Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-746/2021 27.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, onun vəkili X3 və Cavabdeh Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşağı saxlaması ilə əlaqədar aliment tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 06.11.2018-ci il təvəllüdlü Aylin adlı qızı körpə olduğundan işləmədiynə görə onun özünə cavabdehdən hər ay 100(bir yüz) manat məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh ilə qeyri-rəsmi nikaha girməklə faktiki olaraq ailə qurmuşdur. Birgə münasibətlərindən 19 iyul 2017-ci il təvəllüdlü Ayan, 06 noyabr 2018-ci il təvəllüdlü Aylin adlı iki nəfər uşaqları doğulmuşdur. Aralarındakı münasibət pozulmuş, ayrılmışlar. Uşaqlar onun yanında qalırlar. Mingəçevir şəhər məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Uşaqları böyüdükcə maddi xərcləri də çoxalır. Uşaqların tələbatlarını ödəməkdə çətnlik çəkir. Cavabdeh rəsmi təyin olunmuş alimenti də vaxtında ödəmir. Hazırda cavabdehin 400 manat aliment borcu var. Aliment borcunu ödəmədiyinə, yaşayış yerindən getdiyinə görə barəsində axtarış da verilmişdir. Müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 19 iyul 2017-ci il təvəllüdlü X4, 06 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 200 (iki yüz) manat məbləğdə alimentin, eləcə də uşaq saxladığına, işləmədiyinə görə hər ay 100 manat alimenti Cavabdeh alınıb ona verilməsini xahiş edir. Cavabdehin həmin məbləğdə alimenti ödəməyə maddi imkanı vardır. İddiaçı vəkili X3 da məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyrək məhkəmə iclasında izahatında bildirdi ki, uşaqlarına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. İş yeri tapa bilmədiyinə görə işləmir. Müəyyən edilmiş alimenti də çətinliklə ödəyir. Hazırda da 400 manat aliment borcu vardır. Bundan əlavə o, yaşayış yerindən qaçıb getməmişdir. O, Qarabağ uğrunda döyüşlərdə, vətən müharibəsində iştirak etmək üçün səfərbərliyə getmiş, 03 yanvar 2021-ci ildə qayıtmışdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 19 iyul 2017-ci il təvəllüdlü X4, 06 noyabr 2018-ci il təvəllüdlü X1 valideynləri Cavabdeh və İddiaçıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2090/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 19 iyul 2017-ci il təvəllüdlü X4, 06 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin qeyri-rəsmi münasibətlərindən doğulmuş Ayan və Aylin adlı uşaqlar iddiaçının yanında qalırlar. Məhkəmənin 02 oktyabr 2019cu il tarixli qərarı ilə Cavabdeh 19 iyul 2017-ci il təvəllüdlü X4, 06 noyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment hazırda uşaqların təminatının səviyyəsinin maksimal saxlanması üçün kifayət deyildir. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia uşaqların saxlanması tələbinə dair hissədə qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Ailə Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməsini tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanında nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Lakin iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında nikah bağlanmamışdır. Buna görə də iddiaçının cavabdehdən aliment tələb etnək hüququ yaranmamışdır. Bundan əlavə iddiaçı, cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia işləməməsi səbəbindən aliment tələbinə dair hissədə təmin olunmamalıdır. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəm Qət etdi: İddia qismən təmin edilsin. 19.07.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, 06.11.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-746/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-746/2021
27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver