Məhkəmə qərarları › İş №2(051)-77/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-77/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-77/2021 14.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şərifova Ruqiyə Yusif qızının katibliyi İddiaçı: "xxxx" Bankı ASC-nin nümayəndəsi X1 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun birgə qaydada boralandan və zamindən tutulması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən 05.08.2014-cü il tarixli **********13914 nömrəli kredit müqaviləsi üzrə 1268.84 manat məbləğində vaxtı keçmiş əsas borc, 05.04.2019-cu il tarixə qədədr kreditdən istifadəyə görə illik 18 faiz dərəcəsi ilə hesablanmış 523,49 manat məbləğində adi faizlər üzrə borc, 05.09.2019–cu il tarixdən 12.06.2020–ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanmış 326,28 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 01.04.2020–ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 207,94 manat məbləğində penya olmaqla, cəmi 2326,55 manat məbləğində pulun, 08.02.2019–cu il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% hesabı ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı "xxxx" Bankı ASC 29.03.2021-ci il tarixdə tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05.08.2014-cü il tarixli **********13914 nömrəli kredit müqaviləsi üzrə 1218,84 manat məbləğində vaxtı keçmiş əsas borc, 05.04.2019-cu il tarixə qədədr kreditdən istifadəyə görə illik 18 faiz dərəcəsi ilə hesablanmış 523,49 manat məbləğində adi faizlər üzrə borc, 05.09.2019–cu il tarixdən 12.06.2020–ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanmış 501,63 manat məbləğində əldən çıxmış faydanın əvəzi, 01.04.2020–ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 207,94 manat məbləğində penya olmaqla, cəmi 2451,90 manat məbləğində pulun, 29.03.2021–ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% hesabı ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, cavabdehlə iddiaçı arasında “05.08.2014-cü il tarixli **********13914 №li kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” 07.04.2016-cı il tarixli 01 №li əlavə saziş bağlanmışdır. Qeyd edilən Sazişlə iddiaçı və cavabdeh sonuncunun kredit müqaviləsi üzrə bank qarşısındaki 07.04.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış peniyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla və kreditdən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsini azaldılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. 01 №li əlavə sazişə əsasən kredit üzrə əsas borcun məbləği 07.04.2016-cı il tarixinə 2024.46 ABŞ dolları, kreditin qaytarılması müddəti isə 20 ay uzadılaraq 56 ay müəyyən edilmişdir və kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 24 %-dən illik 12 % -dək azaldılmışdır. Daha sonra “05.08.2014-cü il tarixli **********13914 №li kredit müqaviləsi üzrə mövcüd borcun restrukturizasiyasına dair” 08.05.2017-ci il tarixli 02 №li əlavə saziş bağlanmışdır. Qeyd edilən 02 №li əlavə sazişə iddiaçı və cavabdeh sonuncunun kredit müqaviləsi üzrə bank qarşısındakı 08.05.2017-ci il tarixinə mövcud vaxtı keçmiş əsas borcunun əsas borc kateqoriyasına keçirilməklə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini qaldırılmaqla kreditin restrukturizasiyası və kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kredit üzrə ABŞ dollarına ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi barədə razılığa gəlmişlər. 08.05.2017-ci il tarixli 02 №li əlavə sazişə əsasən kredit üzrə əsaas borcun məbləği 2938.34 manat və kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 12%dən 18 %-dək qaldırılmışdır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh2 arasında 05.08.2014-cü il tarixli **********13914/ZM №li zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. 08.05.2017-ci il tarixli sazişə əsasən Cavabdeh1 hər ay müəyyənləşdirilmiş məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini ödhəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, 05.04.2019-cu il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsi ödəməmişdir. Həmin tarixə Borc alanın kreditor qarşısında gecikdirilmiş ümumi borcu 2239.51 manat omuşdur ki, bunun da 1716.02 manat vaxtı keçmiş əsas borc 523.49 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kredit müddətinin bitdiyi 05.04.2019-cu il tarixdən sonra borc alan banka cəmi 672.16 manat ödəniş etmişdir ki, qeyd edilən məbləğdən 447.18 manat vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına, 122.72 manat hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun müəyyən hissəsinin ödənilməsinə, 102.26 manat isə cərimə borcunun hissəsini ödənilməsinə yönəldilmişdir. İddia ərizəsinin verdiyi carı tarixə borc alanın kreditor qarçısında gecikdirilmiş ümumi borcu 1792.33 manat təşkil edir, bunun da 1268.84 manat vaxtı keçmiş əsas boc məbləğindən, 533.49 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədər olaraq banka kredit müqaviləsinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödənilməlidir. Lakin bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə penyanın hesablanması 01.04.2020-ci il tarixdən etibarən borc alanın xeyrinə dayandırılmışdır. 01.04.2020-ci il bu tarixinə bu məbləğ 207.94 manat təşkil edir. 30.06.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən 50 manat ödəniş edildiyindən sonra cavabdehlərin 05.08.2014-cü il tarixli **********13914 №li kredit müqaviləsinə əsasən Cavabdeh1 1218.84 manat vaxtı keçmiş əsas borc, 05.04.2019-cu il tarixinə qədər kredtidən istifadəyə görə illik 18 % dərəcəsi ilə hesablanmış 523.49 manat məbləğində adi faizlər üzrə borc məbləği, 05.04.2019-cu il tarixdən 10.08.2020- ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanmış 362.07 manat əldən çıxmış faydanın əvəzi, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 207.94 manat penya, cəmi 2312.35 manat və 10.08.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər əldən çıxmış faydanın əvəzi birgə qaydada cavabdehlərdən tutulub iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh1 banka heç bir ödəniş etmədiyindən 29.03.2021-ci il tarixdə bank yenidən məhkəməyə müraciət edərək tələbin həcminin artırılması barədə ərizə vermiş və cavabdeh Cavabdeh1 05.08.2014-cü il tarixli **********13914 №li kredit müqaviləsinə əsasən 1218.84 manat vaxtı keçmiş əsas borc, 05.04.2019-cu il tarixinə qədər kreditdən istifadəyə görə illik 18 % dərəcəsi ilə hesablanmış 523.49 manat məbləğində adi faizlər üzrə borc məbləği, 05.04.2019-cu il tarixdən 29.03.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanmış 501.63 manat əldən çıxmış faydanın əvəzi, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 207.94 manat penya, cəmi 2451.90 manat və 29.03.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan faizlər əldən çıxmış faydanın əvəzi birgə qaydada cavabdehlərdən tutulub iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və göstərdi ki, o, həqiqətən də 05.08.2014-cü il tarixli **********13914 №li müqaviləyə əsasən 3000 ABŞ dolları məbləğində pul götürmüşdür. Müqavilə üzrə öhdəliyini vaxtıvaxtında yerinə yetirmiş, lakin sonradan işdən çıxdığına görə ödəniş edə bilməmişdir. Eləcə də, onun borc məbləği Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-il tarixli problemli kreditlərin həlli ilə əlaqədar verdiyi Fərmanın təsiri altına düşmüş və ona kompensasiya verilmişdir. Hesab edir ki, hazırda ona faiz, əldən çıxmış faydanın əvəzi və dəbbə pulu hesablanmamalıdır. Ona görə də o, əsas borc münasibətdə iddia tələbi ilə razıdır. Odur ki, məhkəmədən iddianın yalnız əsas borca münasibətdə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı özünə münasibətdə iddianı qəbul etmədi və göstərdi ki, o, həqiqətən də 05.08.2014-cü il tarixli **********13914/ZM№li zaminlik müqaviləsi və mövcüd borcun restrukturizasiyasına dair sazişlər üzrə bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda onun özünün kifayət qədər pula ehtiyacı vardır. Ona görə də borcalanın əvəzinə kredit ödəmək imkanı yoxdur. Ondan başqa bank uzun müddət ərzində əsas borcludan pulunu tələb etməmişdir. Hesab edir ki, hazırkı vəziyyətdə o, bank qarşısında heç bir öhdəlik daşımır. Çünki əsas borclu öz borcunu ödəmək qabiliyyətinə malikdir. Odur ki, məhkəmədən ona münasibətdə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2014cü il tarixli **********13914 №li kredit müqaviləsinə əsasən bank cavabdehə illik 24 faiz olmaqla 36 ay müddətə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 05.08.2014-cü il tarixli, **********13914/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" Bankı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinə əsasən borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərin əvəzinin ödənilməsi zamanı Cavabdeh2 bank qarşısında borcalanın öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan ödəmə qrafikindən görünür ki, "xxxx" Bankı ASC ilə Cavabdeh1 kredit məbləğinin 05.09.2014-05.08.2017-ci il ərzində hər ay 83 ABŞ dolları olmaqla ödənilməsinə razı olmuşlar. Cavabdeh1 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 05.08.2014-cü il tarixli **********13914 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” 07.04.2016-cı il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, iddiaçı və Cavabdeh1 sonuncunun kredit müqaviləsi üzrə bank qarşısındaki 07.04.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış peniyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla və kreditdən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsini azaldılmaqla restrukturizasiyası barədə razılığa gələrək, kredit üzrə əsas borcun məbləği 07.04.2016-cı il tarixinə 2024.46 ABŞ dolları, kreditin qaytarılması müddəti isə 20 ay uzadılaraq 56 ay müəyyən edilmiş və kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 24 %-dən illik 12 % dək azaldılmışdır. İşdə olan “05.08.2014-cü il tarixli **********13914 №li kredit müqaviləsi üzrə mövcüd borcun restrukturizasiyasına dair” 08.05.2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, iddiaçı və Cavabdeh1 sonuncunun kredit müqaviləsi üzrə bank qarşısındakı 08.05.2017-ci il tarixinə mövcud vaxtı keçmiş əsas borcunun əsas borc kateqoriyasına keçirilməklə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini qaldırılmaqla kreditin restrukturizasiyası və kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kredit üzrə ABŞ dollarına ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi barədə razılığa gələrək, kredit üzrə əsas borcun məbləği 2938.34 manat və kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 12%-dən 18 %-dək qaldırılmışdır. İşdə olan 05.08.2014-cü il tarixli **********13914/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə Cavabdeh2 məsuliyyət daşıması barədə bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan 08.05.2017-ci il tarixli sazişdən görünür ki, Cavabdeh1 hər ay müəyyənləşdirilmiş məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini ödhəsinə götürmüşdür. İşdə olan 19.12.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə banka olan borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan Cavabdeh2 ünvanlanmış öhdəliklərin yerinə yetirilməsi haqqında tələbdən görünür ki, cavabdehə zaminlik müqaviləsi üzrə banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 28.09.2020-ci il tarixli 9/3768 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 01.04.2020-ci il tarixədək "xxxx" Bankı ASC-yə 0.00 ABŞ dolları əsas borc, 243.17 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. İşdə olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 17.02.2021-ci il tarixli 9/5542 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 02.06.2020-ci il tarixədək "xxxx" Bankı ASC-yə 1763.68 manat əsas borc, 220.82 manat faiz borcu olmaqla, ümumilikdə 1984.50 manat borcunun olduğu müəyyən edilmişdir. İşdə olan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 05.07.2021-ci il tarixli 9/3280 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 29.03.2021-ci il tarixədək "xxxx" Bankı ASC-yə 1218.84 manat vaxtı keçmiş əsas borc, 515.05 manat faiz borcu, 207.94 manat cərimə borcu, 139.34 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 2081.17 manat borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 28.09.2020-ci il tarixli 9/3768 sayl və 17.02.2021-ci il tarixli 9/5542 saylı rəylərni işdə olan digər sübutlarla yanaşı yoxladıqdan sonra hesab edir ki, həmin rəylərdə ekspert qarşıya qoyulmuş suallara tam şəkildə cavab verməmiş, həmçinin öz rəyini lazımi qaydada əsaslandırmamışdır. Belə ki, ekspert işlə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmayan rəy vermişdir. Ona görə də, məhkəmə 28.09.2020-ci il tarixli 9/3768 sayl və 17.02.2021-ci il tarixli 9/5542 saylı ekspert rəylərini sübut növü kimi qəbul etmir və mübahisənin həlli zamanı onun gəldiyi nəticələri nəzərə almır. Bununla yanaşı məhkəmə, təyin edilmiş təkrara məhkəmə mühasibatlıq ekspertizasının 05.07.2021-ci il tarixli 9/3280 saylı ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, həmin ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, "xxxx" Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2014-cü il tarixli **********13914 №li kredit müqaviləsinə əsasən bank cavabdehə illik 24 faiz olmaqla 36 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdehlə iddiaçı arasında “05.08.2014-cü il tarixli **********13914 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” 07.04.2016-cı il tarixli 01 nömrəli və 08.05.2017-ci il tarixli 02 nömrəli əlavə sazişlər bağlanmışdır. Cavabdeh2 isə həm borc alanın əsas kredit müqaviləsi, həm də əlavə sazişlər üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. 07.04.2016-cı il tarixli 01 nömrəli sazişə əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında 07.04.2016-cı il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış peniyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla və kreditdən istifadəyə görə müəyyən edilmiş faiz dərəcəsini azaldılmaqla restrukturizasiyası barədə razılığa gələrək, kredit üzrə əsas borcun məbləği 07.04.2016-cı il tarixinə 2024.46 ABŞ dolları, kreditin qaytarılması müddəti isə 20 ay uzadılaraq 56 ay müəyyən edilmiş və kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 24 %-dən illik 12 % -dək azaldılmışdır. Ondan sonra bağlanmış 08.05.2017-ci il tarixli 02 nömrəli əlavə saziş əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısındakı 08.05.2017-ci il tarixinə mövcud vaxtı keçmiş əsas borcu əsas borc kateqoriyasına keçirilməklə kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini qaldırılmaqla kreditin restrukturizasiyası və kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kredit üzrə ABŞ dollarına ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi barədə razılığa gələrək, kredit üzrə əsas borcun məbləği 2938.34 manat və kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 12%-dən 18 %-dək qaldırılmışdır. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, cavabdehin 29.03.2021-ci il tarixədək 1218.84 manat vaxtı keçmiş əsas borcu, 515.05 manat faiz borcu yaranmış, həmçinin krediti vaxtında ödəımədiyinə görə 207.94 manat cərimə və 139.34 manat əldən çıxmış fayda hesablanmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı borc müqaviləsi və kreditin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 iddiaçıdan illik 24 faiz olmaqla 36 ay müddətinə 3000 ABŞ dolları məbləğində borc pul almışdır. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi iddiaçıbankla digər Cavabdeh2 Habil oğlu arasında zaminlik bağlanmış müqaviləsinə görə Cavabdeh2 isə həm borc alanın əsas kredit müqaviləsi, həm də əlavə sazişlər üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Cavabdeh1 həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə–hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məıcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşdə olan və məhkəmə iclasında tədiq edilib sübut növü kimi qəbul edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 05.07.2021-ci il tarixli 9/3280 nömrəli rəyi ilə təsdiq edildiyi kimi Cavabdeh1 iddiaçı banka 1218.84 manat əsas, 515.05 manat faiz borcu yaranmışdır. Eləcə də, kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh1 təqsiri üzündən icra edilmədiyinə görə iddiaçı banka əldən çıxmış faydaya görə 139.34 manat məbləğində zərər dəymişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, bankın tələbinin əsas kredit borcu tələbi əsaslıdır. Belə ki, əsas kredit borcu kimi 1218.84 manat düzgün hesablanmışdır. Məhkəmə, həmçinin iddianın 523,49 manat faiz borcu və 501,63 manat əldən çıxmış fayda hissəsinə qiymət verərək hesab edir ki, faiz borcu 05.07.2021-ci il tarixli 9/3280 nömrəli ekspert rəyində göstərildiyi kimi faiz borcu 515.05 manat, əldən çıxmış faydanın isə 139.34 manat məbləğində müəyyən edilməli və həmin məbləğdə faiz borcu cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarda daha sonra göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7–ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7–ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1–ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1–ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Göründüyü kimi iddiaçının müqavilə müddəti (kreditdən istifadə müddəti) bitdikdən sonra əsas məbləğə müqavilədə nəzərdə tutulmuş qaydada faiz məbləğinin hesablanması, qanuni və əsaslı deyil, lakin iddiaçı gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7–ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz həddində zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı 05.04.2019–cu il tarixdən 29.032021-ci il tarixədək əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 207,94 manat məbləğində penya, 29.032021–ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda hesablamışdır. Məhkəmə, həmçinin hesab edir ki, hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından, azaldılaraq 7 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 467–ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilən halları nəzərə alan məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş bütün hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə bank tərəfindən tətbiq edilmiş yüksək məbləğdə dəbbə pulunun azaldılaraq 7 manat həcmində müəyyən edilməsi hər iki tərəfin mənafelərinə uyğundur, həmçinin qanuni, əsaslı və ədalətlidir. Bununla yanaşı, məhkəmə tələbin 29.032021–ci il tarixdən başlayaraq, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda əvəzinin cavabdehlərdən alınıb "xxxx" ASC–yə verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göründüyü kimi əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdehlərdən tutulması zamanı alınmalı olan məbləğ konkret müəyyən olunmadığından, yalnız mücərrəd qaydada hesablama metodu ilə qətnamənin nəticə hissəsində həmin halın göstərilməsi məhkəmə qətnaməsində qeyri-müəyyənliyin yaranmasına səbəb ola bilər. Bu hal isə Mülki Prosessual qanunvericiliyin məhkəmə qətnaməsinə aid tələblərinə ziddir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, 05.08.2014–cü il tarixdə bağlanmış **********13914 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 1218.84 manat əsas kredit borcu, 515.05 manat faiz borcu, 139.34 manat əldən çıxmış fayda və 7 manat dəbbə pulu olmaqla, cəmi 1880.23 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.08.2014–cü il il tarixli **********13914 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1218.84 (min iki yüz on səkkiz manat səksən dörd qəpik) manat əsas kredit borcu, 515.05 (beş yüz on beş manat beş qəpik) manat faiz borcu, 139.34 (yüz otuz doqquz manat otuz dörd qəpik) manat əldən çıxmış fayda və 7 (yeddi) manat dəbbə pulu olmaqla, cəmi 1880.23 (min səkkiz yüz səksən manat iyirmi üç qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb "xxxx" ASC–yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar