Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-8/2023 07.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinə xitam verilməsi və həmin kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi, yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə evdə yaşayanların, qeydiyyatda olanların evdən çıxarılmaları və evin boşaldılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, İddiaçı BOKT MMC-nin xeyrinə İddiaçı BOKT MMC-nin Mingəçevir fililalı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli KAMin 114228/14 saylı kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə yaranmış 13108.19 ABŞ dolları məbləğində əsas borc, 6641.83 ABŞ dolları məbləğində faiz borcu, 30431.34 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 50181.36 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh2 məxsus olan, Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzilinə yönəldilərək açıq hərrac yolu ilə satılması, xx.xx.2014-cü il tarixdə KaMin 114228/14 ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş, Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifdədə olan 0.1185 ha torpaq sahəsində, 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən, 66.43 kv.m ümumi, 39.44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzildə qeydiyyatda olanların və yaşayanların istifadə hüquqlarına xitam verilərək ev satıldıqdan sonra bir ay ərzində evdən çıxarılması və həmin evin boşaldılması, hərrac yolu ilə satışdan əldə edilən pul məbləği təşkilata olan 20556.87 ABŞ dolları məbləğində kredit borcunun və iddia ərizəsi üçün 30 manat dövlət rüsumunun və əlavə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi üçün kifayət etmədikdə cavabdehin digər əmlakları hesabına ödənilməsi, ipotekaya qoyulmuş Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzilin ilkin satış qiymətinin 36000 (otuz altı min) manat müəyyən olunması və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2014-cü il tarixdə İddiaçı BOKT QSC-nin Mingəçevir fililalı ilə Cavabdeh1 arasında KAMin 114228/14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 filial tərəfindən 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə borclu tərəfindən 36 ay ərzində ödənilməli idi. Cavabdehin öhdəliyinin icrasının təmin edilməsi üçün xx.xx.2014-cü il tarixdə KAMin 114228/14 saylı ipoteka (girov) müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzil üzrə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditinin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tam təmin etməmişdir. Ona dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq yenə də öhdəliyin icrasından yayınmış və hal-hazıradək olan borcunu ödəməmişdir. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı BOKT QSC-yə zərər vurulmuşdur. Cavabdeh1 xx.xx.2018-ci il tarixə İddiaçı BOKT MMC-yə olan borcu 13108.19 ABŞ dolları əsas, 6641.83 ABŞ dolları faiz, 30431.34 ABŞ dolları cərimə olmaqla, cəmi 50181.36 ABŞ dolları təşkil edir. Beləliklə, borcun təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh2 məxsus olan əmlak açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Eyni zamanda, ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, qeydiyyatda olanlar və orada yaşayanlar yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, həmin ev boşaldılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və göstərmişdir ki, ona 25000 ABŞ dolları əvəzinə Texniki Bankdan 19500 manat milli pul vermişlər. İddiada göstərilən xx.xx.2014-cü il tarixdə İddiaçı BOKT QSC-nin Mingəçevir fililalı ilə onun arasında bağlanmış KAMin 114228/14 nömrəli kredit müqaviləsinə əsasən ona filial tərəfindən 25000 ABŞ dolları məbləğində kredit verilməsi əsassızdır. Krediti 36 ay ərzində ödəməyə ona imza etdirmişlər. Əgər pulu ödəməsə, cavabdehin öhdəliyinin icrasının təmin edilməsi üçün xx.xx.2014-cü il tarixdə KAMin 114228/14 saylı ipoteka (girov) müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzil üzrə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İqtisadi çətinlik olduğundan işi dayandırılmışdır. Aylıq kurs 0,78 ilə ödəniləndə ona Texniki Bankdan 25000 ABŞ dolları əvəzinə həmin bankın xəzinədarı rəsmi sənədə qol çəkdirəndən sonra 19500 manat milli pul vermişdir. O, xx.xx.2016-cı il tarixə kimi müəyyən edilmiş cədvəl üzrə bütün ödənişləri həyata keçirmişdir. Bu vaxta qədər o, banka 26500 manat pul ödəmişdir. Bugünkü günə bank ondan əlavə olaraq 50181.36 ABŞ dolları tələb edir. Belə çıxır ki, o, 19500 manat əvəzinə banka 116000 manat pul ödəməlidir. O, göstərilən məbləği ödəyə bilmir, onun heç bir imkanı yoxdur. Bank isə onun çətin vəziyyətindən istifadə edərək onun və ailəsinin yaşadığı mənzili əllərindən almaq istəyir. O, Ağdam köçkünüdür, hal-hazırda heç bir yerdə işləmir, təqaüd almır, himayəsində 10 nəfər ailə üzvü var. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclası zamanı vəsatət təqdim edərək göstərdi ki, 2(051)-8/2023 saylı mülki iş üzrə cavabdehlərin uşaqları, ipotekaya qoyulmuş mənzildə qeydiyyatda olan və yaşayan şəxslər Əmirov Anar Vəkil oğlu, Əmirov Rəşad Vəkil oğlu, X3 və X4 İddiaçı BOKT MMC-yə qarşı Mingəçevir şəhəri, F.Əzimov küçəsi, 33 saylı evin, 1 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2014-cü il tarixli KAMin 114228/14 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilədən doğan hüquqi nəticələrin ləğv olunması barədə iddia tələbi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər. 2(005)-3142/2023 saylı mülki iş hakim Solmaz Ədilovanın icraatındadır. Hesab edir ki, həmin mülki iş üzrə iddia tələbinə baxılıb hüquqi qiymət verilməmiş, hazırkı 2(051)-8/2023 saylı mülki işə baxılması mümkünsüzdür. Ona görə də iş üzrə izahat verilməsi, prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, məhkəmədən hazırkı mülki işlə birbaşa əlaqəli olan, həmin mülki işə baxılıb qurtaranadək 2(051)-8/2023 saylı mülki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin 2(051)-8/2023 saylı mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, həmçinin Cavabdeh1 iddiaçı təşkilatdan kredit məbləğini un və ərzaq mallarının alışı məqsədilə, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar götürməsinə münasibətdə qeyd edir ki, digər Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına, iddia 07.02018-ci il tarixdə verildiyinə görə iddia ərizəsi MPM-in həmin vaxt qüvvədə olan 30-cu maddəsinin tələbinə uyğun olaraq icraata qəbul edilmişdir. Belə olan halda mülki işə mahiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Azərbaycan Respublikası MPM–in 31.2–ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, cavabdehin etiraz ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında bağlanmış KAMin 114228/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə un və ərzaq mallarının alışı məqsədilə 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan KAMin 114228/14 nömrəli xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzil xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin likvid bazar dəyəri tərəflərin qarşılıqlı razılaşmasına əsasən 36.000 manat müəyyən edilmişdir. İşdə olan 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli razılaşmadan görünür ki, verilmiş kreditin əsas məbləğinin və ondan istifadə edilməsinə görə hesablanmış faizlərin ödənilməsi cədvəlində 19 aprel 2016-cı il tarixdən başlayaraq ödənişlər yeni ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilməsi göstərilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli razılaşmadan görünür ki, bu Sazişin predmetini ipoteka saxlayanla borc alan arasında bağlanmış 19 mart 2014-cü il tarixli KAMin 114228/14 nömrəli kredit müqaviləsinin 1 saylı Əlavəsi ilə həmin müqaviləyə verilmiş kreditin əsas məbləğinin və ondan istifadə edilməsinə görə hesablanmış faizlərin ödənilməsinə dəyişiklik barədə 19 aprel 2016-cı il tarixli 01 №-li Əlavə razılaşma bağlanmaqla faiz dərəcəsinin 23%-dən 0%-ə endirilməsi və kreditləşmə müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması ilə bağlı edilmiş dəyişikliklərin ipoteka müqaviləsində əks etdirilməsi təşkil edir. İşdə olan xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixədək KAMin 114228/14 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan əsas kredit borcu 13108.19 ABŞ dolları, faiz borcu 6641.83 ABŞ dolları, cərimə 30431.34 ABŞ dolları olmaqla, cəmi borcu 50181.36 ABŞ dolları təşkil edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-997/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı BOKT QSC-yə qarşı devalvasiya ilə əlaqədar olaraq müqavilə şərtlərinə yenidən baxılması tələbinə dair iddiası təmin edilməsi, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı BOKT QSCnin Mingəçevir filialı arasında bağlanmış 19 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən dollarla ödənilən kredit borcunun qalıq hissəsi iddiaçının banka müraciət etdiyi vaxtdan, yəni 04 dekabr 2015-ci il tarixdən 1,05 manatla ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-802/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı BOKT QSC-nin apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-997/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-516/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı BOKT MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməmişdir. İşdə olan SəbailMəhkəməsinin hakimi İlkin Rüstəmli tərəfindən xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış e-2(009)516/2022 nömrəli məktubdan görünür ki, Səbail rayon Məhkəməsinin e-2(009)-516/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətlərin təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmış və xx.xx.2023-cü il tarixdən qanuni qüvvəyə minmişdirş. İşdə olan Seriya MH ******* saylı, xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-05101-093004 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-05101-093004 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeyd edilmiş ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında bağlanmış KAMin 114228/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı BOKT QSC–nin Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Mingəçevir şəhəri MKTK 3 saylı MİS tərəfindən verilmiş 901 nömrəli xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən xüsusi mənzil Cavabdeh2 məxsusdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24216 nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və xx.xx.2014-cü il tarixli KAMin 114228/14 saylı kredit müqaviləsinin şərtlərini nəzərə alaraq X1 İddiaçı BOKT QSC–nə əsas borc üzrə 13169.74 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları borcu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31134 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli KAMin 114228/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 01 iyun 2018-ci il tarixinə (iddia üzrə tarixə) İddiaçı BOKT MMC–yə əsas borc üzrə 13108.19 ABŞ dolları, faiz borcu üzrə 6130.26 ABŞ dolları, cəmi 19238.45 ABŞ dolları borcu müəyyən edilmişdir. Qeyd edilmişdir ki, 19 mart 2014-cü il tarixli KAMin 114228/14 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən, Cavabdeh1 cərimə borcu hesablanmamışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəmənin xx.xx.2021–ci il tarixli qərardadı ilə təyin edilmiş Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 28 nömrəli hesabatından görünür ki, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 38.000 manat, likvid dəyəri isə 36.000 manat təşkil edir. Məhkəmə təyin edilmiş 24216 nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, həmin ekspert rəyi tam və əsaslandırılmış olmadığından mötəbər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2dır. Lakin rəydə X2 adlı şəxs göstərilmişdir. Həmin şəxs isə iş tərəf olmamışdır. Ona görə də məhkəmə 24216 nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə razılaşmayaraq, təkrar ekspertiza təyin etmişdir. Belə olan halda, 24216 nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyinə münasibətdə əsaslıdır. Odur ki, məhkəmə işin qanuni həll edilməsi zamanı 31134 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut növü kimi qəbul edir və nəzərə alır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.2014-cü il tarixdə İddiaçı BOKT QSC-nin Mingəçevir fililalı ilə Cavabdeh1 arasında KAMin 114228/14 nömrəli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1 filial tərəfindən 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin öhdəliyinin icrasının təmin edilməsi üçün xx.xx.2014-cü il tarixdə KAMin 114228/14 saylı ipoteka (girov) müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə ipoteka qoyan Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzil üzrə sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditinin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tam təmin etməmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixə İddiaçı BOKT MMC-yə olan 13108.19 ABŞ dolları əsas, 6641.83 ABŞ dolları faiz borcu yaranmışdır. İddiaçı təşkilat tərəfindən cavabdehin əsas borcuna 30431.34 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Ona görə də iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş, likvid dəyəri isə 36.000 manat olan, Cavabdeh2 mülkiyyətində olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə təyin edilmiş 31134 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, həmin ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut növü kimi qəbul ediləndir və həmin rəylə Cavabdeh1 iddiaçıya 01 iyun 2018-ci il tarixinə (iddia üzrə tarixə) əsas borc üzrə 13108.19 ABŞ dolları, faiz borcu üzrə 6130.26 ABŞ dolları, cəmi 19238.45 ABŞ dolları borcu olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə, işdə olan və məhkəmə iclasında tədqiq edilib sübut növü kimi qəbul edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31134 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13108.19 ABŞ dolları əsas, 6130.26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19238.45 ABŞ dolları pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli KAMin 114228/14 saylı kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin Cavabdeh1 iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi Cavabdeh2 tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasını 90 təqvim günü və daha çox müddətə gecikdirdikdə, həmçinin ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərti baş verdikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış KAMin 114228/14 nömrəli xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyətində olan Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzil xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında notariusda bağlanmış müqaviləyə söykənir və qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş əmlak satıldıqdan sonra qeydiyyatda olanların və yaşayanların həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3–cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 0206.2023-cü il tarixli qəradadına əsasən Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır Azərbaycan Respublikası MM–nin 228.4–cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC-nin Cavabdeh1 qarşı əmələ gəlmiş borc tələbi ipoteka qoyana məxsus ipoteka predmetinə yönəldilməli və açıq hərracdan satıldıqdan bir ay sonra həmin mənzil boşaldılmalıdır. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, KAMin 114228/14 nömrəli xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin likvid dəyəri tərəflərin qarşılıqlı razılaşmasına əsasən 36.000 manat müəyyən edilmişdir. Bundan başqa, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 28 nömrəli hesabatı ilə ipoteka predmetinin bazar dəyəri 38.000 manat, likvid dəyəri isə 36.000 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 36000 manat dəyərində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Məhkəmə yekun olaraq iddia tələbinin satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehin digər əmlakları hesabına ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, ilk növbədə cavabdehin başqa əmlakının olub-olmaması iş materialları ilə müəyyən edilməmiş, həmçinin tələbin cavabdehin digər əmlakları hesabına ödənilməsi tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, xx.xx.2014-cü il tarixli KAMin 114228/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 13108.19 ABŞ dolları əsas kredit borcu, 6130.26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19238.45 ABŞ dolları pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçıya verilməlidir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumları cavabdehlərdən alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–mühasibatlıq ekspertizalarızamanı aparılmış tədqiqatların dəyəri olan 345 manat məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış KAMin 114228/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.108,19 (on üç min bir yüz səkkiz ABŞ dolları on doqquz sent) ABŞ dolları əsas kredit borcu, 6130,26 (altı min bir yüz otuz ABŞ dolları iyirmi altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 19238.45 (on doqquz min iki yüz otuz səkkiz ABŞ dolları qırx beş sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə Cavabdeh1 alınıb İddiaçı BOKT MMC-yə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının əvəzi olan 30 (otuz) manat xidmət haqqı alınıb İddiaçı BOKT MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçı BOKT MMC-yə verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 345 (üç yüz qırx beş) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Tələb, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-05101-093004 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhəri, Fazil Əzimov küçəsində istifdədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 33 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişinin, 1-ci mərtəbəsində, 66.43 kv.m ümumi, 39.44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 1 nömrəli mənzilə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 36000 (otuz altı min) manat məbləğində müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 19238.45 (on doqquz min iki yüz otuz səkkiz ABŞ dolları qırx beş sent) ABŞ dolları məbləğində pul, 30 (otuz) manat xidmət haqqı, dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçı BOKT MMC-yə verilsi, ekspertiza tədqiqatlarının dəyəri olan 345 (üç yüz qırx beş) manat məhkəmə xərci isə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İpoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılsın. Əmlakın satışından əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 tutulsun, satışından əldə edilən pul vəsaiti artıq olduqda, qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-8/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-8/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver