Məhkəmə qərarları › İş №2(051)-849/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-849/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-849/2023 14.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X5 Cavabdeh qarşı müqavilələr üzrə yaranmış pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 1000 (bir min) manat, 18 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsi üzrə 5000 (beş min) manat, cəmi 6000 (altı min) manat pulun vəkil xidməti üçün ödənilmiş 311 manat və ödənilmiş 85 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, X1 firmasında işlədiyi vaxtlarda Bravo marketdə tanış olduğu və həmin Bravo marketdə işləyən Cavabdeh Cəbi oğlu ilə münasibəti yaranmış sonradan Cavabdeh milli orduda işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra Cavabdeh sənədlərin surətini və 6000 manat pul vermişdir. Əvvəlcə Cavabdeh 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 32 saylı Notariat Kontorunda arasında kredit müqaviləsi bağlanmaqla 1000 manat, sonra 18 noyabr 2021ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Kontorunda arasında kredit müqaviləsi bağlanmaqla 5000 manat pul vermişdir. O, pulları işə düzəlmək adı ilə vermişdir. Cavabdeha pul verilməsi sübut olunsun deyə notariusda müqavilə bağlanmışdır. Cavabdeh ümumilikdə aldığı 6000 manat müqabilində onu milli orduya gizir rütbəsinə işə düzəldəciyini vəd etmişdir. O, pulları Cavabdeh verərkən tək olmuşdur. Bir müddət keçməsinə baxmayaraq Cavabdeh onu işə düzəltməmiş və verilən pulları geri qaytarmamışdır. O, dəfələrlə onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmış telefonla danışmış pulları istəmiş lakin Cavabdeh pulları ona qaytarmamışdır. Nəhayət hüquqi yardım göstərilən X5 aldandığını bilmiş Cavabdeh tərəfindən dələduzluq yolu ilə onun əmlakının ələ keçirildiyinə əmin olmuşdur. O, Cavabdeh səs yazılarının qeydiyyata almış diskə köçürmüşdür. Vatsap yazışmaları ilə birlikdə iş materiallarına əlavə etmişdir. O, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş lakin 05 aprel 2022ci il tarixdə Nəsimi RPİ İstintaq Şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsinə səbəb onun Cavabdeh ilə aralarında kredit müqaviləsinin bağlanması səbəb olmuşdur. Arzu Baxşıyeva həmin qərardan şikayət vermiş qərar ləğv olunmuş yenidən araşdırma aparılsa da 19 sentyabr 2022-ci il tarixdə ikinci dəfə fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərarlar qəbul edilərkən tərəflər arasında mübahisə mülki xarakterli münasibətlərdən irəli gəldiyi tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Bu günə kimi Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq 6000 manat pulu iddiaçıya qaytarmamışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, lakin cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, uzun müddətdir ki, X3 tanıyır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. İddiaçı ilə öz aralarında müqavilə bağlasalar da sözü gedən müqavilə etibarsızdır. Çünki həmin müqavilə pərdələnmiş əqddir və aralarında heç bir pul öhdəliyi olmamışdır. Notarial qaydada bağlanmış müqavilələrdə tərəflər arasında olan pulla depozit hesabına qoyulmalı və daha sonra qarşı tərəf tərəfindən götürülməlidir. Lakin o, bankın depozit hesabından heç bir pul götürməmişdir. Bu cür müqavilə əvvəldən düşünülmüş olmuş və uydurma əqiddir. X5 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr etibarsızdır və ləğv edilməlidir. Bu müqavilə hüquqları pozmaqla bağlanılmışdır. Hər iki müqavilənin bir birinə yaxın müddətlərdə bağlanılması həmin müqavilələrin başqa bir razılaşmadan irəli gəlməsinə səbəb olmuşdur. Odur ki, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X5 borc alan Cavabdeh 5000 manat məbləğində borc pul verməyi və borc alan krediti xx.xx.2022-ci il tarixədək borc alana qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X5 borc alan Cavabdeh 1000 manat məbləğində borc pul verməyi və borc alan isə həmin borcu xx.xx.2022-ci il tarixədək borc alana qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlayaraq iddiaçıdan hər iki kredit müqaviləsi üzrə 5000 və 1000 manat olmaqla cəmi 6000 manat məbləğində borc pul almışdır. Sonradan borcun ödənilməsindən yayınaraq iddiaçıya olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin 6000 manat məbləğində borcunun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan kredit müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə müəyyən pul məbləğini vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin borcu ödəməmişdir. Buna görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehə kredit müqaviləsi əsasında 6000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və borcu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, iddia təmin edilməli, 6000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının sübut olaraq təqdim etdiyi “Whatsapp” yazışmalarında cavabdehin iddiaçıya 6000 manat məbləğində borclu olması barədə tərəflərin arasında olan yazışmalarla borc etiraf edilsə də hansı məbləğdə etiraf edilməsi müəyyən olunmur. Ödənilmiş 85 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Bununla yanaşı məhkəmə, həmçinin iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 311 manat məbləğində qonararın cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən Vəkil1 311 manat pul ödənilmişdir. Belə ki, vəkil xidməti üçün ödənilmiş 311 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və vəkilə hüquqi xidmət üçün ödənilmiş 311 (üç yüz on bir) manat alınıb iddiaçı X4 verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat məbləğində pul alınıb iddiaçı X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar