaçılardan qəbz yazılan tarixdən 1 ay yarım qabaq mandarin və kartof məhsulu götürdüyünü qeyd etmişdir. Göründüyü kimi cavabdeh həmin qəbzi 2020-ci ilin sentyabr ayının sonlarından 1 ay yarım sonra yazmışdır. Cavabdeh həmin qəbzdə iddiaçılara 27.261 manat borcu olduğunu göstərmişdir. Cavabdeh 4200 manat məbləğində pulu isə 12.10.2020-ci il tarixdə ödəmişdir. Göründüyü kimi 4200 manat məbləğində pul cavabdehin iddiaçılara 27.261 manat məbləğində borcu olması barədə qəbz yazılandan əvvəl ödənilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin borcundan çıxılmasını iddia etdiyi həmin 4200 manat məbləğində pul 27.261 manat məbləğində borcdan əvvələ aiddir. Belə olan halda cavabdehin 12.10.2020-ci il tarixdə İddiaçı2 məxsus bank kartına ödədiyi 4200 manat məbləğində pul, cavabdehin iddiaçılara olan 27.261 manat məbləğində mövcud borcundan çıxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 26261 manat dəyərində meyvə-tərəvəz məhsulunu nisyə alması, habelə həmin pulu tam olaraq qaytarmaması sübuta yetirildiyindən, iddiaçıların cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh 10.862 manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10.862 (on min səkkiz yüz altmış iki) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar