Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-76/2023 15.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “Avto qəza nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X3 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə yol- nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 4675 manatın, avtomobilinin yararsız vəziyyətə düşməsi nəticəsində 45 gün ərzində taksi xidmətindən isifadəyə görə ödədiyi 1000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclası zamanı iddia ərizəsinə əsasən izahat verdi və əlavə olaraq göstərdi ki, “Ford Tranzit” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili mülkiyyət hüququ ilə ona məxsus idi və öz şəxsi istifadəsində idi. Yol-nəqliyyat hadisəsi baş verən zaman, yəni xx.xx.2022-ci il tarixdə o, avtomobili Koroğlu” metrostansiyası istiqamətində hərəkət etdirirdi. O, hərəkətdə olan zaman qəfildən avtomobilin arxa tərəfindən zərbə dəydi və həmin zərbədən avtomobilim idarə etməni itirərək, təxminən yüz metr sürüşdü və o, çoxsaylı cəhdlərim nəticəsində avtomobili zorla dayandıra bildi. O, avtomobildən düşəndə avtomobilin yalnız oturan hissəsinin salamat olduğunu, qalan hissəsinin isə tamamilə yararsız hala düşdüyünü gördü. O, avtomobilindən endikdən sonra onun idarə etdiyi avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində ziyan vuran avtomobilin Cavabdeh idarə etdiyi “HOWO ZZ3327N3847P” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı yük avtomobil olduğunu müyyən etdi. Yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətimdə olan “Ford Tranzit” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin ban hissəsi, ön parpressi, ön parpressin rezini, ön buferi, arxa buferi, sol farası, sağ farası, ön barmaqlığı, siqnalı, sağ şüşə siləni, sol şüşəs iləni, sağ-sol güzgüsü, emblemi, sağ və sol qapının şüşələri, arxa qapının şüşələri, paneli, sağ və sol oturacaqları, sükanı, dönüş siqnalı (sağ-sol), salonun güzgüsü, salonun tenti, sağ və sol qapının rezinləri, orta və arxa qapının rezinləri, sağ və sol qapılarının zamokları, kapotun zamoku, arxa və orta qapının zamokları, açarları, əyləc və qaz muftanın bəndi, buferin salazkası, akumlyatoru, sürət qutusu, mühərriki, su radiatoru, mühərrik kəməri (pər üçün), mühərrik kəməri (daxili), su nasosu (pompa, par, karter), benin nasosu (padkaçka), dinamosu, stater-bendeksi, mühərrikin hava fıltri, mühərrikin yağ fıltri, salonun hava filtri, sürətqutusunun qolu, su çəni, reduktoru, sağ və sol amartizatoru, sağ və sol mühərrik yastıqları, sağ və sol tyaqaları, sağ və sol tyaqanın ucu, sağ və sol çaşkaları, naxoviki, feredo mufta diskləri, əlqolunun (ruçnoy) trosu, əyləc sisteminin çəni, traves mühərrik üçün, təkəri, diski, təkər qapağı, əyləc balatası (nakladka), qabaq antifrisi, trionu, əyləc mayesi ümumiyyətlə bütün avtomobil tamamilə yarasız vəziyyətə düşmüşdür. Hadisə ilə əlaqədar Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və o, həmin maddə ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin ona məxsus “Ford Tranzit” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə dəymiş zərərin məbləğini müəyyənləşdirmək və ona uyğun təyin ediləcək icbari sığortanı təqdim etmək üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti onu ilk öncə "xxxx" MMC-yə yönləndirdi. Həmin servisdə ona məxsus avtomobilə baxış keçirildi və bu zaman onun təmir edilməsinin qeyrimümkün olduğu bildirildi və ona avtomobili qara metal, yəni metallom kimi satmağı məsləhət görüldü. Bundan sonra o, avtomobilinin qalıq hissələrini qara metal, yəni metallom kimi 2300 manata başqa bir şəxsə satdı. Qeyd olunanlarla əlaqədar, ona məxsus “Ford Tranzit” markalı, 90- MF-468 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş xəsarətə görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona sığorta hadisələri üzrə 4500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Ona məxsus “Ford Tranzit” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş real zərərin məbləğinin müəyyən etmək üçün o, "xxxx" MMC-nə müraciət etdi. Həmin Mərkəzin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən avtomobilə dəymiş zərərin məbləği 11.475,00 təşkil edir. Yuxarıda qeyd etdiyi kimi ona məxsus “Ford Tranzit” markalı, 90- MF-468 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş xəsarətə görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona sığorta hadisələri üzrə 4500 manat məbləğində ödəniş həyata keçirilmiş, həmçinin həmin avtomobilin qalıq hissələri tərəfindən qara metal, yəni metallom kimi 2300 manata başqa bir şəxsə satılmışdır. Lakin cavabdeh tərəfindən ziyanın qalan hissəsi hələ də ödənilməmiş qalmaqdadır. O, özünə məxsus avtomaşına dəymiş maddi zərərin qalan hissəsinin ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh heç bir maddi köməklik göstərməmiş və ümumiyyətlə mənimlə bir dəfə də olsun maraqlanmamışdır. Bundan əlavə, yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobil zərbənin gücündən demək olar ki, tam yararsız vəziyyətə düşmüşdür. Halbuki, onun avtomobili tam saz vəziyyətdə idi və bazar qiyməti təxminən 13.500 manat təşkil edirdi və həmin avtomobil ilə sahibkarılıq fəaliyyəti ilə məşğul olaraq özünün idarə etdiyi mağazaya kənd təsərrüfatı mallarının daşınmasını təmin edirdi. Cavabdehin hərəkətləri nəticəsində avtomobili sıradan çıxdığından, o, məcbur olub 45 gün taksi xidmətindən isifadə edərək həmin malların daşınmasını təmin etmiş və nəticədə maddi ziyana düşmüşdür. Belə ki, həmin taksilərin kənd təsərrüfatı mallarının daşınması qiyməti təxminən hər gün üçün 30 manat təşkil etdiyindən, hesab edir ki, hesablanmış zərərdən əlavə olaraq, 1000 manat məbləğ də cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də məhkəmədən Cavabdeh iddiaçının xeyrinə yol- nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 4675 manatın, avtomobilinin yararsız vəziyyətə düşməsi nəticəsində 45 gün ərzində taksi xidmətindən isifadəyə görə ödədiyi 1000 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsina baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin msəlum olan axırıncı yaşayış yeri üzrə Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış, məhkəmə bildirişinin anasına təqdim olunması təmin olunmuş, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 9/8362 saylı rəyinin nəticə hissəsindən görünür ki, 1992-ci il buraxılışlı “Ford Tranzit” markalı, ** MF *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləğ salamat qalan yararlı hissələrin dəyərini çıxarmaqla təxminən 6000 (10000 m-40 faiz) manat müəyyən olunur. İşə əlavə olunmuş "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, avtomobilə dəymiş ziyanın yekun miqdarı 11,475 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları nəqliyyat vasitəsinin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş materiallarını əhatəli şəkildə təhlil edərək iddiaya hissəvi qiymət verərək aşağıdakı nəticəyə gəlir: İddia tələbinə dəymiş maddi ziyan hissədə iddiaçı iddia tələbində haqlıdır və ona dəymiş ziyanı məhkəməyə təqdim edilmiş sənədlərlə həmçinin, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunur. Lakin dəymiş maddi ziyanın məbləği hissəsinə hüquqi qiymət verərkəın məhkəmə heab edir ki, iddiaçının tələb etdiyi məbləğlə ekspertiza rəyində ki, məbləğ uyğunsuzluq təşkil edir. Belə ki, ekspertiza rəyində ki, məbləğ iddia tələbində ki, məbləğdən çoxdur. İddiaçı iddianın həcminin artırılmasına təşəbbüs etməmişdir. Məhkəmə isə qanunvericiliyin tələbinə görə iddia tələbindən kənara çıxa bilməz. Odur ki, iddia tələbi maddi ziyan hissə də iddiaçının tələb etdiyi məbləğ həcmində təmin olunmalıdır. İddia tələbinə avtomobilin yarasız vəziyyətə düşməsi nəticəsində 45 gün ərzində taksi xidmətindən istifadəyə görə ödədiyi 1000 manatı tələb etməsi hissəsinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, İddiaçı tələbin qeyd olunan hissəsində həmin məbləğin həqiqətəndə mövcudluğunu məhkəmə də hər hansı mötəbər faktla sübuta yetirə bilməmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş, iddiaçının irəli sürdüyü sübut və faktlara hər hansı sübut dəlil və faktlarla iddianın əsasız olduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qəza nəticəsində dəymiş maddi ziyanın sübutetmə yükü iddiaçının, lakin avto qəza nəticəsində dəymiş həmin maddi ziyanın mövcud olmadığnı sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh 4675 manat pulun və 77 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğdə ekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin Cavabdeh 4675 (dörd min altı yüz yetmiş beş) manat pul və 77 manat dövlət rüsumu alınıb iddiaçı X2 verilsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-76/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-76/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver