Məhkəmə qərarları › İş №2(051)-779/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-779/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-779/2024 16.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən cəmi 2518.25 manat - bundan 971.94 manat əsas, 901.93 manat faiz borcu, 404.66 manat cərimə borcu və 239.72 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) və iş üzrə ödənilmiş 46 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 462 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 20 (iyirmi) faiz ödənilmək şərtilə, 2100 (iki min bir yüz) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli, 462 saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. xx.xx.2023-cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 2518.25 manat təşkil edir. Bundan 971.94 manat əsas, 901.93 manat faiz borcu, 404.66 manat cərimə borcu və 239.72 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh3 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq Cavabdeh3 bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır və bu səbəbdən yenidən bank borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən cavabdehlərdən cəmi 2518.25 manat - bundan 971.94 manat əsas, 901.93 manat faiz borcu, 404.66 manat cərimə borcu və 239.72 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) və iş üzrə ödənilmiş 46 manat dövlət rüsumunun tutulub iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bankla aralarında müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmışdır. İş üzrə ödəniş olmamışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 462 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 (otuz altı) ay müddətinə, 2100 (iki min bir yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Əsas öhdəliyin icrasının bitmə vaxtı xx.xx.2018-ci ildir. Beləliklə, əsas öhdəliyin icrasının bitdiyi vaxtdan məhkəməyə müraciət olunan vaxtadək 5 ilə yaxın müddət keçmişdir. Onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etmirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini və onlara münasibətdə iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 462 saylı kredit müqaviləsinə əsasən, borcalana 36 (otuz altı) ay müddətinə, 2100 (iki min bir yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Əsas öhdəliyin icrasının bitmə vaxtı xx.xx.2018-ci ildir. Beləliklə, əsas öhdəliyin icrasının bitdiyi vaxtdan məhkəməyə müraciət olunan vaxtadək 5 ilə yaxın müddət keçmişdir. Ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmir. Göstərilənləri nəzərə alaraq iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini və ona münasibətdə iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə hazırlıq və məhkəmə baxış iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh3 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 462 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə, illik 20 faiz ödənilmək şərtilə, 2100 (iki min bir yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 462 nömrəli zaminlik müqaviləsindən görünür ki, bank ilə borcalan Cavabdeh3 arasında Yevlax şəhərində bağlanmış 28 yanvar 2015-ci il tarixli, 462 nömrəli kredit müqaviləsi üzrə borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 462 nömrəli zaminlik müqaviləsindən görünür ki, bank ilə borcalan Cavabdeh3 arasında Yevlax şəhərində bağlanmış 28 yanvar 2015-ci il tarixli, 462 nömrəli kredit müqaviləsi üzrə borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh3 banka olan borcu cəmi 2518.25 manat təşkil edir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 462 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə vermişdir. Cavabdeh3 isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Həmçinin məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə zaminlik müqavilələri əsasında yaranmış zaminliyə xitam verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixə qədər müəyyən edilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə əsas borcluya və zaminlərə qarşı kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nə əsas borcluya, nə də Zaminlərə qarşı isə qanunla müəyyən edilmiş müddət ərzində tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da aydın görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş öhdəliyin icrası müddəti kimi nəzərdə tutulmuş, nə 36 ay (üç il) müddətində, nə də ondan sonraki 1 il ərzində zaminə qarşı iddia irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər (zaminlər) Cavabdeh1, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqavilələri əsasında yaranmış zaminliyə xitam verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddia tələbinin kredit müqaviləsinin müddəti bitdikdən sonra 239.72 manat məbləğində ziyan tələbi də əsaslı deyildir. Məhkəmə öz mövqeyini onunla əsaslandırı ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik beş faizlik ziyan tələbi də müqavilə münasibətlərindən yaranan tələb olduğundan və iddiaçı tərəf ona münasibətdə də iddia müddətini ötürdüyündən, görə həmin tələbə də 3 illik iddia müddəti tətbiq edilməlidir. Ona görə iddia tələbinin həmin hissəsi də təmin edilməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2015-ci il tarixli, 462 saylı kredit müqaviləsinə əsasən, 971.94 manat əsas, 901.93 manat faiz borcu, 404.66 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra 239.72 manat zərərin, cəmi 2518.25 manat pulun alınıb iddiaçı banka verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar