Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-770/2021 09.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 17.09.2009-cu il tarixli KBB №YEV012F saylı kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 136500 manat məbləğində kredit götürmüşdür. “xxxx” İKB ASC-nin adı isə sonra dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Kredit müqaviləsinin şərtilərinə görə Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri ödəməli idi. Kredit borcun təminatı olaraq Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şosesində yerləşən 7 saylı qeyri-yaşayış binası və Mingəçevir şəhəri Günəş küçəsi 1 A saylı fərdi yaşayış evi 17 sentyabr 2009-cu il tarixli KBB №YEV012İ-2 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, krediti ödəməmişdir. Ona görə də bank kredit borcunu ödənilməsi və borcun ipoteka qoyulan əmlaklara yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 18.04.2011-ci il tarixli qətnaməsi ilə bankın tələbi qismən təmin olunmuş, kredit müqaviləsi üzrə yaranmış cəmi 194148 manat kredit borcun Cavabdeh Hüseyn oğlundan alınıb banka verilməsi, borcun tutulmuş ipoteka qoyulmuş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdehin banka olan cəmi 194148 manat borcun ödənilməsi qət edilmişdir. İpoteka qoyulmuş əmlaklar hərrac yolu ilə satılmamış, bank da əmlakları götürməmişdir. Lakin cavabdeh bu vaxta kimi kredit borcundan heç bir ödəniş etməmiş, müxtəlif bəhanələrlə krediti ödəməkdən boyun qaçırmışdır. Bunun nəticəsində də banka xeyli zərər vurulmuşdur. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Doğrudur, borclunun gecikdirdiyi pul məbləğinin, yəni 194148 manatın illik beş faizi xeyli məbləğ təşkil edir. Lakin iddiaçı bütün zərəri deyil, onun bir hissəsinin, yəni 32123.65 manat ödənilməsini tələb edir. İddianın təmin olunmasını, 17.09.2009cu il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 32123.65 manat faiz borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, “xxxx” İKB ASC-dən götürdüyü krediti tam ödəmişdir. Hesab edir ki, onun banka borcu yoxdur. Bundsan əlavə iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Ona görə də iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını xahiş edir. Cavabdeh vəkili X3 da məhkəmə iclasında iddia tələbinin kredit müqaviləsi ilə bağlı olmasını, müqavilələr üzrə tətbiq edilən iddia müddətinin nəzərə alaraq iddia müddətinin buraxılması əsası ilə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2009-cu il tarixli kredit müqaviləsinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, bank Cavabdeh illik 26 faizlə, 36 ay müddətinə 136500 manat kredit verməyi, Cavabdeh müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizi banka qaytarmağı öhdələrinə götürmüşlər. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ******* №li və ******* №li Çıxarışların notariat qaydada təsdiqlənmiş surətlərindən görünür ki, KB №YEV012F №li 17.09.2009-cu il tarixli kredit müqaviləsində göstərilmiş 136500 manat kredit məbləğinin təminatı olaraq Cavabdeh məxsus Mingəçevir şəhər Gəncə şosesi 7 saylı qeyriyaşayış binası və Mingəçevir şəhəri Günəş küçəsi 1 A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-14/2011 №li 18.04.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə “xxxx” KB ASC arasında 17.09.2009-cu il tarixdə bağlanmış KBB №YEV012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas borc, 55708 manat faiz borc və 4000 manat dəbbə pullu, cəmi 194148 manat kredit borcu Cavabdeh alınıb iddiaçıya verilməsi, pulun tutulması Cavabdeh tərəfindən ipoteka qoyulmuş, mülkiyyətində olan Mingəçevir şəhəri Günəş küçəsində yerləşən fərdi yaşayış evinə və Mingəçevir şəhəri Günəş küçəsində yerləşən bir mərtəbəli qeyri-yaşayış binasına yönəldirələk, həmin əmlakların açıq hərracda satılması qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər icra və probasiya şöbəsinin 08 iyun 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-114/2011 №li 18.04.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi 06.07.2011-ci il tarixdə icra və probasiya şöbəsinə daxil olmuş, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların sənədləri əldə olunduqdan sonra onların qiymətləndirilməsi üçün 26.07.2011-ci il tarixdə “xxxx” MMC-yə sifariş verilmişdir. 31.10.2011-ci il tarixli rəylərə əssən yaşayış evi 122000 manat, qeyri-yaşayış binası isə 103000 manat dəyərində qiymətləndirilmişdir. Əmlakların satılması üçün 12.11.2011ci ildə sifariş verilmişdir. Lakin hərrac baş tutmadığından müvafiq sənədlər 19.12.3012-ci il tarixli məktubla “xxxx” MMC tərəfindən şöbəyə qaytarılmışdır. Sonradan ipoteka ilə yüklü edilmiş əmlakların yüklülükdən azad edilməsi ilə bağlı məhkəmə mübahisələri getmişdir. Nəsimi rayon məhkəməsinin2(006)-3747/2020 №li 07.10.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin olunmamışdır. İcra sənədi üzrə tələb olunan borc və dövlət rüsumu məbləğinin ödənilibödənilməməsi barədə məlumat əldə edilməsi üçün “xxxx” İKB ASC-yə (“xxxx”a ASC) sorğu göndərilmişdir. “xxxx” İKB ASC (“xxxx” ASC) 16.07.2020-ci il tarixli cavab məktubunda borclu Cavabdeh ödəməli olduğu 194148 manat borcunda cəmi 5100 manat ödədiyini, 189048 manat borcun qaldığı qeyd edilmişdir. Məhkəmə qərarının icrasının tamamlanması istiqamətində tədbirlər davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh “xxxx” İKB ASC-dən 17.09.2009-cu il tarixli KBB YEV012F №li kredit müqaviləsinə əsasən illik 26 faizlə 36 ay müddətinə 136500 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, kredit borcunu ödəməmişdir. Ona görə də iddiaçı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablamış borcun bir hissəsini, 32123,65 manat məbləğində borcu ödənilməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz edərək kredit müqaviləsi üzrə borcu tam ödədiyini, borcu qalmadığını bilrdirsə də, öz etirazını əsaslandıran mötəbər sübutu məhkəməyə təqdim etmədi. Bundan əlavə cavabdeh, həmçinin, iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətini tətbiq etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi də əsassızdır. Ona görə ki, tələb kredit müqaviləsindən irəli gələn öhdəliklərlə deyil, vurulmuş ziyanla bağlıdır. İş materialları ilə müəyyən edildi ki, cavabdeh “xxxx” KB ASC-dən 136500 manat məbləğində kredit götürmüş, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra etməyən cavabdehə qarşı kredit borcun ödənilməsi iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir şəhər məhkəməsinin 18.04.2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cəmi 194148 manat borcun Cavabdeh alınaraq banka verilməsi qət edilmişdir. İşə olan Mingəçevir şəhər icra və probasiya şöbəsinin 08.06.2011-ci il tarixli cavab məktubunda göstərilir ki, borclu Cavabdeh 194148 manat borcundan 5100 manat ödəmiş, 189048 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, kredit borcunu vaxtında ödəməməklə, icranı gecikdirməklə cavabdeh banka faktiki olaraq zərər vurmuş olur. Ona görə ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etməklə fəaliyyət göstərilir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı isə Mülki Məcəllənin 445.7-ci maddəsində göstərilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 339.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbinə haqlıdır, ona görə də iddia təmin edilməli, Cavabdeh 32123.65 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 32123.65 (otuz iki min bir yüz iyirmi üç manat altmış beş qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı ASC oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-770/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-770/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver