Məhkəmə qərarları › İş №2(051)-703/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-703/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-703/2022 27.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh İslam oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İslam oğluna qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh İslam oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh İslam oğlunu bir müddətdir ki, tanıyır, aralarında yaxşı münasibətlə olmuşdur. Cavabdehin xahişi ilə 30 mart 2021-ci il tarixə “İrşad” telefon mağazasından öz adına 512 manat dəyərində “Samsunq A- 217” black64 GB” markalı mobil telefon alıb cavabdehə vermişdir. Aralarındakı razılığa görə telefonun dəyəri olan 512 manat pulu cavabdeh ödəməli idi. Sonra ona məlum olmuşdur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, telefonla bağlı olan borc mağazaya ödənilməmişdir. Buna görə də “İrşad” telefon mağazası onu məhkəməyə verir. O, təqaüdçüdür, aldığı təqaüdlə ailəsini çətinliklə saxlayır, mağazaya olan borcu ödəməyə maddi imkanı yoxdur. O, dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə mıcbur olmuşdur. Ona məlum olmuşdur ki, cavabdeh telefonu satmışdır. İddianın təmin olunmasını, cavabdehdən 512 manat dəyərində “Samsunq A-217” modelli mobil telefonun özünü və ya onun dəyəri olan 512 manat məbləğdə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İslam oğlu məhkəmə iclasında iddianı etiraf edərək izahatında bildirdi ki, həqiətən də 30 mart 2021-ci ildə İddiaçı “İrşad” telefon mağazasından 512 manat qiymətində “Samsunq” modelli mobil telefonu öz adına alıb ona vermişdir. Aralarındakı razılaşmaya görə telefonun pulunu hər ay o, ödəməli idi. Lakin maddi imkanı olmadığına görə telefonun pulunu ödəyə bilmədi. Eləcə də həmin telefonu satdı. Ancaq telefonun qiyməti olan 512 manat pulu iddiaçıya hissə-hissə ödəyəcəkdir. İşə əlavə olunmuş “İrşad” mağazası tərəfindən verilmiş sənəddən görünür ki, İddiaçı Kamal oğlu 30.03.2021-ci il tarixdə həmin mağazadan 1 ədəd “Samsunq A-217 black 64 GB modelli telefon almışdır, qalıq borc 512 manatdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində cavabdehin xahişi ilə pulu cavabdeh tərəfindən ödənilməsi şərti ilə “İrşad” mağazasından “Samsunq” markalı mobil telefon alıb cavabdehə verdiyini, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək telefonun pulunu ödəmədiyini, nəticədə onun mağazaya 512 manat borcu yarandığını bildirərək həmin mobil telefonun və ya onun qiyməti olan 512 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh də məhkəmə iclasında iddianı etiraf edərək, həqiqətən də, qiymətini o, ödəmək şərti ilə iddiaçı mağazadan “Samsunq” markalı mobil telefon alıb ona verdiyini, 512 manat borc yarandığını, lakin borcu ödəmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir, ona görə də iddia təmin olunmalı, cavabdehdən 512(beş yüz on iki) manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh İslam oğlundan 512(beş yüz on iki) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar