Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-73/2024 08.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 19882 manat pulun və 150 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 2015-ci ildə "xxxx" ASC-nin Mingəçevir filialı ilə müqavilə bağlayaraq bankın depozit hesabına 24000 (iyirmi dörd min) manat pul qoymuşdur. Bu pulun müqabilində hər ay bankdan 250 manat faiz alırdı. Cavabdeh həmin bankdan tanımış, belə ki, o filialın müdiri idi. 2020-ci ilin oktyabr ayında ona zəng edərək onlara gəlmişdir. Uşağı xəstə olduğunu bildirərək özü ödəmək şərti ilə onun bankdakı pulunu girov qoyulacağı təqdirdə onun öz adına kredit götürməyini xahiş etdi. 06 oktyabr 2020-ci ildə həmin bankdan 2000 manat, 17 dekabr 2020-ci ildə 5000 manat, 09 aprel 2021-ci ildə 1500 manat, 18 mart 2022-ci ildə 10000 və 6600 manat olmaqla, cəmi 30200 manat kredit götürüb ona vermişdir. Əvvəlki kredit borcları bağlansa da 18 mart 2021-ci il tarixdə götürüb ona verdiyi 16600 manat kredit ödənməmişdir. Qeyd edir ki, 2022-ci ilin fevralmart ayında həmin depozitdə olan pulundan xəstəliyi ilə əlaqədar 3000 manat çıxartdığından 2022-ci ilin mart ayından aldığı faiz 75 manat olmuşdur. 2022-ci ilin sentyabr-oktyabr ayından kreditlər ödənmədiyindən Cavabdeh şübhələnməyə başlayıb danışıqlarını telefon yaddaşına yazmağa başlamışdır. Həmçinin depozitdə qalan pulu onun kreditlərinə xərclənməməsi üçün 2022-ci ilin dekabr ayından bankdan aldığı 175 manat pulun üzərinə 74 manat əlavə etməklə bank faizlərini ödəməyə başlamışdır. Mart 2023-cü ildə isə Cavabdeh götürülən krediti ödəmədiyindən 19000 manat mənim depozit hesabından tutularaq kredit borcu ödənilmişdir. 882 manat isə əlavə faiz ödəmiş, hansı ki, həmin məbləğin aylıq 175 manat onun öz pulunun faizi olmuşdur. Cavabdehin hərəkətlərindən Mingəçevir şəhər Prokurorluğuna şikayət vermişdir. Ancaq bankdan kredit götürülməsi onun tərəfindən həyata keçirildiyindən mübahisənin mülki xarakterli olması barədə qərar qəbul edilmişdir. Ancan başqa epizodlar üzrə onun barəsində cinayət işi başlanılmışdır. Araşdırma zamanı onda olan 25 fayldan ibarət səs yazılarını təqdim etmiş, həmin səs yazıları ekspertiza keçirilmiş, səslərin cavabdehə aid olduğu müəyyən edilmişdir. Həmin səs yazılarında Cavabdeh onda 100 vo 66 ədəd olmaqla yüzlük aldığını təsdiq etmişdir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 mart 2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 068/M saylı kredit müqaviləsinə əlavədən görünür ki, iddiaçı "xxxx" ASC-nin Mingəçevir şəhər filialından illia 18% hesablamaq şərti ilə 6 000 manat kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 18 mart 2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 061/M saylı kredit müqaviləsinə əlavədən görünür ki, iddiaçı "xxxx" ASC-nin Mingəçevir şəhər filialından illia 18% hesablamaq şərti ilə 10 000 manat kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 18 mart 2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 061 saylı girov müqaviləsinə əlavədən görünür ki, iddiaçı ona məxsus "xxxx" ASC-nin depoziinə qoyulan 21 000 manat pulu xx.xx.2022-ci il tarixli, 061/M saylı kredit müqaviləsinə təminat kimi girov qoymuşdur. İş materiallarına əlavə edilmiş 18 mart 2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, 068 saylı girov müqaviləsinə əlavədən görünür ki, iddiaçı ona məxsus "xxxx" ASC-nin depoziinə qoyulan 21 000 manat pulu xx.xx.2022-ci il tarixli, 068/M saylı kredit müqaviləsinə təminat kimi girov qoymuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Prokurorluğunun 30 may 2023-cü il tarixli «sübutların qiymətləndirilməsim haqqında qərarından görünür ki, həmin qərarda iddiaçı tərəfindən "xxxx" ASC-nin Mingəçevir filialından 18 mart 2022-ci ildə 10000 və 6600 manat kredit götürməsi və cavabdehə verilməsi öz əksini tapmışdır. Həmin əqrarla mübahisə mülki xarakterli olduğu üçün cinayət şinin başlanılması rədd edilmiş və iddiaçıya mülki mühakimə qaydasında məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. Beləliklə işin əhəmiyyətl hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, iddiaçı 2015-ci ildə "xxxx" ASC-nin Mingəçevir filialı ilə müqavilə bağlayaraq bankn depozit hesabına 24000 manat pul qoymudur. Bu pulun müqabilində iddiaçı hər ay bankdan 250 manat faiz alırmışdır. Cavabdeh həmin bankın müdiri olmuşdur. 2020-ci ilin oktyabr ayında cavabdeh iddiaçıya uşağı xəstə olduğunu bildirərək özü ödəmək şərti ilə onun bankdakı pulunu girov qoyulacağı təqdirdə iddiaçının adına kredit götürməyini xahiş etmişdir. İddiaçı 06 oktyabr 2020-ci ildə həmin bankdan 2000 manat, 17 dekabr 2020-ci ildə 5000 manat, 09 aprel 2021-ci ildə 1500 manat, 18 mart 2022-ci ildə 10000 və 6600 manat olmaqla, cəmi 30200 manat kredit götürüb cavabdehə vermişdir. Əvvəlki kredit borcları bağlansa da 18 mart 2022-ci il tarixdə alınmış 16600 manat kredit ödənməmişdir. 2023-cü il tarixdə Cavabdeh götürülən krediti ödəmədiyindən 19000 manat iddiaçının depozit hesabından tutularaq kredit borcu ödənilmişdir. Bundan əlavə iddiaçı əlavə olaraq 882 manat faiz ödəmişdir. İddiaçı cavabdehin hərəkətlərindən Mingəçevir şəhər Prokurorluğuna şikayət vermişdir. Prokurorluq bankdan kredit götürülməsi iddiaçı tərəfindən həyata keçirildiyindən mübahisənin mülki xarakterli olması barədə qərar qəbul edilmişdir. Hal-hazırda iddiaçsı ona dəymiş ziyanı tələb edir. İddiaçının gətirdiyi həmin dəlillər mülki işin materiallarına əlavə edilmiş Mingəçevir şəhər Prokurorluğunun 30 may 2023-cü il tarixl «sübutların qiymətləndirilməsim haqqında qərarı və işə əlavə edilmiş kredit müqavilələri və girov müqaviləlri ilə təsdiq olunur. Məhkəmə həmin sübutları iş üçün əhəmiyyət kəsb etdiyi üçün mötəbər sübut kimi qəbul edib hüquqi qiymət verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə bu normaların tələbində çıxış edərək qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Sadalanan hüquq normaları iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və İddiaçı vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Belə ki, məhkəmədə tətqiq olunmuş məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh əməli hüquqa zidd olmuş və bunun nəticəsində cavabdehin huquqları pozulmuş, əməl qəsdən törədilmişdir, əməli törətməkdə təqsiri sübut olunur və nəticədə cavabdeh İddiaçı qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd, mülki qanunvericiliyin normalarını pozan əməli törətmişdir və cavabdeh bu əmələ görə mülki hüquq məsuliyyəti daşıyır. Bu əsaslarla iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə iddia tələbini əsaslı hesab edir və iddiaçıya vurulmuş zərərin əvəzi cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 19882 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 150 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19 882 (on doqquz min səkkiz yüz səksən iki) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-73/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-73/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver