Məhkəmə qərarları › İş №2(051)-779/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-779/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-779/2020 10.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh Lərif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Lərif oğluna qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh Lərif oğluna qarşı 1134.37 manat və dövlət rüsumu kimi ödənilimiş 30 manat pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehdən 1034 manat və dövlət rüsumu kimi ödənilimiş 30 manat pulun alınıb ona verilməsi barədə qətamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh Lərif oğlu onun həyat yoldaşı Vüqarın əmisi oğludur. 2013-cü ilin iyun ayında Cavabdeh ona zəng edərək “xxxxxxxxxxxx”dan kredit götürmək istədiyini dedi və ona zamin durmağını xahiş etdi. O da razılığını bildirdi. Cavabdeh onun şəxsiyyət vəsiqəsini alıb sənədləşmə işini özü apardı. Sənədləşmə işlərini qurtardıqdan sonra, cavabdeh onu banka apardı. Bankda ona məlum oldu ki, cavabdeh krediti onun adına götürür. O, etiraz etmək istədikdə cavabdeh xahiş etdi ki, razı olub sənədləri imzalasın, krediti vaxtı-vaxtında özü ödəyəcəkdir. O da inanıb bankdan 1300 manat məbləğində kredit götürüb Cavabdeh verdi. Lakin cavabdeh krediti ödəmədiyinə görə onun maaş kartından hər ay 86.74 manat tutuldu. Beləliklə 18 ay müddətində o, “xxxxxxxxxxxx”a 1544.59 manat pul ödədi. O, dəfələrlə aralarında razılaşma olduğunu, ondan bank tərəfindən tutulmuş pulu ödəməyi cavabdehdən xahiş etsə də heç bir nəticəsi olmadı. Ona görə də məhkəməyə müraciət etməyə məcbur oldu. Cavabdehin borcundan bu vaxta kimi ona cəmi 510 manat pul ödənilmişdir. Həmin pulun da 360 manatını Nurlan və onun həyat yoldaşı, 100 manatı Nurlanın atası vermişdir. Nurlanın atası onun uşağına hazırlıq dərsi keçirdi. Aralarındakı razılığa görə o, bir ay, yəni 50 manat uşağın hazırlıq dərsi üçün pul ödəməmiş və cavabdehin borcundan çıxılmışdır. Beləliklə, cavabdeh 1544.49 manat borcudan cəmi 510 manat ödəmiş, 1034 manatı isə ödəmişdir. Ona görə də iddianın təmin olunmasını, 1034 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Lərif oğlu məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, aralarındakı razılaşmaya əsasən iddiaçı, həqiqətən də, “xxxxxxxxxxxx”dan 1300 manat kredit götürüb ona verdi. Həmin kredit borcunu da hər ay o, ödəməli idi. Lakin sonra anasının ağır xəstəliyi, ailə vəziyyətinin ağırlığı ilə əlaqədar o, krediti ödəyə bilmədi. Ona görə də aralarında narazılıq yaranmağa başladı. Borcundan onun və həyat yoldaşı tərəfindən iddiaçıya 360 manat ödənilmişdir. Bildiyinə görə onun borcundan 150 manat atası, 100 manat isə qayınatası iddiaçıya ödəmişdir. Borcun qalan hissəsini də ödəyəcəkdir. X3 şahid kimi məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Cavabdeh onun oğludur. Oğlunun xahişi ilə krediti özü ödəmək şərti ilə iddiaçının bankdan kredit götürüb oğluna verdiyini, lakin oğlunun krediti ödəmədiyinə görə kreditin iddiaçının əmək haqqından tutulduğunu, oğlu ilə iddiaçı arasında söz-söhbət yarandığını bilmiş o, oğlunun borcundan iddiaçıya iki dəfə ayrı-ayrı vaxtlarda hər dəfə 50 manat, cəmi 100 manat pul vermişdir. Bundan əlavə o, iddiaçının uşaqlarına hazırlıq dərsi keçirdi. Aralarındakı razılığa əsasən iddiaçı bir ayın haqqını, yəni 50 manat ödmədi ki, Nurlanın borcundan çıxılsın. Şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Cavabdeh onun kürəkənidir. Qızı əri Nurlanın borcu olduğunu, lakin borcunu ödəmək imkanı olmadığını bildirərək, borcun ödənilməsinə kömək etməsini xahiş etmişdi. O da Nurlanın borcundan iddiaçıya cəmi 100 manat ödəmişdir. İşdə olan “xxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış QT-907 №li xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank İddiaçı 18 ay müddətinə illik 24 faiz hesablanmaqla 1300 manat kredit verməyi, İddiaçı isə borcalan kimi kredit və faizləri vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan “xxxxxxxxxxxx” ASC-nin Mingəçevir filialının iddiaçıya xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, “xxxxxxxxxxxx” ASC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əmək haqqı kartından xx.xx.2013-xx.xx.2014-cü illər arasında 1544.59 manat silinmə olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdehin xahişi ilə və cavabdeh özü ödəmək şərti ilə iddiaçı “xxxxxxxxxxxx” ASC-dən 1300 mana məbləğində kredit götürüb cavabdehə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, kredit pulunu ödəməmişdir. Ona görə də 1544 manat kredit borcu iddiaçının əmək haqqından tutulmuşdur. Tərəflərin oxşar izahatları və şahid Lətif Cəfərovun ifadəsi ilə müəyyən edildi ki, cavabdeh iddiaçının əmək haqqı kartndan tutulmuş 1544 manat məbləğdən cəmi 510 manat ödəmişdir. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş şahid X1 cavabdehin borcundan iddiaçıya 100 manat ödəməsi barədə ifadəsi isə əsaslı olmadığına görə sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdr. Ona görə də iddia təmin olunmalı, 1034 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçlya verilməlidir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 1034 (bir min otuz dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar