Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-663/2024 24.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddi tələbi İddiaçı Məmmədov X1 Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 2200 manat pulun və dövlət rüsumu kimi ödədiyi 35 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması İddia tələbi onunla əsaslandırılmışdır ki, onun özünə məxsus “Ford Tranzit” markalı **-BT-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh sürməyə vermişdir. Lakin cavabdeh səhlənkarlıq edərək maşının motorunu döydürtdürmüşdür. Sonra ona demişdir ki, maşının motorunu yığdırt o, pulunu verəcəkdir. O da 2710 manata avtomaşının motorunu yığdırmışdır. Həmin puldan cavabdeh bir qismini ödəmiş, hazırda 2200 manat pul qalmışdır. Hazırda cavabdeh həmin pulu ödəmir. Dəfələrlə pulu qaytarmasını xahiş etsə də cavabdeh müxtəlif bəhanələr gətirir və pulu qaytarmır, bununla bağlı vatsap və səs yazıları da var. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Cavabdeh ondan 2200 manat və dövlət rüsumu kimi ödədiyi 35 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx.xx.2020-ci ildə **-BT-*** dövlət qeydiyyat nişanlı 1997-ci il olan “Ford Tranzit” markalı avtomobili almışdır. Həmin avtomobili Cavabdeh icarəyə vermişdir. Cavabdeh avtomobili xəngəl sexinə məxsus məhsulların səyyar satışına istifadə edəcəyini bildirmişdir. Aralarında olan şifahi razılığa əsasən avtomobili götürəndə tam saz vəziyyətdə ustada yoxlatdıraraq təhvil vermiş və bundan sonra avtomobildə hər hansı bir nasazlıq yaranarsa bütün xərcləri Cavabdeh öz üzərinə götürəcəyini bildirmişdir. O, Cavabdeh sürücülərinə müxtəlif vaxtlarda avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Cavabdeh hər ay avtomobildən istifadəyə görə ona haqq ödəmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ona zəng edərək bildirmişdir ki, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki dağılıb, təmir etdirmək üçün ustaya vermişdir. O da xx.xx.2021-ci il tarixdə dostu X2 ilə birlikdə Mingəçevir şəhərinə təmir sexinə getmişdir. Avtomobilin təmiri onu qane etməmişdir. Belə ki, mühərrikin şəkillərdə göründüyü kimi, bərbad blok və valla yığıldığını görmüş, işin dayandırılmasını xahiş etmiş və Cavabdeh Səfıyar oğluna öz etirazını bildirmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə avtomobili evakuasiya vasitəsi ilə Bərdə rayonuna göndərmiş, ondan xahiş etmişdir ki, o, mühərriki tam şəkildə təmir etdirsin, təmir prosesi tam bitdikdən sonra çəkilən xərci göndərəcəkdir. xx.xx.2020-ci il tarixdə cavabdeh evakuasiya xidməti olan gün onun şəxsi kartına 260 (iki yüz altmış) manat pul göndərmişdir. xx.xx.2020-ci il tarixdən etibarən mühərrik təmir olunmağa başlamış və təmir prosesi bitdikdən sonra yekun xərc hesablanaraq 2710 (iki min yeddi yüz on) manat təşkil etmişdir. O, cavabdehə çəkilən xərcin 2710 manat olduğunu bildirmiş və cavabdeh bu məbləğlə razılaşmışdır. Cavabdeh bu məbləğdən 260 (iki yüz altmış) manatı göndərdikdən sonra, müxtəlif vaxtlarda yəni üç il müddətində (sonuncu danışıqları xx.xx.2023-cü il tarixə qədər) 250 manat borcundan göndərmişdir. xx.xx.2023-cü il tarixindən etibarən borclu olduğu 2200 manat məbləği verməkdən imtina etmişdir. Sübut olaraq “Whatsapp” yazışmaları, telefon danışıqları və avtomobilin mühərrikinin zərər dəyən ehtiyat hissələrini sübut kimi qəbul edilməsini xahiş edir. Odur ki, Cavabdeh 2200 manat pulun və 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, 2-3 il bundan öncə onun şəxsi biznesi olub. Xəngəl sexi işlədirdi. Məhsulları satmaq üçün avtomobil lazım olmuşdur. İddiaçıdan “Ford Tranzit” markalı **-BT-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Avtomobilin icarəsinə görə hər ay iddiaçıya haqq ödəmişdir. Avtomobili özü yox işçiləri idarə etmişdir. Avtomobildə nasazlıq yaranmış, bununla bağlı iddiaçıya məlumat vermişdir. Avtomobili təmirə aparmışlar. İddiaçı da təmir yerinə gəlmişdir. İddiaçı təmirdən razı qalmamışdır. Belə razılaşmışlar ki, iddiaçı avtomobili öz ustasına təmir etdirsin, sonda xərci cavabdeh ödəyəcəkdir. İddiaçı avtomobilini götürmüş və Bərdə rayonunda yerləşən təmir sexinə ustaya aparmışdır. Orada məlum olmuşdur ki, həmin avtomaşının mühərriki dağılmış və tam şəkildə təmir olunmalıdır. Bunun üçün iddiaçı 2700 manat xərc çəkmişdir. O, da iddiaçıya maşının təmiri üçün müxtəlif vaxtlarda 260 manat və 250 manat məbləğində pul göndərmişdir. Odur ki, onun iddiaçıya heç bir borcu yoxdur. Eyni zamanda qeyd edir ki, avtomobili onun özü yox işçiləri idarə etmişdir. Ona görə də iddia onun işçilərinə qarşı qaldırılmalı idi. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğuna görə rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Cavabdeh tərəfindən şahid qismində çağırılmış X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Cavabdeh onun işlədiyi xəngəl sexinin rəhbəri olub. O, həmin sexdə sürücü vəzifəsində işləyirdi. İddiaçı məhsul paylamaq üçün ona və digər sürücülərə müxtəlif vaxtlarda avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Həmin avtomobili idarə etdiyi zaman özü təmir edirdi, təmir xərcini Amil qarşılayırdı. Hər ay Amil tərəfindən Nicata 500 manat məbləğində icarə pulu verilirdi. Bir müddət sonra avtomobildə nasazlıq yaranmış, bununla bağlı o, Amilə məlumat vermişdir. Sonra avtomobili ustaya aparmış, X7 təmir yerinə gəlmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar 44 nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı Bərdə rayonu Köbər kəndində yaşayır. AD 702402 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Tranzit” markalı buraxılış ili 1997-ci il **-BT-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşın Bərdə rayonu Köbər kəndində qeydiyyatda olan və yaşayan İddiaçı məxsusdur. İşdə olan müxtəlif vaxtlarda göndərilmiş “vatsap” mesajlarından görünür ki, iddiaçı cavabdehə dəfələrlə pulunun qaytarılmasını xahiş etmiş, cavabdeh borcunu ödəyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Məmmədov X1 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 35.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin müəyyən olunmuş halları: İddiaçı avtomobilini müəyyən müddətə əvəzli olaraq istifadə üçün cavabdehə vermişdir. Tərəflər arasındakı razılığa əsasən cavabdeh avtomobildən istifadəyə görə aylıq haqq ödəmişdir. Tərəflərin razılaşmasına görə avtomobil cavabdehin istifadə və sahibliyində olarkən avtomobildə baş verən nasazlığı cavabdeh öz hesabına təmir etdirəcəkdir. Bir müddət sonra avtomobildə nasazlıq yaranmış, cavabdeh təmirlə bağlı iddiaçını məlumatlandırmışdır. İddiaçı avtomobilə baxış keçirərkən təmirdən razı qalmamış, öz ustasına təmir etdirəcəyini, əvəzində xərcinin cavabdehdən alacağını bildirmişdir. Cavabdeh razılaşmışdır. Cavabdeh təmir xərcinin bir qismini ödəmiş, yerdə qalan məbləği ödəyəcəyini bildirmiş, lakin daha sonra ödəməkdən imtina etmişdir. İddiaçı iddia qaldıraraq xərc çəkdiyinə istinad edərək 2200 manat tələb edir. Cavabdeh iddiaya etiraz edərək avtomobili onun tərəfindən deyil onun işçiləri tərəfindən idarə edildiyini deyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, tərəflər arasında avtomobilin icarəyə verilməsi barədə razılaşma olmuşdur. Avtomobil cavabdehin sahibliyində olarkən onda nasazlığın yaranmasıcavabdeh tərəfindən təsdiq olunur. Tərəflərin razılığına əsasən avtomobili iddiaçı təmir etdirməli, xərcini cavabdeh ödəməli idi. Cavabdeh xərcin bir qismini ödəsə də, qalanını ödəməkdən imtina etmişdir. Cavabdeh xərci ödəməkdən imtinanı avtomobili özünün 3-cü şəxsə istifadəyə verməsi ilə əsaslandırmışdır. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu da avtomobili başqasının istifadəsinə verməyi ilə əlaqələndirmişdir. Məhkəmə cavabdehin əsaslandırmasına münasibət bildirərək qeyd edir ki, yuxarıda göstərilən normadan da aydın olduğu kimi cavabdehə icarəyə verilmiş avtomobilin üçüncü şəxsin istifadəsi zamanı əmələ gələn təqsiri üçün də cavabdeh məsuliyyət daşımışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2200 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iş materialı ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi vermək üçün dövlət rüsumu kimi 35.40 manat ödəmişdir. İddia təmin edildiyindən göstərilən məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat, məhkəmə xərci olaraq dövlət rüsumu kimi ödənilmiş 35.40 (otuz beş manat qırx qəpik) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-663/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-663/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver