Məhkəmə qərarları › İş №2(051)-744/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-744/2022

01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-744/2022 01.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 02 dekabr 2005-ci ildə nikahlarnı rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 05 avqust 2006-cı il təvəllüdlü Aysel və 06 yanvar 2008-ci il təvəllüdlü Vüqar adlı iki nəfər uşağı doğulmuşdur. Mingəçevir şəhər məhkəməsinin 2017-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulması, Cavabdeh Aysel və Vüqar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 70 manat olmaqla cəmi 140 manat aliment təyin edilmişdir. Daha sonra Mingəçevir şəhər məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılmış, hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh 200 manat alimentdən başqa uşaqların saxlanması üçün iddiaçıya heç bir kömək etmir. Müəyyən edilmiş aliment hazırda uşaqların saxlanması üçün yetərli deyil, həmin məbləğlə iddiaçı uşaqları saxlamaqda çətinlik çəkir, onları maddi cəhətdən təmin edə blmir. İddiaçının uşaqları məktəblidir, aldığı aliment uşaqların kitab-dəftərini almağa belə çatmır. Cavabdeh qaynaqçı işləyir və əlavə olaraq qaynaqçı kimi ayrı-ayrı adamların işlərini görərək kifayət qədər qazanc əldə edir. İddiaçı heç bir yerdə işləmir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 05 avqust 2006-cı il təvəllüdlü X3 və 06 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat məbləğdə alimentin Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, uşaqlarına baxmaqdan imtina etmir. "xxxx" MMC-nin E/S təmir xitmətinin Turbin Avadanlıqlarının təmiri sahəsində qaynaçı işləyir. Aylıq maaşı 460 manatdır. Əlavə gəlir yeri yoxdur. Tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 05 avqust 2006-cı il təvəllüdlü X3 və 06 yanvar 2008-ci il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 14 avqust 2018-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(051)- 1306/2019 №-li qətnaməsindən görünür ki, Cavabdeh 05 avqust 2006-cı il təvəllüdlü X3 və 06 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, onların birgə nikahından doğulmuş Aysel və Vüqar adlı uşaqlar iddiaçının yanında qalırlar. Məhkəmənin 08 iyul 2019-cu il tarixli 2(051)-1306/2019 №-li qətnaməsi ilə Cavabdeh oğlundan 05 avqust 2006-cı il təvəllüdlü X3 və 06 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşaqların təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Lakin tələb olunan qədər aliment ödəməyə cavabdehin maddi imkanı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 05 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat, 06 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar