Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-716/2024 08.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı Mingəçevir Bələdiyyəsinin qərarının ləğvi və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı Mingəçevir Bələdiyyəsinin qərarının ləğvi və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 24 may 2003-cü il tarixli, 165 nömrəli və Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 26 fevral 2003-cü il tarixli, 66 nömrəli sərəncamlarına əsasən mərhum valideynləri X3 və X1 icarəsinə verilmiş torpaq sahələrinin başqa şəxsə icarəyə verilməsi haqqında Mingəçevir Bələdiyyəsinin qərarının ləğv olunması və həmin şəxslə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Mingəçevir Bələdiyyəsinin qərarının ləğvi və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması qanunda nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci və 2.2.1-ci maddələrinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Göründüyü kimi bələdiyyələr inzibati orqandır, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Bununla belə iddiaçıya izah edilsin ki, iddiaçı Mingəçevir Bələdiyyəsinin qərarının ləğvi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq ümumi əsaslarla aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı Mingəçevir Bələdiyyəsinin qərarının ləğvi və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Mingəçevir Bələdiyyəsinin qərarının ləğvi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq ümumi əsaslarla aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixdə saat 11:04:18-də "xxxx" MMC, Yevlax RPF, Mingəçevir MXŞ-yə ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-716/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-716/2024
08.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver