Məhkəmə qərarları › İş №2(051)-75/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-75/2023

27.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-75/2023 27.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və onun vəkili Vəkil, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona 1194,50 manat məbləğində vurulmuş ziyanın ödənilməsi haqda məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, ünvan 1 ünvanda yaşayır. Cavabdeh Əhmədova X1 şəhəri M.Ə.Sabir küçəsi ev 3, mənzil 42 ünvanda yaşayır. Cavabdeh ünvan 3 təmir edərkən 36 saylı mənzildəki qonşunun oradan da onun mənzilinə 4-5 dəfə çikab su axıdaraq təmirli mənzilinin hamam otağının 17,5 kv.m hissəsinin kafelini və tavan hissəsinin 3 kv.m sahəsinə, tualet hissəsinin divarlarının 11,6 kv.m və tavan hissəsinin 2,4 kv.m sahəsinə eləcədə elektrik naqillərini sıradan çıxarmaqla maddi ziyan vurmuşdur. Onun bu təqsirli hərəkətlərinə görə o, dəfələrlə ona müraciət edib ona dəyən ziyanı aradan qaldırmasını tələb etməyinə baxmayaraq mənzilini təmir etməkdən və ya dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Faktla bağlı o, 1 saylı Mənzil İstismar sahəsinin məsul şəxslərinə müraciət etdikdən sonra məhz cavabdeh tərəfindən ziyanın vurulması aktla müəyyən edilmişdir. Ziyan vurulmasını təsdiq edən fotoşəkillər də çəkilmişdir. Ekspert rəyinə əsasən mənzilinə dəyən ziyan 1194,50 manat müəyyən edilmişdir. Bununla da Cavabdeh ona 1194,50 manat məbləğində ziyan vurmuşdur. Onun hərəkətləri mülki hüquq pozuntusu kimi qiymətləndirilər və maddi məsuliyyət daşıyır. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim olunmuşdur ki, Cavabdeh qızından ona 2500 manat məbləğində vurulmuş zərərin ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, onlarda təmir işləri tikinti normalarına riayəyət edilməklə həyata keçirilmişdir. Semennt qarışdırılması binanın həyətində qarışdırılmış və evə daşınmışdır. Onlar tərəfindən iddiaçının evinə su axıdılmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, M.Ə.Sabir küçəsi ev 3, mənzil 39-da yaşayır. İddiaçı ilə qonşudur. Xuramanı isə hadisə ilə bağlı tanımışdır. Onun evinə 1 il olar ki, yuxarı mərtəbədən su axmışdır. Həmin vaxt Xuraman evini təmir etdirirdi. Mübahisəli evdən onların evinə su tökülübdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir il öncə təxminən 2022-ci ilin mart aprel ayında İddiaçı Sevil ona zəng edərək mübahisəli mənzilə çağırdı. Onda getdi, Sevil ondan xahiş etdi ki, qızının mənzilinə baxmaq istədi. O da mənzilin açarı onda olduğu üçün qapını açdı və gördü ki, tualetdən ordanda dəhlizə, dəhlizdən də aşağı su tökülür. Həmin vaxt Xuraman evini təmir etdirirdi. Mübahisəli evdən onların evinə su tökülübdür. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı MİS tərəfindən tərtib edilmiş aktdan görünür ki, M.Ə.Sabir 3 mənzil 43-də yaşayan Cavabdeh adlı qadın mənzil 42-də təmir işləri aparan zaman yenədə xx.xx.2022-ci il tarixdə axşam saat 22-23 radələrində çirkab kanalizasiya suyu axıtmışdır. Axıdılmış çirkab su mənzil 39-a oradan da mənzil 36-ya axmışdır. İşə əlavə olunmuş fotoşəkillərdən görünür ki, mənzilə çirkib su tökülmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 143 nömrəli, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, mənzilə vurulan ziyan 1194.50 manat dəyərindədir. İşdə olan 10/7268 saylı 28 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 36 saylı mənzilin dəhliz, hamam, və ayaqyolu konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Qeyd olunur ki, 42 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzil təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 36 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən emək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 36 saylı mənzilə su sızması 42 saylı mənzildə aparılan təmir işləri nəticəsində sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. İşdə olan 10/3672 saylı 30 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 36 saylı mənzilin dəhliz, hamam, və ayaqyolu konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarındakı məlumatları nəzərə alaraq sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Qeyd olunur ki, 42 saylı mənzilə baxış keçirilən zaman sözügedən mənzil təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsur olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 36 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən emək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 36 saylı mənzilə su sızması 42 saylı mənzildə aparılan təmir işləri nəticəsində sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları mənzilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi qismən əsaslıdır. Məhkəmə iddia ərizəsi və mütəxəssis tərəfindən verilmiş mütəxəssis rəyi müqayisəli şəkildə təhlil edərək mütəxəsis rəyinin real olması müşahidə olunmuşdur. Ona görə də məhkəmə iddia tələbini mütəxəssis rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya-mənzil sahibinə ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçıya ziyan dəyməsi iş materiallarında olan sənəd, ekspert rəyi, akt, şahid ifadələri və mütəxəsis rəyləri ilə sübut olunur. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Lakin mütəxəssis rəyindən də göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 1194.50 manat ziyan dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən maddi ziyan kimi 1194.50 manat pul alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə 150 manat məbləğdə ekspertiza xərci 72 manat olmaqla Cavabdeh, 78 manat olmaqla İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-cxi maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 1194,50 (bir min bir yüz doxsan dörd manat əlli qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İş üzrə 150 (bir yüz əlli) manat məbləğdə ekspertiza xərci 72 (yetmiş iki) manat olmaqla Cavabdeh, 78 (yetmiş səkkiz) manat olmaqla İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar