Məhkəmə qərarları › İş №2(051)-759/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-759/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-759/2025 21.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat pulun və 31 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialı ilə Cavabdeh arasında bağlanmış 14 Avqust 2019-cu il tarixli MF-FEX/58 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 2.641,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” "Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, Kredit alan isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri Kredit verənə ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq "xxxx" ASC-ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən o, cavabdehin xahişi ilə zamin kimi kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh bir müddət kredit borcunu vaxtı-vaxtında ödəyirdi, sonra isə cavabdeh bank qarşısında olan öhdəliklərini yetərincə yerinə yetirmədi və bu səbəbdən faiz borcu artmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-859/2024 saylı qətnaməsi ilə "xxxx" ASC-nin tələbi qismən təmin edilmiş və Cavabdeh və ondan müştərək qaydada 1849.98 manat əsas borc, 16.75 manat faiz borcu, 0,01 qəpik cərimə olmaqla, cəmi 1866,74 manat məbləğində pul tutulub iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi və cavabdehlər Cavabdeh və ondan müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 38,67 manat məbləğində pul alınıb iddiaçı LPO "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh banka olan borcunu tam olaraq ödəmədiyinə görə, iddiaçı həmin borcun bir qismini, yəni ümumi olaraq, 1000 manat ödəniş etmişdir. (135+10,79+854,06) Cavabdeh bu günə kimi onun əvəzindən ödəmiş olduğu cəmi 1000 manat kredit müqaviləsi üzrə borcu və icra ödənişini könüllü qaydada ödəməkdən imtina edir. Cavabdehin kredit müqaviləsi üzrə borcunu ödəməkdən boyun qaçırdığı üçün, borcun üzərinə gecikmə faizi hesablanmış və cavabdehə zamin olduğu üçün o da məsuliyyətə cəlb olunmuş və maddi çətinliklər çəkmişdir. Bu səbəbdən məcburiyyət qarşısında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialları Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-859/2024 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 1849.98 manat əsas borc, 16.75 manat faiz borcu, 0.01 qəpik cərimə olmaqla, cəmi 1866.74 manat məbləğində pul tutulub iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 14..08.2019-cu il tarixdə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə bağlanmış MF-FEX/58 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu Cavabdeh və İddiaçı 1905.41 manat məbləğində kredit borcu tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-859/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 114 №li arayışdan görünür ki, Şükürov X1 şəhəri, Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. xx.xx.2022-ci il tarixli Cavabdeh qızıı tərəfindən verilmiş və imzalanmış qeyddən görünür ki, həmin tarixdə İddiaçı 4500 manat məbləğində borc almışdır. Pulu onun istədiyi vaxtda qaytarmasına söz vermiş və öz imzası ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab üzrə hərəkətlərdən görünür ki, xx.xx.2024-cü il tarixlərdə 10,79 manat, 854,06 manat və 135 manat məbləğində ödənişlər edilmişdir. İşin müəyyən olunmuş halı Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli MF-FEX/58 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə zamin olmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra edə bilməmişdir. Bank tərəfindən məhkəmədə iddia qaldırılmışdır. İddiaçı cavabdehin kredit borcu üzrə banka 1000 manat ödəniş etmişdir. İddiaçı cavabdehin əvəzinə ödədiyi pulu sonuncudan tələb edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Zaminlik öhdəliyinin məzmunu kreditorun tələb hüququndan və zaminin öhdəlik üzrə məsuliyyət daşımasından ibarətdir. Zaminlik hüquq münasibətləri subyekt tərkibi baxımından kreditor, borclu və zamindən ibarətdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zaminin birgə məsuliyyəti nəzərdə tutulduğu halda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Borclunun kreditor qarşısında öhdəliyinin zamin tərəfindən ödənildiyi halda, yuxarıda qeyd olunan subyekt tərkibinə əsaslanan hüquqi konstruksiya dəyişilir. Belə ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün zaminin öhdəliyi icra etməsi ilə yanaşı, kreditorun borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etmiş olmalıdır. Hazırki iş üzrə Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli MF-FEX/58 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə zamin olmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra edə bilməmiş və bu səbəbdən bank tərəfindən məhkəmədə iddia qaldırılmışdır. İddiaçı cavabdehin kredit borcu üzrə müəyyən ödənişlərini etmişdir. İddiaçı cavabdehin əvəzinə ödədiyi pulu sonuncudan tələb edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı reqres qaydada pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 10000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 (otuz bir) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar