Məhkəmə qərarları › İş №2(051)-652/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-652/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-652/2024 20.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 600 ABŞ dolları məbləğində pulun, dəymiş zərərə və əldən çıxmış mənfəətə görə 3000 ABŞ Dolları hazırkı məzənnəyə görə 6460 manat və ödənilmiş 85 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus yük avtomobilində yükdaşıma ilə fəaliyyət göstərilməsi məqsədi ilə iri tutumlu yük avtomobili alınmışdır. Bu məqsədlə Cavabdeh ilə aralarında şifahi müqavilə əsasında avtomaşın tam saz vəziyyətdə idarə edilməsi səlahiyyətləri etibarnamə ilə notariat qaydasında cavabdehə təhvil verilmişdir. Yükdaşımaya görə qabaqcadan 500 ABŞ Dollar cavabdehə və 100 ABŞ Dolları evinə ailəsinə özünün vasitəsi ilə verilmişdir. Elə birinci ilk reysə çıxan kimi, avtomaşını X4 içərisi dolu yüklə sahibsiz vəziyyətdə qoymaqla, pulu götürüb qaçmışdır. Əlaqə telefonuna zənglər çatmamışdır. Onunla əlaqə saxlamaq mümkün olmamışdır. Avtomaşını yoluna davam etməsi üçün ikiqat zivan ödəniş etməklə (pul müqabilində) başqa sürücü taparaq ziyanla göndərmişdir. Cavabdehin evinə müraciətlər etməklə, tapılıb onunla əlaqə saxlanılmasını və ona verdiyi pullarını, eləcədə ona vurulmuş zərərin ödənilməsi barədə ailəsinə bildirsə də, məlum məsələdir ki, ailə ona çatdırmış, lakin cavabdeh gizlənməklə öz dələduz hərəkətlərini sübuta yetirmişdir. Ona məxsus həmin TİR avtomaşın hər ay gəlir qazanc gətirməklə, dolanışığı və eləcədə banka olan kredit borclarının ödənişlərində yeganə ümid yoludur. Yükdaşıma sifarişi verən sahibkarlarla aralarında olan inam boş dayanmaya görə itirilmişdir. Buda ailənin büdcəsinə ziyan vermişdir, eləcədə avtomaşının boşdayanmasına səbəb olmuşdur. Avtomaşın heç bir qazanc gətirmədiyi halda, onlar tərəfindən banka hər ay kredit ödənilir. Cavabdeh dələduzluq etməklə, onu çox pis, ağır çıxılmaz vəziyyətə salmışdır. Odur ki, iddianın təmin edilməsi xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 600 ABŞ dolları məbləğində pulun, dəymiş zərərə və əldən çıxmış mənfəətə görə 3000 ABŞ Dolları hazırkı məzənnəyə görə 6460 manat və ödənilmiş 85 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Laki n cavabdeh məhkəməyə yazılı ərizə göndərərək iddianı qismən qəbul etdiyini bildirmiş, iddiaçıya 600 ABŞ dolları deyil cəmi 350 ABŞ dolları manatla 595 manat borcu qalmışdır. Belə ki, iddiaçı ona 400 ABŞ dolları pul vermişdir. Həmin məbləğdən 100 manat yanacaq vurmuş, 50 manat sənədləşməyə vermiş, digər vəsaiti də sərhəddi keçə bilmədiyi üçün digər sərfiyyatlar üçün istifadə etmişdir. Əlavə olaraq iddiaçı ona daha əvvəl 100 ABŞ dolları avans vermişdir. İddianın dəymiş zərərlə bağlı mənfəətə görə 3000 ABŞ dolları (6460 AZN) hissəsini isə qəbul etmir. Belə ki, o, sərhəddə cəmi 4 gün qalmış, həmin müddət ərzində isə bu qədər maddi zərərin vurulması ağlabatan deyildir. Sərhəddə maşının 4 gün istifadəsiz qalması onun günahı deyil, sənədləşmə ilə bağlı olmuşdur. Onun yekun olaraq iddiaçıya 350 ABŞ dolları borcu qalmışdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddiaçının izahatını, cavabdehin yazılı ərizəsini işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X2 nikahı 29 noyabr 1996-cı il tarixdə 19 nömrə ilə qeydə alınmış, arvada Həsənova soyadı verilmişdir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Nümayəndə Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, Döngə 4, ev 84-də qeydiyyatdadır. İşə əlavə edilmiş ƏN-VİN 850437 saylı etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı “WİELTON NS34KTM YARİMQOŞQU” markalı minik avtomobili xx.xx.2024-cü il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir. İşə əlavə edilmiş ƏN-VİN 850436 saylı etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nömrə nişanlı “MAN TGA 18.440 4X2 BLS YÜK” avtomobili xx.xx.2024-cü il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir. İşə əlavə edilmiş “Emanat” ödəniş sistemindən edilmiş ödəniş qəbzindən görünür ki, Gəncə şəhəri, M.A.Abaszadə küçəsi 32, Oba Gəncə 33-dən 170 manat pul vəsaiti Kapital Bank karta mədaxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 600 ABŞ dolları məbləğində pulun, dəymiş zərərə və əldən çıxmış mənfəətə görə 3000 ABŞ Dolları hazırkı məzənnəyə görə 6460 manat verilməsini və hazırda cavabdehin ona 600 ABŞ dolları məbləğində pulun, dəymiş zərərə və əldən çıxmış mənfəətə görə 3000 ABŞ Dolları hazırkı məzənnəyə görə 6460 manat məbləğində borcu qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ona məxsus yük avtomobilində yükdaşıma ilə fəaliyyət göstərilməsi məqsədi ilə iri tutumlu yük avtomobili alınmışdır. Bu məqsədlə Cavabdeh ilə aralarında şifahi müqavilə əsasında avtomaşın tam saz vəziyyətdə idarə edilməsi səlahiyyətləri etibarnamə ilə notariat qaydasında cavabdehə təhvil verilmişdir. Yükdaşımaya görə qabaqcadan cavabdehə 500 ABŞ dolları və avans şəklində 100 ABŞ dolları verilmişdir. Sonradan cavabdeh şifahi razılaşmanın şərtlərini pozaraq, iddiaçıya 3000 manat dəyərində zərər vurmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, cavabdeh ərizəsində iddiaçının ona ümumilikdə 400 Abş dolları verdiyini, lakin həmin məbləğdən 100 manatı yanacağa, 50 manatı isə sənədləşməyə sərf olunduğunu qeyd edərək, iddiaçıya 350 Abş dollarıborcu olduğunu qəbul etmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh həmin məbləğdən 100 manatı yanacağa, 50 manatı isə sənədləşməyə sərf olunduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə cavabdeh ərizəsində iddiaçının ona 100 dollar avans verdiyini də bildirmişdir. Bu hal isə həm iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlə, həm də cavabdehin etirafi ilə təsdiqlənir. Beləliklə, məhkəmə iddiaçının 600 dollar pul tələbi ilə bağlıhissəsində qeyd edir ki, iddiaçının cavabdehə ümumilikdə 500 dollar verməsi iş materialları ilə təsdiq edilsə də, qalan hissədə-100 dolların verilməsi barədə iddiaçı məhkəməyə sübut təqdim etməmiş, cavabdeh isə bu barədə etiraf etməmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 406.1 müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 329.2 əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3 şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbinin digər hissəsi - dəymiş zərər və əldən çıxmış faydaya görə iddiaçının 3000 ABŞ dolları tələb etməsi ilə bağlı iddiaçı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında formal mülahizələrə əsaslanmış, cavabdeh isə bununla bağlı etiraf etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının ABŞ dolları məbləğində tələb etdiyi pul məbləğinin iddia verildiyi zaman mövcud olan azərbaycan manatı məzənnəsi ilə tələb etməsi əsassızdır, belə ki, xarici pul valyutası ilə tələb edilən pul məbləğləri qətnamə icra edilən günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla icra edilir. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenum Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 500 ABŞ dolları məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən 500 ABŞ dollarıməbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi pulun iddianın təmin edilmiş hissəsinə münasibətdə olan 30 manat məbləğində hissəsi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 500 (beş yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Cavabdeh X1 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar