Məhkəmə qərarları › İş №2(051)-651/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-651/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-651/2021 30.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 2935.2 manat əsas kredit borcu, 313.62 manat faiz borcu, 494.29 manat cərimə borcu olmaqla, cəmi 3743.11 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 2.0833% faiz olmaqla hissə-hissə ödəmək şərti ilə 3600 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas məbləği və onun faizlərini hər ayın 25–dən gec olmamaqla ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh xx.xx.2020–ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Nəticədə cavabdehin 2935.2 manat ödənilməmiş borcu qalmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 313.62 manat faiz və 494.29 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə 2935.2 manat əsas kredit borcu, 313.62 manat faiz borcu, 494.29 manat cərimə borcu olmaqla, cəmi 3743.11 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, bir neçə müddətdir işsiz olduğunudan banka olan aylıq kredit ödənişlərini vaxtında ödəyə bilməmiş, bu səbəbdən də banka olan borcu ödənilməmiş qalmışdır. Hesab edir ki, iddiaçı bank ona yüksək məbləğdə cərimə hesablamışdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019–ci il tarixli 015A********** saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə, illik 2.0833 faiz olmaqla hissə-hissə ödəmək şərti ilə 3600 manat məbləğində kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəniş planınana əsasən borclu Cavabdeh götürdüyü kredit üzrə hər ay 144 manat məbləğində olmaqla, xx.xx.2019–xx.xx.2022-ci il ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2020–ci il tarixinə cavabdehin 2935.2 manat əsas kredit borcu, 313.62 manat faiz borcu, 494.29 manat cərimə borcu olmaqla, cəmi 3743.11 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2019– cu il tarixli 015A********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 2.0833 faiz ödəmək şərti ilə 3600 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ayın 25–dən gec olmayaraq qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 2935.2 manat əsas borcu, 313.62 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən bank tərəfindən cavabdehə 494.29 məbləğində cərimə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 2935.2 manat əsas kredit borcu, 313.62 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 4 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 4 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 2935.2 manat əsas kredit borcu, 313.62 manat faiz borcu və 4 manat dəbbə pulu cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, xx.xx.2019–ci il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 2935.2 manat əsas kredit borcu, 313.62 manat faiz borcu və 4 manat dəbbə pulu olmaqla, cəmi 3252.82 manat alınıb iddiaçıya verilsin. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 2935.2 (iki min doqquz yüz otuz beş manat iyirmi qəpik) manat, faiz borcu üzrə 313.62 (üç yüz on üç manat altmış iki qəpik) manat, cərimə borcu üzrə 4 (dörd) manat olmaqla, cəmi 3252.82 (üç min iki yüz əlli iki manat səksən iki qəpik) manat alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar