Məhkəmə qərarları › İş №2(051)-775/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-775/2024

13.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-775/2024 13.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı və cavabdeh “Soliton” LTD-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Soliton” LTD-yə qarşı “alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı cavabdeh “Soliton” LTD-nin Mingəçevir filialına qarşı alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Soliton” LTD-nin Mingəçevir filialından aldığı “Beko” B55B 820 B markalı televizorun eyni məbləğdə, eyni modeldə olan yeni televizor ilə əvəz edilməsi və ya onun dəyərini və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək 12 iyun 2024-cü il tarixədək televizor üçün ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə “Soliton” LTD-nin Mingəçevir filialından 1580 manat dəyərində 1 ədəd “Beko” B55B 820 B markalı televizor, 1 ədəd “X7 ER-GP 30-K-520” markalı saçqırxan və 1 ədəd “EVMS26S Zumrut” markalı qazan dəstini 20 ay müddəyinə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin vaxt zəmanət talonuna əsasən aldığı əşyalara 1 il zəmanət verilmişdir. Televizoru aldıqdan bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə televizorun qüsurlu olduğunu görmüş və bu barədə “Soliton” LTD –in Mingəçevir filialına məlumat vermişdir. Ordan ona qeyd olunan televizoru Yeni il bayramından sonra servisə təqdim etmək üçün gətirməyini bildirmişlər. O da xx.xx.2024-cü il tarixdə qeyd olunan televizoru aparıb “Soliton” LTD-in Mingəçevir filialına təqdim etmişdir. Lakin, aradan uzun müddət keçməsinə baxmayaraq onun xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı televizor təmir olunaraq ona qaytarılmamışdır. Halbuki, ona təqdim olunmuş zəmanət talonunda təmir məqsədilə servis məntəqəsinə qəbul edilən məhsulun 14 iş günü müddətinə müştəriyə təhvil verilməsi, əks təqdirə məhsulun yenisi ilə əvəz olunması göstərilmişdir. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq televizor təmir olunmamış və ya yenisi ilə əvəz olunmamışdır. O, dəfələrlə “Soliton” LTD-nin Mingəçevir filialına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Halbuki, cavabdehlə aralarında bağlanmış müqaviləyə və verilmiş zəmanət talonuna əsasən televizora 1 il zəmanət verilmişdir. O, pozulmuş hüququnu başqa yolla bərpa edə bilmir. Odur ki, “Soliton” LTD-nin Mingəçevir filialından aldığı “Beko” B55B 820 B markalı televizorun eyni məbləğdə, eyni modeldə olan yeni televizor ilə əvəz edilməsi və ya onun dəyərini və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək 12 iyun 2024-cü il tarixədək televizor üçün ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Soliton” LTD-nin nümayəndəsi X5 izahatında bildirdi ki, “Soliton” LTD ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, MİK ******* nömrəli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı “Soliton” LTD-dən hissə-hissə ödəmək şərtilə 1580 manat məbləğində məişət avadanlığı almış və həmin vaxt zamanət talonuna əsasən aldığı əşyalara zəmanət verilmişdir. İddiaçı həmin televizoru alanda onun istədiyi markalı televizorun ambarda (depoda) olmadığı, ancaq mağazanın vitrinində olduğu bildirilmişdir. Həmin televizor yoxlanıldıqdan sonra işlək vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Sonra iddiçı “Soliton” LTD-nin Mingəçevir filialına müraciət edərək bildirmişdir ki, onun aldığı “Beko” B55B 820 B markalı televizorda nasazlıq olmuşdur. Həmin televizorda olan nasazlıq yoxlanmaq üçün Bakı şəhəri mərkəzi servisə göndərilmişdir. Orda televizora texniki baxış keçirilmiş və həmin texniki rəyə əsasən məhsulun ekranında qüsur (qırıq) aşkar olunmuş və yaranmış bu qüsur istehsalçı qüsuru hesab edilməmişdir. Televizorun ekranında aldığı zərbə nəticəsində qırıq yaranmışdır. Odur ki, iddiaçının hazırki iddiası əsassızdır və heç bir hüquqi əsası olmadığından rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfin və nümayəndənin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar : Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İsmayılova X1 şəhəri, Məhsəti küçəsi ev 3, mənzil 4 ünvanda qeydiyyatdadır. İddiaçı ilə iddiaçı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, MİK6361562 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin nisyə-alqı satqı müqaviləsi və tərtib olunmuş cədvəldən görünür ki, İddiaçı 20 ay müddətinə, ilkin ödəniş 40 manat, aylıq ödəniş məbləği 77 manat olmaqla, 1580 manat dəyərində məişət avadanlığı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş məlumata əsasən iddiaçının azyaşlı uşağı X2 birinci dərəcə əlildir. xx.xx.2024-cü il tarixli texniki rəyə əsasən “Beko” B55B 820 B markalı televizora texniki baxış keçirilmiş və baxış zamanı məhsulun ekranında qüsur (qırıq) aşkar edilmişdir. Yaranmış qüsur qətiyyən istehsalçı qüsuru hesab edilə bilməz. Televizor ekranın alt hissəsindən alınmış zərbə nəticəsində ekranda qırıq yaranmışdır. Texniki rəy aktında bununla bağlı foto öz əksini tapmışdır. Cavabdeh tərəfindən verilmiş arayışa əsasən 1 ədəd “Beko” B55B 820 B markalı televizorun qiyməti 1330 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, iddiçı İddiaçı xx.xx.2023-cü il tarixdən -xx.xx.2024-cü il tarixdək 1 ədəd “Beko” B55B 820 B markalı televizor üçün hər ay 66.50 manat məbləğində Cavabdeh-yə pul ödəmişdir. İşdə olan arayışdan görünür ki, İddiaçı 1 ədəd “Beko” B55B 820 B markalı televizor üçün cəmi 465.50 manat məbləğində pul ödəmişdir. İşin müəyyən olunmuş halları: İddiaçı xx.xx.2023-cü il tarixdə “Soliton” LTD-in Mingəçevir filialından 1580 manat dəyərində 1 ədəd “Beko” B55B 820 B markalı televizor, 1 ədəd “X7 ER-GP 30-K-520” markalı saçqırxan və 1 ədəd “EVMS26S Zumrut” markalı qazan dəstini 20 ay müddətinə, ilkin ödəniş 40 manat və hər ay 77 manat ödəmək şərtilə nisyə alğı-satqı müqaviləsi əsasında almışdır. 1 ədəd “Beko” B55B 820 B markalı televizor üçün hər ay 66 manat İddiaçı cavabdeh “Soliton” LTD-in Mingəçevir filialının xeyrinə ödəmişdir. Televizor vitrindən satılmışdır. Sözügedən “Beko B55B 820 B” markalı televizoru aldıqdan ay yarım sonra televizorda nasazlıq yaranmışdır və həmin televizora texniki baxış keçirilməsi üçün Bakı şəhərində yerləşən “Soliton Servis”ə göndərilmişdir. “Soliton Servis” tərəfindən verilmiş arayışa əsasən “Beko” B55B 820 B markalı televizorun ekranında qüsur (qırıq) aşkar edilmiş və həmin qüsurun istehsalçı qüsuru olmadığı göstərilmişdir. Hazırda televizor cavabdehdədir. Televizor təmir olunaraq və ya yenisi ilə əvəz olunaraq iddiaçıya qaytarılmamışdır. İddiaçı onda olmayan televizor üçün hər ay ödənişlər etməkdə davam edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun aşağıdakı maddələrinə əsasən

1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.

3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.

6. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.

10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, satıcı alıcıya müəyyən müddət vitrində olan, dəfələrlə yoxlanılmış əşyanı nisyə alğı-satqı müqaviləsinə əsasən satmışdır. Bu halı tərəflər mübahisə etmirlər. Bu onu təsdiq edir ki, əşya müvafiq qaydada bağlamada olan əşya olmamışdır. Bu halda əşyanın müəyyən təsirlərə məruz qalması mümkündür. Bununla yanaşı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışda televizorun ekranındakı qüsurun hansı şəraitdə, hansı qaydada, hansı halda vurula biləcəyi müəyyən edilmir. Eyni zamanda istehlakçı həmin əşyanın pulunu ödəməkdə davam etdiyi halda satıcı əşyanın təmir edilməsi üçün heç bir tədbir görməmiş və ya əşyanı yenisi ilə əvəz etməmişdir. Beləliklə iddiaçı tərəf müqavilə üzrə öhdəliyini yerinə yetirdiyi halda cavabdeh müqavilə öhdəliyinə əməl etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, istehlakçı hüquqları pozulub. Hazırda əşya cavabdehdə olduğundan iddiaçı tərəfindən həmin əşyaya görə ödənilmiş pul geri qaytarılmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayışda qeyd olunan televizor üçün iddiaçı tərəfindən 465,50 manat pul ödənildiyi qeyd olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, göstərilən məbləğ iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı cavabdeh “Soliton” LTD-nin Mingəçevir Şəhər filialına qarşı televizor üçün ödədiyi pulun geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilməli, iddiaçının “Soliton” LTD-nin Mingəçevir filialından aldığı “Beko” B55B 820 B markalı televizor üçün 465.50 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdeh “Soliton” LTD-yə qarşı“ televizor üçün ödədiyi pulun geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. “Soliton” LTD-dən 465.50 (dörd yüz altmış beş manat əlli qəpik) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar