Məhkəmə qərarları › İş №2(051)-65/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-65/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-65/2024 26.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhəri Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(051)-113/2018 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə 4000 ABŞ dollar pulun Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun, olaraq tutulub verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə qeyd olunan pulu, cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən müəyyən etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq 5 ildən çoxdur ki, pulunun qaytarılmasını gecikdirir. X2 2023-cü ilin iyul ayına olan bank uçot dərəcəsi 9%, 1 dollar isə 1 manat, 70 qəpikdir. Cavabdeh 5 ildir ki, 6800 manat (yəni 4000 ABŞ dollar) pulunun qaytarılmasını gecikdirdiyi üçün hər ilə görə bu pulun 9%-ni əlavə olaraq ona ödəməlidir. Bu məbləğ isə (6800:100x9=612x5=3060) cəmi 3060 manat təşkil edir Odur ki, Cavabdeh 3060 manat pul vəsaitinin, eləcədə iddia tələbinə görə ödədiyi 51 manat dövlət rüsumunun alınaraq onaverilməsi haqda qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)- 1113/2018 saylı qətnamədən görünür ki, Cavabdeh 4000 ABŞ dolları AR Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə, manatla alınıb İddiaçı verilməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsini sorğusu əsasında alınmış və iş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan və qəbzlərdən görünür ki, İslamova X1 Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)- 1113/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş bocu 2023-cü ilin müxtəlif tarixlərində hissə-hissə olaraq tam şəkildə ödəmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 3 (051)-357/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixə kimi borcunu hissə-hissə tam olaraq ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9175 saylı ekspert rəyindən görünür ki, Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq 4000,00 ABŞ dolları (4000,00 ABŞ dolları X 1,70 = 6800,00 AZN) 6800,00 manat məbləğinə konvertasiya edilərək Mərkəzi Bankın müəyyən edilmiş ekvavalentinə uyğun 2018-2023-cü illər üçün bank uçot dərəcəsi üzrə faizlərin məbləği 2902,58 manat və 2018-2023-cü illər üçün ümumi yekun məbləğ isə 9702,58 manat təşkil edir. Beləliklə məhkəmədə müəyyən edildi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(051)-113/2018 saylı qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə 4000 ABŞ dollar pulun Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun, olaraq tutulub verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə qeyd olunan pulu, cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən müəyyən etmişdir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bocunu müqavilə ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən öhdəliyin icrası müddəti ərzində və məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən xx.xx.2023-cü il tarixədək tam olaraq ödəməmiş və iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlayaraq öhdəliyi tam olaraq icra etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 3060 manat məbləğində borcunun olmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasənq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iddiaçının izahatının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bocunu müqavilə ilə müəyyən edilmiş öhdəliyin icrası müddəti ərzində və məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən xx.xx.2023-cü il tarixədək tam olaraq ödəməmiş və iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. İddiaçı öz tələbinin əsası olan halları qanuni qüvvəyə minmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-113/2018 saylı qətnaməsi, qanuni qüvvəyə minmiş Mingəçevir şəhər Məhkəməsinin 3(051)-357/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9175 saylı ekspert rəyi ilə ilə sübut edir. Məhkəmə həmin sübutları iş üçün əhəmiyyət kəsb etdiyi və işin hallarına uyğun olduğu üçün mötəbər sübut kimi qəbul edib hüquqi qiymət verir. Lakin ekspert rəyi ilə müəyyən edilmiş məbləğə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, həmin məbləğ iddiaçının tələb etdiyi məbləğdən çoxdur və məhkəmə iddiaçının tələbindən kənara çıxa bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi məbləğ həcmində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-ci maddəsinə əsəas Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, 3060 (üç min altmış) manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 51(əlli bir) manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3060 (üç min altmış) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar