Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-70/2025 23.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir şəhər Bələdiyyəsi olmaqla) «yolun açılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 49A ünvanda yerləşən torpaq sahəsinə gedən yolun açılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 və onların ailə üzvləri tərəfindən yolun açılmasına yaradılan maneələrin cavabdehlərin hesabına aradan qaldırılması və cavabdehlər tərəfindən onun yolunda inşa olunmuş tikililərin cavabdehlərin hesabına sökülməklə aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2 və X10 tərəfindən yolunun açılmasına yaradılan maneələrin cavabdehlərin hesabına aradan qaldırılması və onun yolunda inşa olunmuş tikililərin cavabdehlərin hesabına sökülərək aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 49A ünvanda yerləşən torpaq sahəsi onun mülkiyyətindədir. Sözügedən torpaq sahəsinə dair mülkiyyət sənədi var. Ona məxsus olan və mülkiyyətində olan həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun cavabdehlər tərəfindən tutulmuş və həmin torpaq sahəsinə başqa istiqamətdən giriş-çıxış yolunun nəzərdə tutulmamışdır. Mingəçevir şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 52/1 №li qərarına əsasən Mingəçevir şəhəri “Mingəçevir kəndi” adlanan ərazidən mənim mülkiyyətində olan 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu ii qeydiyyat tarixli Çıxarış verilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu onunla qonşuluqda torpaq sahəsi cavabdehlər hasara alaraq bağlamışdır. Onun tərəfindən eyni əsasla X7 məhkəməyə verilmiş və iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 68/2022 saylı, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1258/2022 saylı və Ali Məhkəmənin 2(102)- 1298/2023 saylı qətnamələri ilə onun tərəfindən verilmiş iddialar təmin edilmişdir. Sözügedən iş üzrə bütün araşdırmalar aparılmış və ekspertizalar keçirilmişdir. Heç bir dəyişiklik olmasa da hazırda icra sənədinin icra edilməsinə cavabdehlər mane olur. Onların adının qətnamədə olmaması icra sənədini mümkünsüz etməsi səbəbindən iddia qaldırmaq məcburiyyətindədir. X7 qətnamə çıxdıqdan sonra vəfat etmiş və icra sənədi onun hüquqi varisi müəyyən oluna bilmədiyi üçün icra edilə bilmir. X1 ailə üzvləri olan hazırki cavabdehlər ona məxsus olan torpaq sahəsinə gedilməsi üçün mane olurlar. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun anasıdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdir. Cavabdeh tərəfə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-68/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddia təmin olunmuş və Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 49A ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə cavabdeh X7 tərəfindən tutulmuş giriş-çıxış yolunun açılması qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1285/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(051)-68/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1298/2023 saylı qərarından görünür ki, Kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1285/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunmuş Mingəçevir Bələdiyyəsinin 52/1 №li, 17 aprel 2004-cü il tarixli qərarından görünür ki, X5 “Mingəçevir kəndi” adlanan ərazidən 0,07 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İşə əlavə olunmuş AZ-İ seriyalı, ******* nömrəli Daşımaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X2 şəhəri, M.Fərruxov küçəsi, 49A ünvanda yerləşən 0.07 ha torpaq sahəsini İddiaçı 1680 manata satmışdır. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı məxsus olan 0.07 ha torpaq sahəsinin planı və ölçüsü çəkilmişdir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 49A ünvanda yerləşən 0.07 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş DƏDRX-ın 07 mart 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 49A ünvanda yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun cavabdeh tərəfindən tutulduğu və həmin torpaq sahəsinə başqa istiqamətdən giriş-çıxış yolunun nəzərdə tutulmadığı və ya açılmasının mümkün olmadığı müəyyən edilmişdir. İşə əlavə olunmuş AZ-T seriyalı, 272290 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 anası X9r. İşə əlavə olunmuş Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 boşandıqdan sonra Əliyeva soyadına keçmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququ və qonşuluq münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. İş materiallarından görünür ki, Mingəçevir şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 52/1 №li qərarına əsasən Mingəçevir şəhəri “Mingəçevir kəndi” adlanan ərazidən iddiaçının mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınararaq ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış verilmişdir. İddiaçı bəyan edir ki, mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu onunla qonşuluqda torpaq sahəsi olan və fərdi yaşayış evi tikib yaşayan cavabdeh tərəf hasara alaraq bağlamışdır. İşdə olan DƏDRX-ın 07 mart 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 49A ünvanda yerləşən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun cavabdeh tərəfindən tutulduğu və həmin torpaq sahəsinə başqa istiqamətdən giriş-çıxış yolunun nəzərdə tutulmadığı və ya açılmasının mümkün olmadığı müəyyən edilmişdir. İddiaçı cavabdehlərə qarşı yolun açılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67, 1-ci bənd. Torpaq sahələri üzərində hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir; 4-cü bənd. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111, 1-ci bənd. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur; Maddə 47, 3-cü bənd Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 84, 1-ci bənd. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia ərizəsinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materialları və iddiaçı tərəfin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində 0.07 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. İddiaçı buna səbəb kimi mülkiyyətinə gedən giriş-çıxış yolunun cavabdeh tərəfindən zəbt olunmasını bildirir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin istifadəsində 0.04 ha torpaq sahəsi vardır. (bu barədə digər məhkəmələrin preyudisial əhəmiyyət kəsb edən yekun məhkəmə aktlarında qeyd edilmişdir) Cavabdeh tərəf həmin torpaq sahəsində yaşayış evi inşa edərək ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçı tələbində mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın məhdudlaşdırılmasını bildirərək, mülkiyyətində olan həmin torpaq sahəsinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə məhkəmə iclaslarına gəlməmiş və tutmuş olduğu torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunun cavabdeh tərəfindən zəbt olunması işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin 07 mart 2025-ci müşaiyət məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə öz təsdiqini tapır. İş üzrə verilmiş mütəxəssis rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə də həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə mütəxəssis rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə mütəxəssis rəyi sübut kimi qəbul edilməlidir. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Mütəxəssis rəyinə əlavə olunmuş mübahisəli torpaq sahəsinin yerquruluşu planında da cavabdehin özünün istifadəsində olduğunu bəyan etdiyi 0.04 ha torpaq sahəsindən iki dəfədən artıq (0.0993 ha) torpaq sahəsindən istifadə etdiyi müəyyən olunur. Həmin yerquruluşu planında yol sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu görünür. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışı bağlamaqla onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumuniyaya qarşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri, M.Fərruxov küçəsi, 49A ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinin giriş-çıxış yolunun açılmasına Cavabdeh1, Cavabdeh2 və X10 tərəfindən yaradılan maneələrin cavabdehlərin hesabına aradan qaldırılsın və iddiaçının giriş-çıxış yolunda inşa olunmuş tikililər cavabdehlərin hesabına sökülərək aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-70/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-70/2025
23.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver