Məhkəmə qərarları › İş №2(051)-68/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-68/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-68/2025 05.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 3850 manat borc pulun və dövlət rüsumu üçün ödənilmiş 60 manat, cəmi 3910 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda “N” saylı hərbi hissədə işlədiyi zaman tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2022-ci ildə borca 2000 manat və xx.xx.2023-cü il tarixdə 2400 manat məbləğində borca pul istəmişdir. O, Cavabdeh tanıdığı və yaxın dostluq münasibəti yarandığı üçün ona borc olaraq xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğində və xx.xx.2023-cü il tarixdə isə 2400 manat, cəmi 4400 manat məbləğində pul vermişdir. Cavabdeh həmin tarixlərdə borc pul götürərək rəsmi qəbz yazaraq söz verdi ki, cəmi aldığı 4400 manat borc pulu 3-4 aya qaytaracaqdır. Lakin bu günə kimi Cavabdeh ondan borca aldığı 4400 manat məbləğində puldan indiyədək 550 manat pul qaytarsa da, 3850 manat borcunu qaytarmamışdır. Cavabdeh borclu olduğu 3850 manat pulunu qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək aldadır. Dəfələrlə borca verdii pulu tələb etsə də, o hər dəfə ona tezliklə borca aldığı pulu qaytaracağını bildirsə də, borcunu qaytarmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh hazırda hərbidə işləməklə yüksək maaş alır və ona olan borcunu qaytarmağa maddi imkanı vardır. İddia ərizəsinə əlavə etdiyi AR DİN, Naxçıvan MR-nın DİN-nin xx.xx.2024-cü il tarixli, 3-13-43/2-Ə- 2xx/xx/2024 saylı rəsmi məktubuna əsasən Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh verdiyi izahatında göstərmişdir ki, iddia edilən əl-yazmalar ona məxsus deyildir. 2023-cü ildə hərbçi olaraq gücləndirilmiş əməliyyatda olub və həmin il pul ala bilməzdi. Çünki həmin vaxt Beyləqanda olmamışdır. Əl-yazmaların ekspertizaya verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin son baxış iclasına gəlməmişlər, buna baxmayaraq iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, keçirilmiş ekspertizanın rəyi ilə bir daha sübut olunmuşdur ki, qəbzlərdəki yazılar cavabdehə məxsusdur. Onun, yəni cavabdehin tərəfindən yazılmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, Cavabdeh xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Halhazırda N saylı Hərbi Hissədə xidmət edir. İddiaçı borc olaraq 2000 manat götürmüşdür. 3- 4 aya qaytarmağa söz verir. İşdə olan Cavabdeh tərəfindən əl dəsti-xətti ilə yazılmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Muradov X2 şəhəri, A.Məmmədov küçəsi 6 A yaşayır. Beyləqanda N saylı hərbi hissədə yaşayır. İddiaçı 2400 manat götürmüşdür. Sonra qaytarmağa söz verir. İşdə olan "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Əzizov X1 şəhər Məhkəməsi təyinatlı 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan Məhkəmə-xətşünaslıq ekspertizasının 4/1691 nömrəli, 13 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, mülki işin 1-ci vərəqəsində olan üzərində "Mən Cavabdeh xx.xx.1992-ci ildə Mingəçevirdə anadan olmuşam. Hal-hazırda N saylı Hərbi hissadə xidmət edirm. İddiaçı borc olaraq 2000 manat götürdüm. 3-4 aya qaytarmağa söz verirəm" yazları olan xx.xx.2022-c il tarixli qəbzdəki yazılar və imza, mulki işn 2-ci vereqesinde olan üzərində "Mən Muradov X2 şəhəri A.Məmmədov küçəsi, 6 A-da yaayıram. Beyləqanda yerləşən N saylı Hərbi hissed yaşayıram. İddiaçı 2400 manat götürdüm. 3 aya qaytarmağa söz verirəm" yazıları olan xx.xx.2023-cü il tarixli qəbzdəki yazılar və imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manatdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh iddiaçı ilə yazılı borc müqaviləsi bağlayaraq iddiaçıdan hər iki borc müqaviləsi üzrə 2000 və 2400 manat olmaqla cəmi 4400 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin borcdan 550 manat məbləğində ödəniş etmişdir. Sonradan cavabdeh qalıq qalmış 3850 manat borcun ödənilməsindən yayınaraq iddiaçıya qalan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin 3850 manat məbləğində borcunun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan yazılı borc müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə müəyyən pul məbləğini vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin borcu ödəməmişdir. Buna görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehə borc müqavilələri əsasında 4400 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və borcu qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh həmin borcdan 550 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh qalan 3850 borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, iddia təmin edilməli, 3850 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan əlavə olaraq Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının təqdim etdiyi yazılı borc müqavilələri olan qəbzləri özünün yazmadığını bildirərək inkar etsə də, Məhkəmə-ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, həmin yazılar məhz Cavabdeh tərəfindən yazılmışdır. Ona görə də məhkəmə, rəyi sübut növü kimi qəbul edir. AR Mülki Prosessual Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Ödənilmiş 60 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş Məhkəmə-xətşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 127 manat məhkəmə xərci Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh Məhkəmə-xətşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar