Məhkəmə qərarları › İş №2(051)-844/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-844/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-844/2024 13.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 15 avqust 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin məbləğini artıraraq onun xeyrinə hər ay 235 manat məbləğində sabit pulun tutulması və mediasiya prossesinə çəkdiyi 50 manat pulun yarısının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 1996-cı il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahlarından 12 oktyabr 1997-ci il tarixdə Əliyeva Nurcahan, 06 may 2004-cü il tarixdə Əliyeva Əminə və 15 avqust 2008-ci il tarixdə Əliyev Amin adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarındakı nikah 2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-4172/2017 saylı qətnaməsinə əsasən cavabdehdən uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 136 manat məbləğində alimentin ona verilməsi qət edilmişdir. Nəzərə çatdırır ki, Əliyeva Əminə Bakı Dövlət Universitetində hüquq fakültəsinin ödənişli əsaslarla təhsil alır illik 3600 manat ödəyir. Əliyeva Nurcahan halhazırda Türkiyə Respublikasında ödənişli əsaslarla təhsil alır. Əliyev Amin isə məktəbli olduğuna görə hal-hazırda hazırlıqlara gedir onun maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh bir dəfə də olsun uşağın heç bir maddi ehtiyaclarını ödəməkdə ona köməklik göstərməyib, özü işləsə də, qızları ödənişli əsaslarla təhsil aldıqları üçün aldığı əmək haqqının üzərinə bir o qədər əlavə borc alaraq onların təhsil haqqını ödəyir. Bu halda sual yaranır, o, yetkinlik yaşına çatmayan uşağı X1 artan maddi ehtiyaclarını hansı qaydada ödəməli buna onun maddi imkanı çatmır əlavə gəliri yoxdur. Cavabdeh bir ata kimi üzərinə düşən valideynlik vəzifəsini yerinə yetirməmiş uşaqlarına nə maddi, nə mənəvi dəstək göstərməmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Odur ki, məhkəmədən 15 avqust 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin məbləğini artıraraq onun xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prossesinə çəkdiyi 50 manat pulun yarısının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı etirazına uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 15 avqust 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat müəyyən olunması və mediasiya prosessinə çəkdiyi 50 manat pulun yarısının ondan alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin o, iddia tələbi ilə qəti olaraq razı deyil. Elə buna görə də iddia ərizəsinə etiraz edir. Bununla bağlı bildirir ki, o, heç bir yerdə işləmir. Eyni zamanda da təqaüd almır. Yalnız Yevlax rayonunun Əkşəm kəndində yaşayır və meyvə-tərəvəz əkib becərməklə özünü dolandırır. Digər tərəfdən isə “təzyiq” xəstələyindən əziyyət çəkir. Onun 59 yaşı var. Həmçinin özü hüquqşünasdır. Belə ki, uzun illər Rusiya Federasiyasında icra məmuru və miqrasiya idarəsində işləmişdir. Lakin 2013-cü ildə Azərbaycan Respublikasına gələndən bəri işsizdir. İddiaçı isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim işləyir və aylıq 2600 manat məbləğdə əmək haqqı alır. O hazırki vaxtadək Amin və digər uşaqlarına ödənilməli olan alimenti vaxtı-vaxtında ödəmiş və ödəyir. Hazırki vaxtadək onun heç bir aliment borcu yoxdur. Lakin iddiaçı hazırda ondan hər ay 235 manat məbləğdə aliment tələb edir. O həmin məbləği iddiaçıya ödəmək iqtidarında deyil. Bir daha bildirir ki, o, heç bir yerdə işləmir. Heç bir yerdən gəliri yoxdur. Eyni zamanda da pensiya da almır. Həmçinin “təzyiq” xəstəliyindən əziyyət çəkir. Bundan başqa iddiaçı iddia ərizəsində Əminə adlı qızının Bakı Dövlət Universitetində oxuduğunu və 3600 manat illik təhsil haqqı ödədiyini, həmçinin Nurcahan adlı qızının Türkiyə Respublikasında ödənişli əsaslarla oxuduğunu qeyd etmişdir. Bununla bağlı bildirir ki, Əminə adlı qızı Mingəçevir Şəhər Məhkəməsində işləyir və 450 manatdan artıq əmək haqqı alır. Nurcahan adlı qızı isə Türkiyə Respublikasında həm oxuyur, həm də işləyir. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-225/2019 saylı qətnaməsinə əsasən Amin və Əminə adlı uşaqları ilə görüş vaxtının müəyyən olunmasına baxmayaraq, o, Amin adlı uşağı ilə görüşə bilmir. Əminə adlı uşağı isə artıq yetkinlik yaşına çatmışdır. Bundan başqa Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamının yaşamaq hüuqu vardır. Onun da yaşamaq hüququ var və yaşayış minimumu ona münasibətdə 287 manatdır. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən aliment kəsildikdən sonra uşaqlarının anaları İddiaçı yanında qalmışdır. Eyni zamanda da qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Lakin hazırki vaxtadək iddiaçı və onun ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Belə bir dəyişiklik olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Əksinə iddiaçının əmək haqqının məbləği artırılmış, onun maddi vəziyyətində isə heç bir dəyişiklik olmamışdır. Hesab edir ki, belə olan halda alimentin miqdarının artırılması üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmədən İddiaçı ona qarşı “Alimentin artırılması” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə ərizə göndərərək, işi ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməyəcəkdir. İddiasını müdafiə etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının ərizəsi və cavabdehin izahatı ilə müəyyən olunmuşdur ki, hazırda da yetkinlik yaşına çatmayan X2 iddiaçının himayəsindədir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2008-ci ildə Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuşdur. İşə əlavə olunmuş AZ-İ seriyalı, 263039 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Nəticədə qadına Abdulova soyadı verilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tutulan alimentin məbləği artırılaraq xx.xx.2004-cü il təvəllüdlü Əminə və xx.xx.2008-ci il təvəllüdlü Amin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 136 manat, cəmi 272 manat müəyyən edilmiş və hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflərin razılıq verməməsi səbəbindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməmişdir. İşə əlavə olunmuş xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, Cavabdeh şəkər xəstəliyindən əziyyət çəkir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh işsizdir. İşə əlavə olunmuş AZE MİS-dən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də təcili yardım həkimi kimi çalışır və 384 manat əmək haqqı alır. Həmçinin o, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsində təcili yardım həkimi kimi çalışır və 1326 manat əmək haqqı alır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, aliment kəsildikdən sonra birgə nikahdan doğulmuş Amin adlı uşaq anası İddiaçı yanında qalmışdır. 11 oktyabr 2017-ci il tarixdə çıxarılmış qətnaməyə əsasən Cavabdeh tutulan alimentin məbləği artırılaraq xx.xx.2004-cü il təvəllüdlü Əminə və xx.xx.2008-ci il təvəllüdlü Amin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 136 manat, cəmi 272 manat müəyyən edilmiş və hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdeh tərəfin ailə və ya maddi vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır. Əksinə, iddiaçının iki yerdə iş yerinin olması və həmin iş yerlərindən müvafiq olaraq 384 manat və 1326 manat məbləğlərində gəliri əldə etməsi müəyyən olunmuşdur. Bununla belə iddiaçı tərəf cavabdehin əmlakının və gəlirlərinin artmasına dair heç bir sübut təqdim etməmiş, cavabdeh tərəf isə işsiz və şəkər xəstəsi olmasını bildirməklə iddianı qəbul etməmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslr yoxdur. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva emir. Həmin maddənin tələbinə görə iddiaçının tələbinin əsaslı olması üçün cavabdehin ailə və ya maddi vəziyyətində müsbət doğru dəyişiklik olduğu halda, məhkəmə tərəflərdən alimentin müəyyən olunmuş miqdarını iddiaçının xeyrinə dəyişə bilər. İşin müəyyən olunmuş hallarından isə qətnamə çıxarıldıqdan sonra cavabdehin maddi vəziyyətində müsbətə doğru dəyişikliyin olmaması görünür. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbində qanunda nəzərdə tutulmuş əsasların nə məcmu halında, nə də ayrı-ayrılıqda mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsinə və alimentin artırılmasına heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı aliment artırılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar