Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-74/2025 13.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1420 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil qızı Xəyalə Həsənovanın mülkiyyətindədir. O, qızına məxsus mənzili təmir etdirmək qərarına gəlmişdir. Elə bu məqsədlə də usta kimi Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh qızına məxsus mənzilə baxdıqdan sonra, həmin mənzili usta haqqı olaraq 3200 (üç min iki yüz) manat məbləğ qarşılığında tam təmir edəcəyini demişdir. Aralarında olan razılığa əsasən cavabdeh qızına məxsus mənzili tam təmir etdikdən sonra 3200 manat məbləğdə pulu almalı idi. Onlar bu qaydada razılaşmışlar. Bundan sonra təmir üçün lazım olan bütün materialları alıb cavabdehə təqdim etmişdir. Cavabdeh də 20 aprel 2024-cü il tarixdə mənzildə təmir işlərinə başlamışdır. Cavabdeh hissə-hissə olmaqla ondan 2420 manat məbləğdə usta pulu almışdır. Lakin cavabdeh demək olar ki, mənzildə çox az bir iş görmüşdür. Gördüyü iş isə çox keyfiyyətsiz olmuşdur. Cavabdehdən niyə belə işlədiyini, niyə mənzili normal qaydada təmir etmədiyini soruşduqda, cavabdeh ona əsaslı bir söz deyə bilməmişdir.Ondan sonra isə mənzildə işini yarımçıq qoyub getmiş və bir daha gəlməmişdir. Ona görə də o, cavabdehə verdiyi 2420 manat pulun 1420 manatını geri tələb etmişdir. Cavabdeh nə pulu qaytarmamış, nə də mənzildə heç bir iş görməmişdir. Cavabdeh hamam-tualeti bitirməmiş, divar kağızları sökülüb, təmir tamamlanmamış, balkonun təmiri bərbad vəziyyətdə, qaynaqçı olmayan şəxsi gətirib qaynaq elətdirib, məcbur qalıb yenidən başqa ustalar gətirib 560 manat pul verib aynabənd yığdırmış, kombi aparatını ustaya 70 manat verib bağlatdırmışdır. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Lakin oradan ona məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Cavabdehə usta pulu kimi verdiyi 2420 manat məbləğdə pulun 1420 manatını geri ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, iddiaçı ŞPŞ-yə şikayət verərkən, 920 manat tələb edirdi, hazırda isə 1420 manat tələb edir. İddia tələbi ilə razı deyildir, çünki o, işin çox hissəsini görmüş, onun iddiaçıya 220 manat borcu qalmışdır. O, iddiaçıdan 2420 manat pul almış, 350 manat kombi ustasına vermiş, 100 manat qaynaqçıya vermiş, danışıqda söküntü və zibil daşınma işi danışılmamış, lakin iddiaçı həmin işləri də ona gördürdü, 700 manata balkona aynabənd yığılıb, döşəmə sökülməsi yox idi, onu da yarı qiymətə, yəni 200 manat pul verdi, ancaq evin divarında, döşəməsində və tavanında olan nöqsanları aradan qaldırmaq üçün əlavə pul vermədi. Hamam-tualetə beton tökmüş, arakəsmə hörmüş, suvağını çəkmiş, işıq xətlərini çəkmişdir. Yəni iddiaçı danışıqda olanlardan əlavə işlər gördürüb, lakin pulunu vermək istəmir, bu səbəbdən aralarında narazılıq yaranmışdır. Gördüyü işlərin xərci barədə iddiaçıya siyahını yazıb vermişdir. Plastik qapı pəncərə ustası nə ölçü verib, ona uyğun kəsmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, xx.xx.2024-cü il tarixli aktı, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən yazılmış əlyazmalardan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin təmiri üçün lazım olan materiallar göstərilmiş, cəmi 2200 manat hesablanmış, həmçinin mənzilin təmiri üçün görüləcək işlər göstərilmişdir. İş materiallarına ünvan 1 ünvanında yerləşən mənzilin fotoşəkilləri əlavə edilmişdir. İş materiallarına ünvan 1 ünvanında yerləşən mənzilin təmiri zamanı çəkilmiş videogörüntülər DVD diskə köçürülərək əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş ünvan 2iyyətinin Memarlıq və Tikinti şöbəsinin mütəxəssisi X2, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Mülki Müdafiə üzrə mühəndisi X3 və 9 saylı MİS-in sahə rəisi X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin qərardadının icrası ilə bağlı olaraq Təbriz küçəsi, ev 25/1, mənzil 50 ünvanında yerləşən mənzilə baxış keçirmişlər. Baxış keçirilən zaman həmin mənzil sahibinin dediyinə əsasən indiki tarixə olan orta təmir xərci təxmini olaraq 6300 manat təşkil edir. İddiaçı həmin mənzilin təmiri üçün xərclərinin müəyyən hissəsinin qəbzlərini təqdim etmişdir. Qəbzlər üzrə borc 764 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 1 ünvanında yerləşən mənzildə təmir-tikinti işlərinin aparılması məqsədilə iddiaçı cavabdehlə şifahi şəkildə podrat müqaviləsi bağlamaqla ona 2420 manat məbləğində pul vermişdir. Cavabdeh isə 2420 manat məbləğində pulu iddiaçıdan almış, lakin öhdəliyini tam olaraq icra etməmişdir. Hər iki tərəf bu faktın mövcudluğunu mübahisəsiz qəbul etdiyindən məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir. Lakin cavabdehin iddiaçıya borclu olduğu pulun məbləği barədə tərəflərin izahatları ziddiyyətli olduğundan məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 1420 manat məbləğində, borclu qalmasını iddia etmiş, cavabdeh tərəf isə 220 manat məbləğində borcu olduğunu qəbul etmiş, lakin heç bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş, Təbriz küçəsi ev 25/1, mənzil 50 ünvanında yerləşən mənzilə ünvan 2iyyətinin Memarlıq və Tikinti şöbəsinin mütəxəssi tərəfindən baxış keçirilməsi ilə bağlı xx.xx.2024cü il tarixdə tərtib edilmiş akta əsasən, İddiaçı həmin mənzilin təmiri üçün xərclərinin müəyyən hissəsinin qəbzlərini təqdim etmişdir, qəbzlər üzrə borcu 764 manat təşkil etmişdir. Ona görə də məhkəmə borc məbləğinin 764 manat məbləğində müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, təmir işlərinin görülməsi üçün iddiaçı ilə cavabdeh arasında yaranan mülki hüquq münasibətləri inkişaf edərək öhdəlik hüquq münasibətlərinə çevrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı mənzildə təmir-tikinti işlərinin aparılması məqsədilə cavabdehlə şifahi şəkildə podrat müqaviləsi bağlamaqla ona 2420 manat məbləğində pul vermişdir. Cavabdeh isə 2420 manat məbləğində pulu iddiaçıdan almış, lakin öhdəliyini tam olaraq icra etməmişdir. İddiaçı cavabdehin ona 1420 manat məbləğində borcu olduğunu bildirsə də, cavabdeh həmin halı 220 manat məbləğində hissədə etiraf etsə də, qalan hissədə təkzib etmişdir. İddiaçının cavabdehin ona 1420 manat məbləğində borcu olmasına dair tələbi məhkəmə iclası zamanı öz təsdiqini tapmadı. Ona görə də məhkəmə borcun məbləğini nə iddiaçının tələb etdiyi, nə də cavabdehin etiraf etdiyi həcmdə deyil, işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş məbləğdə qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1–ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında təmir işlərinin görülməsi ilə bağlı yaranmış podrat hüquq münasibətləri cavabdehin işləri yerinə yetirməməsi nəticəsində pozulmuş, ondan sonra cavabdeh iddiaçıya məxsus pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamaqla faydalanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli aktdan göründüyü kimi İddiaçı təqdim etdiyi qəbzlər üzrə borc 764 manat təşkil etmişdir. Bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün möcud olmuş əsas aradan qalxmış və hazırda iddiaçının pulunun saxlanması ilə bağlı cavabdehin istinad edə biləcəyi qanuni və müqavilə əsası yoxdur. Belə olan halda tərəflər arasında mövcud olmuş podrat hüquq münasibətləri cavabdehin hərəkətsizliyi nəticəsində, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərinə çevrilmişdir. Ona görə tərəflər arasında yaranmış mülki hüquq münasibətləri podrat müqaviləsindən irəli gələn mübahisə olduğundan və cavabdehin hərəkətsizliyi səbəbindən tərəflər arasında müqavilə münasibətləri pozulduğundan, cavabdeh tərəf iddiaçının pul vəsaitini heç bir qanuni əsas və ya müqavilə əsası olmadan özündə saxlamaqla əsassız varlanmışdır. Belə olan halda tərəflər arasında mübahisənin qanuni həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı cavabdehdən əsassız saxladığı pul vəsaitini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi 764 manat məbləğində təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında olan şifahi podrat müqaviləsi üzrə cavabdehin 764 manat məbləğində pulu iddiaçıya qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək, qismən təmin edilməli və cavabdehdən 764 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsi alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 764 (yeddi yüz altmış dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-74/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-74/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver