Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-668/2024 29.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı həqiqəti əks etdirməyən məlumatlar yaymasını xeyli sayda insan kütləsi izlədiyindən cavabdehdən həmin məlumatların yalan olması barədə təkzib verməsi, həmçinin işgüzar nüfuzuna və həkim adına xələl gətirdiyinə görə cavabdehdən xeyrinə maddi və mənəvi zərərin tutulması tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyinə görə ondan yazılı üzr istəməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddia tələbi: (İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı telefon smsləri vasitəsilə təhqirlər yağdırdıqlarına, həm də sosial şəbəkələrdə işgüzar nüfuzuna, həkim adına xələl gətirən, onu nüfuzdan salan yalan və həqiqəti əks etdirməyən məlumatlar yaymalarını xeyli sayda insan kütləsi izlədiklərindən həmin məlumatların yalan olması barədə təkzib vermələri barədə, həmçinin cavabdehlərin hər birindən 5000 (beş min) manat olmaqla 10000 manat maddi və hər birindən 10000 (on min) manat olmaqla müştərək qaydada ümumilikdə 20000 (iyirmi min) manat mənəvi zərər olaraq tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddia tələbinin həcmini azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdehlər siyasından çıxararaq Cavabdeh1 10000 (on min) manat maddi maddi və 20000 (iyirmi) manat mənəvi zərər olaraq pulun, ödədiyi 180 (bir yüz səksən) manat dövlət rüsumunun, vəkilə xidmət haqqı olaraq ödədiyi 321 (üç yüz iyirmi bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: (İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 (İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı ondan yazılı üzr istəməsi, ona vurduğu mənəvi zərərə görə 8000 manat mənəvi ziyanın və 100 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddia tələbinin həcmini arıtırılması barədə ərizə təqdim edərək Cavabdeh2 onun iddia ərizəsi üzrə cavabdeh kimi tanınması, Cavabdeh2 və X1 ondan yazılı üzr istəməsi, ona vurduqları mənəvi zərərə görə hər birindən 8000 manat mənəvi ziyanın və 100 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin həcmini azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdehlər siyasından çıxararaq İddiaçı 16.000 (on altı min) manat məbləğində mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özü ixtisaslı həkimdir, tibb elmləri üzrə fəlsəfə doktordur. Hazırda «Artromed» klinikasında həkim işləyir. Cavabdeh1 15 sentyabr 2022-ci il tarixində «Artromed» klinikasına burun tənəffüs çətinliyi, burunda quruluq, vaxtaşırı qanaxmalar, qartmaqların əmələ gəlməsi, vaxtaşırı baş ağrıları, xarici burun əyriliyi, donqarlıq, sallaq burun ucları şikayətləri ilə daxil olmuşdur. Xəstə müayinə olunduqdan sonra Cavabdeh1 burun arakəsməsinin əyriliyi xarici burun deformasiyası ilə, burun arakəsməsinin perforasiyası, vazomotor rinit diaqnozu qoyulmuşdur. Xəstədə qabırğa qığırdağından autotransplantat hazırlanaraq revision septorioplastika və septal perforasiyanın bağlanması və konxaların submukoz RF destruksiyası, cərrahi əməliyyatlarına göstərişlər vardır. Müayinələrdə əməliyyata əks göstəriş aşkarlanmayıbdır, əməliyyat ümümi anesteziya altında planlanır. Xəstənin əməliyyata yazılı razılığı alınmışdır. Xəstənin özünün deməsinə görə 10 il öncə burun çəpəri əyriliyinə görə əməliyyat keçirilib, əməliyyatdan sonra burun çəpərində dəlik yaranıb. Qəbul olunan müalicələr əsasən burun boşluğunu yumaq üçün məhlullar, yağ damcıları olub. Ancaq heç bir effekti olmayıb. Aparılan əməliyyat protokoluna əsasən «ümumi anesteziya sağ sinə altınahiyyə təmizləndikdən sonra sağ 8-ci qabırğa nahiyyəsində uzunluğu 2-3 sm uzunluğunda qabırğa istiqamətində kəsik aparıldı. İti və küt üsulla qabırğa disseksiya olundu. Arxa perixandrium qorunaraq 4 sm uzunluğunda qabırğa qığırdağı alındı. Yara homostaz olundu, qat-qat tikildi, aseptik sarğı qoyuldu. İnfrakartilacinor və kolumellada marcinal kəsiklər aparıldı. Tip və dorsum disseksiya edildi. Transkolumellar olaraq septumun kaudal hissəsi ortaya çıxarıldı. Kaudal septum atrofiya olunmuş təqribi 3-4 mm qalınlığında olduğu təyin edildi. Perforasiyaya bağlı olaraq sepum mukozası atrofiya olunmuş vəziyyətdə. Texniki çətinliklərlə bəzi yerlərdə cırılaraq qalıq septumun mukozasının disseksiyası tamamlandı. Sağ burun boşluğundan mukozanın «göbək» hissəsi formalaşdırıldı. Sol burun boşluğunun dibi ilə davam edən anterior etmodial arteriya ilə qidalanan mukozal flep texniki çətinliklərlə formalaşdırıldı. Perforasiyanın ön yuxarı hissəsinə Sentesorb 6.0 düyünlü tikişlərlə sabitləndi, perforasiya bağlandı. Sümük dorsum rasp ilə hamarlandı. Sümük və qığırdaq hump işarələnərək (düz mikro saw) xaric edildi. Autotransplantan costal qığırdaq 2-3 mm qalınlığında kəsilərək xüsusi şəkil verildi. Lseptum ön ayağı və dorsum hissəsi formalaşdırıldı. Anterior nasal spinaya sabitləndi. PDO 4.0 sapla L-septum önünə septal extension qraft PDO 4.0 və Prolen 5.0 saplarla dikəldildi. Spreader qreftler L-septuma sabitləndi. Transvers və Low to low lateral osteotomiyalar aparıldı. Upper lateral qığırdaqlar sefatik kəsilərək yeni dom nöqtələri işarətləndilər. Septal extension qreftə tikilərək tip formalaşdırıldı. Suprativ və skrol bölgələr doğranmış qığırdaqla kamuflyaj olundular. Kəsiklər Prolen 6.0 və monokaprol 6.0 saplarla tikildi. İnferior konxalar submukoz RF destruksiya edildilər və lateropozisiya olundular. Hemostaz, burun boşluğuna silikon splintlər yerləşdirildilər. Xarici burun termal langetlə sabitləndi. Ümumi hemorraqiya təqribi 30 ml». Qeyd edir ki, uğurlu əməliyyatdan sonra Cavabdeh1 digər həm iddiaçıdan telefon smsləri vasitəsilə əlavə pullar istəməyə, təhqirlər yağdırmağa, həm də sosial şəbəkələrdə işgüzar nüfuzuma, həkim adıma xələl gətirən, onu nüfuzdan salan yalan və həqiqəti əks etdirməyən məlumatlar yaymağa başlamışdır. Müxtəlif insan kütlələri həmin cavabdehin bu yalan, həqiqətə uyğun olmayan məlumatları bu günədək oxumaqdadırlar. Həmin saytlardan çıxarışları və əməliyyat zamanı Cavabdeh1 əməliyyat olunan zaman aparılan video çəkilişin disk formatda iddia tələbinə əlavə edilmişdir. Odur ki, Cavabdeh1 ondan tefon smsləri vasitəsilə əlavə pullar istəməyə, təhqirlər yağdırmağa, həm də sosial şəbəkələrdə işgüzar nüfuzuna, həkim adıma xələl gətirən, onu nüfuzdan salan yalan və həqiqəti əks etdirməyən məlumatlar yaymasını xeyli sayda insanlar izlədiyindən bu məlumatların yalan olması barədə təkzib verməsi barədə, həmçinin cavabdehdən 10000 manat maddi və 20000 (iyirmi min) manat mənəvi zərər olaraq tululub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Qarşılıqlı iddia tələbinin əsaslandırılması: (İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iddia tələbi onunla əsaslandırmışdır ki, o Mingəçevir Şəhər Xəstəxanasında tibb bacısı işləyir. Həm şəhərdə həm də şəhər ərazisində hörmətli şəxslərdən biridir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sözügedən mülki iş məhkəmənin icraatdadır və 2(051)-668/2024 nömrə ilə qeydə alınmışdır, ilkin iddia ilə razı deyil və ilkin iddianın rədd edilməsini xahiş edir. Lakin Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia tam əsaslı olmaqla ilkin iddianın rədd edilməsinə yönəlmişdir. Cavabdeh1 15 sentyabr 2022-ci ildə əməliyyat olunmuş və əməliyyat nəticəsində istənilən nəticələrə nail olunmamışdır. Belə ki, burun nahiyyəsində həm estetik həm də tənəffüz yollarında olan problemlər öz müsbət həllini tapmamışdır. Belə ki, nəfəs almağında problemlər yaranmaqla bərabər əməliyyatdan sonra problemləri artmışdır. İlkin iddia üzrə iddiaçı tibbi terminlər işlətməklə əməliyyatın uğurlu olmasını əsaslandırmağa çalışsa da nəticə göz qabağındadır. Onun İddiaçı şərəf və ləyaqətini necə aşağılamağı onun özünə də maraqlıdır. O, İddiaçı təhqir etməmiş və onun barəsində heç bir fikir irəli sürməmişdir. Öz iradını və tənqidi yanaşmasını bildirmişdir. Tənqidə görə məsuliyyət yoxdur və bu cür iradlara dözmək vəzifəli şəxslərin borcudur. Bundan əlavə ilkin iddia üzrə iddiaçının özünün də əlavə etdiyi yazılara baxın və qiymət verin. Orada həkim özünün tanışlarına yazdırdıqları, onun təhqir olunmağında bağlı sözləri məhkəmə də görür. Onun İddiaçı təhqir etməyi ilə əlaqədar heç bir söz yoxdur. Lakin o, əməliyyatın uğursuz olmağı ilə əlaqədar ödənilmiş pulunu istədikdə təhqir olunmuşdur. Cavabdeh İddiaçı öz işçilərinin və pasientərin içində ona “dərəbəylik edirsən, həyasız, həyasızlıq edirsən utan” ifadələrini işlətmişdir. Cavabdeh ona qarşı qeyri-etik istifadə etdiyi sözlər və onun tanışlarının sosial şəbəkədə dedikləri təhqirlər ona çox pis təsir etmişdir. Cavabdeh tərəfindən bildirdiyi həqiqəti əks etdirməsə də bu sözlər və ifadələr onun nüfuzuna mənfi təsir edir. O, iş yerində və kolletiv içində cavabdehin hərəkətləri nəticəsində nüfuzdan düşür. Sözügedən hadisə nəticəsində hər dəfə əsəb və stres çəkir. Dəfələrlə sarsıntı keçirməsi ilə əlaqədar müalicə almışdır. Cavabdeh onun barəsində bu kimi ləyaqəti və işgüzar nüfuzu alçaldan ifadələr işlədir. Bundan əlavə İddiaçı onun nüfuzunun düşməsi və sarsıntı keçirməsini bildirir. Lakin iş materiallarında bununla bağlı heç bir sənəd yoxdur. Cavabdehin hansı stres keçirməsi, harada müalicə alması, hansı işgüzar nüfuzunun aşağı düşməsi, hansı qazancından və ya iş yerindən məhrum olması öz əksini tapmamışdır. Əksinə o, həm səhətində olan problemləri düzəldə bilməmiş, səhətində problemlər yaranmış, fiziki qüsurlar artıq qabarıq şəkildə hiss olunur və o, cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Bütün bu hallar onun mənəvi nüfuzuna xələl gətirmişdir. O, sarsıntı keçirmiş və müalicə almışdır. Ona həm psixoloji həm də maddi və mənəvi ziyan dəymişdir. Odur ki, İddiaçı ondan yazılı üzr istəməsi, ona vurduğu mənəvi zərərə görə, cavabdehdən 16.000 (on altı min) manat mənəvi ziyanın və ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında (İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinin əsassız olması səbəbi ilə rədd edilməsini qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı idia rədd edilməlidir. İş materialları: xx.xx.2022-ci il tarixli “Artromed” Tibbi Mərkəzi tərəfindən təqdim edilmiş ərizəyə əsasən X3 həkim İddiaçı tərəfindən əməliyyatın aparılmasına razılıq vermiş və bununla imzası ilə təsdiq etmişdir. 0969110 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik kartoçkasından görünür ki, Cavabdeh1 burun arakəsməsinin əyriliyi xarici burun deformasiyası ilə, burun arakəsməsinin perforasiyası, vazomotor rinit diaqnozu qoyulmuşdur. Sosial mediada yayımlanmış video və foroşəkillərdən görünür ki, vətəndaşlar müxtəlif mənfi və müsbət xarakterli rəylər yazılmışdır. xx.xx.2024-cü il tarixli ********** mədaxil qəbzdən görünür ki, Əhmədov X2 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 180.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** mədaxil qəbzinə əsasən Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 100.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. AH seriyalı 044047 nömrəli sertifikasiyası şəhadətnaməsinə əsasən İddiaçı otorinolarinqologiya üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşin müəyyən olunmuş halları İlkin iddia üzrə iddiaçı estetik həkim cərrahdır. İlkin iddia üzrə cavabdeh növbəti burun əməliyyatı etmək üçün iddiaçıya müraciət etmişdir. Əməliyyatdan sonra xəstədə narazılıq olması halı əvvəlcədən ona bildirilmişdir. Əməliyyatdan sonra ilkin iddia üzrə cavabdeh burun əməliyyatından narazı olduğunu, pulunun qaytarılmasını tələb etmişdir. İlkin iddia üzrə iddiaçı etiraz edərək pulun qaytarılmasını deyil, onu yenidən əməliyyat edə biləcəyini demişdir. İlkin iddia üzrə cavabdeh razı olmamışdır. İlkin iddia üzrə cavabdeh ilkin iddiaçının əməliyyatının uğursuz olması barədə ilkin iddiaçının özünə çoxsaylı mesajlar yazmışdır. Xəbər saytında ilkin iddia üzrə cavabdehin bulanıqlaşdırılmış şəkli paylaşılmışdır. Şəklin altında müxtəlif rəylər yazılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halı ilə müəyyən olunur ki, ilkin iddia üzrə cavabdehin əməliyyatının uğursuz keçməsi ilkin iddiaçı tərəfindən təkzib olunmamışdır. Yəni ilkin iddiaçı özü cavabdehə onu yenidən əvəzsiz olaraq əməliyyat edə biləcəyini demişdir. Beləliklə əməliyyatın uğurlu keçməsi müəyyən edilmir. Əksinə təkrar əməliyyat olunması ilə bağlı iddiaçı cavabdehə təklif etmişdir. Bununla da ilkin cavabdehin əməliyyatın uğursuz keçməsinin ilkin iddiaçının özünə və ya başqa şəxsə bildirməsi ilkin iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumat hesab edilə bilməz. İddiaçı cavabdehdə qarşı cavabdehdən 10000 manat maddi ziyanın vurulması ilə bağlı mənəvi zərər vurduğuna görə 20000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, cavabdeh tərəfindən maddi və mənəvi zərər yetirilməsi faktının mövcudluğu öz təsdiqini tapmamış və iddiaçı ona cavabdeh tərəfindən qanunvericilikdə təsbit olunmuş qaydada maddi və mənəvi zərər vurulmasına əsas olan hərəkətlər etməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə olan halda ilkin iddia təmin edilməməlidir. Bundan başqa cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan yazılı üzr istəməsi, ona vurduğu mənəvi zərərə görə, iddiaçıdan 16000 manat manat mənəvi ziyanın və ödədiyi 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, ididiaçının ona mənəvi zərər yetirilməsi faktının mövcudluğu öz təsdiqini tapmamış və iddiaçının ona qanunvericilikdə təsbit olunmuş qaydada mənəvi zərər vurulmasına əsas olan hərəkətlər etməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə olan halda qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğuna görə ilkin iddia və qarşılıqlı iddia təmin təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 180.40 manat və qarşılıqlı iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 100.40 manat məbləğində dövlət rüsumu tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. (İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşı telefon smsləri vasitəsilə təhqirlər yaydığına, həm də sosial şəbəkələrdə işgüzar nüfuzuna, həkim adına xələl gətirən, onu nüfuzdan salan yalan və həqiqəti əks etdirməyən məlumatlar yaymasını xeyli sayda insan kütləsi izlədiyindən həmin məlumatların yalan olması barədə təkzib verməsi, 10000 (on min) manat maddi və 20000 (iyirmi min) manat mənəvi zərər olaraq tululub İddiaçı ödənilməsi barədə iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 180.40 (bir yüz səksən manat qırx qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia rədd edilsin. (İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 İddiaçı qarşı ondan yazılı üzr istəməsi, ona vurduğu mənəvi zərərə görə 16000 manat mənəvi ziyanın və 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 100.40 (bir yüz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-668/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-668/2024
29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver