Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-806/2022 17.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 05.10.2008-ci il tarixdə doğulmuş X2 və 30.08.2010-cu il tarixdə doğulmuş X3 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 11.08.2020–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 05.10.2008-ci il tarixdə Nəzrin və 30.08.2010-cu il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 11.08.2020–ci il tarixli qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Lakin uşaqlar böyüdükcə, onların tələbatları da artmışdır. Maddi imkanı zəif olduğu üçün uşaqların digər ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və məhkəməyə təqdim etdiyi 12.04.2022-ci il tarixli etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah 15.02.2017-ci il taixdə məhkəmə qaydasında pozulmuşdur. Həmin nikahdan 05.10.2008-ci il tarixdə Nəzrin və 30.08.2010cu il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Nikah pozulandan sonra onun tərəfindən uşaqlarının saxlanması üçün əlindən gələn bütün köməkliklər göstərilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 11.08.2020-ci il tarixli 2(051)-982/2020 saylı qətnaməsi ilə uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər biri üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. Təyin olunmuş alimenti bacardığı qədər vaxtında ödəyir. Hesab edir ki, onun tərəfindən ödənilən 240 (iki yüz qırx) manat məbləğində aliment hazırkıvaxt üçün uşaqların saxlanması üçün kifayət qədər yetərli məbləğdir. Onun özünün də maddi imkanı da olmadığı üçün digər ehtiyacları ödəməkdə çətinlik çəkir. O, 20.10.2017-ci il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir anbarında sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 437 (dörd yüz otuz yeddi) manat təşkil edir. Onun yalnız uşaqlarının saxlanması üçün 240 (iki yüz qırx) manat alimenti ödəməyə imkanı çatır. Ona görə ki, aldığı əmək haqqından ona hər ay tutulmalardan sonra dolanışığı üçün cəmi 160 manat məbləğində pul qalır. İddiaçı ilə ailə həyatı faktiki pozulduqdan sonra 16 yanvar 2022-ci il tarixdə yenidən ailə həyatı da qurmuşdur. Aldığı əmək haqqı hesabı ilə iddiaçıya ödəyəcəyi 240 manat məbləğdən sonra 160 manatla bir ay ərzində həm özünü, həm də yeni ailə həyatı qurduğu şəxsi və gələcəkdə doğulacaq uşağını saxlamalıdır. Ailə Məcəlləsinin 75-ci maddəsində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Yəni bu deməkdir ki, hər iki valideyn uşaqlarının saxlanması üçün məsuliyyət daşıyır. Uşaqlar artıq böyüyüb, iddiaçı da işləyib əmək fəlaiyyəti ilə məşğul olur. Bununla belə, məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddiaçı uşaqların onunla görüşməsinə mane olur, o səbəbdən də uşaqlar da ona qarşı görüşə gəlməyə həvəs göstərmirlər. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə iddiaçının nümayəndəsi (vəkili) Vəkil 17.05.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 05.10.2008-ci ildə Nəzrin və 30.08.2010-cu ildə Nərmin adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 11.08.2020-ci il tarixli 2(051)-982/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 05.10.2008-ci il tarixdə doğulmuş X2 və 30.08.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 15.02.2017-ci il tarixli, 45 nömrə ilə qeydə alınmış nikahın pozulması haqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İşdə olan 19.01.2022-ci il tarixli 03 saylı arayışdan görünür ki, Cavabdeh 20.10.2017-ci il tarixdən "xxxx" MMC-nin Mingəçevir anbarında sürücü peşəsində işləyir, aylıq əmək haqqı 437 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından 05.10.2008-ci il tarixdə Nəzrin və 30.08.2010-cu il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Mingəçevir şəhər Məhkəməsinin 11.08.2020-ci il tarixli 2(051)-982/2020 saylı qətnaməsi ilə cavabdehdən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ödənilən cəmi 240 manat aliment məbləği uşaqların əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay üçün cavabdehdən cəmi 240 manat aliment müəyyən edilməsi, hazırda uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, tərəflərin birgə nikahında 05.10.2008-ci il tarixdə doğulmuş Nəzrin və 30.08.2010-cu il tarixdə doğulmuş Nərmin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 11.08.2020–ci il tarixli 2(051)-982/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-806/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-806/2022
17.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver